Mehriban Əliyevadan sərt bəyanat: "İşğalçı torpaqlarımızdan çıxmalıdır"
Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.
Bunu Birinci vitse-prezident Mehriban Əliyeva aprel döyüşləri
zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə
deyib:
"Mən çıxışımda qeyd etdim ki, bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə,
Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir. Bunu biz nazirlərin
çıxışlarında da eşitdik. Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması
Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur. Biz hamımız çox yaxşı
bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız
inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad
olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə
qayıdacaqlar.
Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir.
Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər
birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə
çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd
edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin.
Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə
qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən
hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır.
Bir daha demək istəyirəm ki, siz həmin günlərdə əsl qəhrəmanlıq göstərmisiniz.
Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə, hərbi qələbə idi. Bu qələbə
sayəsində torpaqlarımızın bir hissəsi azad olundu. İndi orada qəsəbələr
salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi qələbə ilə yanaşı, həm
də ümumxalq qələbəsidir. Çünki siz insanlara yeni bir nəfəs, yeni bir inam
verdiniz. Torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Yəni, inam yarandı
ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Çünki ədalət bərpa
olunmalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim heç bir
dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin
torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər,
doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər.
Bu hadisələrdən sonra mən şəhid əsgərlərimizin anaları ilə görüşdüm. Mən bir
daha o qadınların – anaların, xanımların, bacıların, ailə üzvlərinin qarşısında
baş əyirəm. Çünki onlar elə övladlar böyüdüblər ki, bütün xalq onların ismini
söyləyir, onlarla fəxr edir. Şəhid anaları ilə görüşlərdə mən bir daha gördüm
ki, belə qadınların yalnız belə oğulları ola bilər. Çünki onlar özləri də qəhrəman
anadırlar. Əlbəttə, ana üçün cavan övlad itirməkdən ağır dərd ola bilməz. Hətta
o ağır məqamda da deyirdilər: mən fəxr edirəm ki, oğlum Vətən yolunda ömrünü
qurban verib, şəhid olub.
Ona görə, mən bir daha demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı
və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət
bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Yenə
də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı
da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun.
Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız və yalnız münaqişənin
və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı
qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.
Əziz qardaşlar, sizə bir daha dərin minnətdarlığımı və hörmətimi çatdırıram.
Nazir qeyd etdi ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edir. Bizim işçilərimiz
bu məsələləri tam nəzarət altında saxlayır.
Yəqin ki, sizdə də Heydər Əliyev Fondunun fəaliyyəti haqqında yetərli
informasiya var. Bir daha deyirəm ki, bizim Fondun işçiləri hər zaman sizə xidmət
etməyə, sizə yardım göstərməyə hazırdır. Müxtəlif hallarda, müxtəlif vəziyyətlərdə,
- həyatdır, hər şey ola bilər, - siz Fonda müraciət edə bilərsiniz. Mən sizə
söz verirəm ki, hər bir müraciətə baxılacaq və imkan dairəsində çalışacağıq ki,
sizə yardım edək.
Bir daha çox sağ olun. İndi mən sizi o biri zala dəvət edirəm. Mütəxəssislər orada
bizə yeni, müasir protezlər haqqında məlumat verəcəklər".
Demokratik.Az