İlham Əliyev İsmayıllıda olub

  • 10 avq 2016, 22:17

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna səfər edib.

 

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Ümummilli Liderin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.

Daha sonra Prezident İlham Əliyev "İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.

Diqqətə çatdırıldı ki, "İsmayıllı-1” su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.

Oxşar xəbərlər