Putin, İlham Əliyev və Paşinyan mətbuata bəyanatla çıxış edib

  • 11 yan 2021, 20:33
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri mətbuata bəyanatla çıxış ediblər.
APA-nın məlumatına görə, V. Putin bugünkü görüşü istisnasız olaraq vacib və faydalı hesab etdiyini bildirib. O, İlham Əliyev və Nikol Paşinyanla danışıqların yekununda regionun inkişafına dair birgə bəyanatın imzalandığını söyləyib.
V. Putin birgə bəyanatda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafının nəzərdə tutulduğunu vurğulayıb: “Bu məqsədlə üç ölkənin baş nazir müavinlərinin başçılıq edəcəyi işçi qrup yaradılacaq. Yaxın vaxtlarda həmin işçi qrup regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı ilə bağlı konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmalarının reallaşması Azərbaycan və erməni xalqlarının xeyrinə olacaq. Heç şübhəsiz bütün regionun xeyrinə olacaq, bu isə Rusiya Federasiyasının maraqlarına uyğundur”.
Rusiya Prezidenti noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtlərinə ümumilikdə riayət olunduğunu, ciddi insidentlərin baş vermədiyini söyləyib. O, Qarabağda Rusiya sülhməramlı kontingentinin ümumilikdə hər iki tərəf qarşısında öhdəliklərini yerinə yetirdiyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, regionun bundan sonrakı dayanıqlı, təhlükəsiz inkişafının təmin olunması üçün bugünkü görüş çox vacib idi:
“Atəşin dayandırılmasından iki ay keçib. Noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin Moskvada toplanması onu göstərir ki, biz nəticəyə köklənmişik. Bu gün imzalanan bəyanat da bizim niyyətlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair Bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyasının açılmasını nəzərdə tutur. Bu elə sahədir ki, regionun inkişafına böyük dinamizm verə bilər və təhlükəsizliyi möhkəmləndirər. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşuların maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasına və regionda nəqliyyat arteriyası şəbəkələrinin qurulmasına aktiv qoşulacaqlar.
Biz bundan sonra da tez effekt verə biləcək və nəticələrə hədəflənmiş fəaliyyət sahələrini müəyyənləşdirməyə cəhd etməliyik.
Ümumilikdə, demək istərdim ki, 9-10 noyabr tarixli Bəyanat uğurla icra olunur. Bəyanatın bəndlərinin böyük hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı qüvvələri öz işini effektiv yerinə yetirir. İki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmayıb.
Bu, əminlik yaradır ki, Vladimir Vladimiroviç Putinin də bir dəfə də dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi arxada qalıb və biz gələcək, qonşuluqda necə birgə yaşayacağımız, nəqliyyat arteriyalarının necə açılması və regional stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında düşünməliyik. Hesab edirəm ki, görüş çox faydalı və məhsuldar oldu”.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqları davam etdirməyə hazırdır: “Təəssüflər olsun ki, hərbi əsirlərlə bağlı məsələni həll etməyə nail olmadıq. Bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, humanitar məsələdir. Razılaşdıq ki, bu istiqamətdə işi davam etdirəcəyik. Bu gün imzalanan bəyanat həqiqətən çox vacibdir. Bu bəyanatın icra olunması bizim regionun iqtisadi simasını və obrazını dəyişə, iqtisadi yenilik və daha etibarlı təhlükəsizliyə zəmanət verə bilər. Biz bu istiqamətdə konstruktiv işə hazırıq. Lakin bir görüşlə bütün məsələləri həll etmək olmaz”.
Oxşar xəbərlər