Milli Məclis cəbhədə yaşananları müzakirə etdi

  • 06 apr 2016, 20:15
Milli Məclisin növbəti plenar iclası keçirilib. 

İclası açıq elan edən spiker Oqtay Əsədov son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirərək qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: "Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi". O qeyd edib ki, illər boyu Azərbaycan atəşkəsə sadiq olub.  Milli Məclis sədrinin sözlərinə görə, illər ərzində Azərbaycan əhalisini təşviş içərisində saxlayan yüksəkliklər alındı. "Ermənistan atəşkəsə razılaşmadı və bu istiqamətdə hücumlara davam etdi. Xarici İşlər Nazirliyinin açıqlaması yayıldı ki, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılandan sonra danışıqlara gedə bilərik".

Milli Məclis sədri vurğulayıb ki, Azərbaycan status-kvonun tanınmasına razı deyil.  "Dağlıq Qarabağın azad olunması istiqamətində hərəkət nəhayət ki, başlandı. Bu gün Minsk Qrupu toplanır, amma onlara da inam yoxdur. Azərbaycan ordusunun dəqiq əməliyyatına görə "çox sağ ol" deyirəm. Əsgərlərimiz igidlik göstərirlər. Şəhidlərimiz də var. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz sözlərini deyəcək".  

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

"Ölən əsgərlərə görə günahkar Sarkisyandır"

Parlamentin üzvləri də gündəliyin müzakirəsindən əvvəl cəbhədəki son durumla bağlı çıxış ediblər. Deputat Qüdrət Həsənquliyev Ermənistanda vahimə yarandığını diqqətə çatdırıb və bu vəziyyətdən istifadə etməyin vacibliyini vurğulayıb: "Ermənistan xalqına və dünya ictimaiyyətinə müraciət edək ki, gənclərin ölümünü istəmirik. Ermənilər başqa dövlətlərin əlində  alətə çevrilmiş Sarkisyan rejimindən xilas olmalıdırlar".  

Q.Həsənquliyev əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini bildirib və həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırıb.   

Spiker O.Əsədov isə bildirib ki, Ali Baş Komandan "erməni ölmək istəmirsə, bizim torpaqlardan çıxsın" deyib və bu səbəbdən, əlavə müraciətə ehtiyac yoxdur.  

Deputat Qənirə Paşayeva son günlər təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranan gərginlikdən, dünyadakı erməni lobbisinin təsirindən danışıb. O, Azərbaycanın xaricdəki diaspor təşkilatlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlı gəncləri fəal olmağa çağırıb. Deputat bildirib ki, dünya birliyinə obyektiv məlumatın çatdırılması, obyektiv qiymətin verilməsi məhz xaricdəki diaspor hərəkatından asılıdır. O həmçinin vurğulayıb ki, gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdır, çünki informasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Deputat Silahlı Qüvvələrə Yardım Fonduna maaşının bir qismini köçürəcəyini də deyib. 
Deputat Zahid Oruc bildirdi ki, 2 apreldən sonra Azərbaycanın həyatında Qarabağla bağlı yeni bir mərhələ başlayıb: "Ona görə də biz bu gün qələbələrə görə Azərbaycan ordusunu təbrik etməliyik. Bu gün Azərbaycan ordusu vahiddir, xalq Ali Baş Komandanın yanındadır. Bu gün Ermənistanda ölən əsgərlərə görə günahkar Sarkisyandır. Azərbaycan əsgərinin hərbi əməliyyatları sübut etdi ki, Qarabağda erməni əhalisi yaşamayıb, sadəcə 30 minlik erməni silahlı birləşmələri yerləşdirilib. Ermənistan təzədən bu prosesi Rusiyanın nəzarəti altına salmaq istəyir. Ancaq orada savaşan nə ABŞ, nə Rusiya, nə Türkiyədir. Qarabağda savaşan Azərbaycan ordusudur. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı, siyasətçisi, diplomatı müdafiə etməyi bacarmalıdır".

""Donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır"

Milli Məclisinin sədr müavini Bahar Muradova seçildiyi ərazi olan, hazırda döyüşlərin getdiyi Füzuli rayonundan qayıtdığını deyərək, bildirib ki, təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir: "İnsanlar öz işində-gücündədir. Onlar sosial şəbəkələrdə döyüş əməliyyatlarının nəticələri barədə yayılan qeyri-dəqiq məlumatlardan narahatdırlar. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır. Bizə tanış olmayan profillərdən yayılan məlumatlara inanmaq lazım deyil. Belə fikirlər var idi ki, guya müharibəni görməyənlər Qarabağda savaş başlayarsa, ona az maraq göstərəcəklər. Son günlər baş verənlər isə bu fikirləri alt-üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir".

Parlamentin birinci vitse-spiperi Ziyafət Əsgərov isə deyib ki, biz Ermənistanla heç vaxt imitasiya xatirinə danışıqlara getməyəcəyik, konkret olaraq, erməni silahlıları torpaqlarımızdan çıxmalıdır. O vurğulayıb ki, 1994-cü ildən indiyə qədər bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib, daim təxribatlarla Azərbaycanı təhdid edib: "Hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi faktları olub. Bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Son illər dəfələrlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar aparırdılar. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar, cəzasızlıq vəziyyətindən istifadə edirdilər. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in Minsk Qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədr əslində ermənilərə dayaqdırlar. Təəssüf ki, bu belədir, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır".

"Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq"

Z.Əsgərovun sözlərinə görə, düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü: "Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb. Xalqımız da ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif tamamilə sabun köpüyü kimi əriyib getdi. Bir daha sübut etdik ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil ordusu və silahı yoxdur. Onlar sadəcə, kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Baxacağıq, beynəlxalq təşkilatlar bundan sonra nə iş görəcəklər. Bunun üçün də ayrıca qiymətimiz olacaq. 10 milyona yaxın hər bir insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər bir kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə aparıldı. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm  ki, Minsk Qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb, qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq, bunu birdəfəlik bilsinlər".

"Səfərbərlik xidmətində könüllülər növbəyə dayanıb"

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr yaranıb.  O qeyd edib ki, yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrin sırasında döyüşməyə hazır olduğunu bəyan edir: "Artıq beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil və dondurulmur. Münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər. Onlara bir daha sübut olundu ki, uzun müddət  ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişə məqsədli şəkildə uzanırdı və Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin baş verənlərdə onlar bunun tam əskini gördülər. Azərbaycan gəncləri əlində bayrağımızı  tutub və hər biri döyüşə atılmağa hazırdır". 

 Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əhalisinin başını qatmağa çalışırdı ki, əgər bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər məsələyə qarışacaq. "Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvvəyə malik deyillər. Bu baxımdan bu məsələləri ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq". Digər deputatlar da çıxış edərək, məsələ ilə bağlı fikirlərini açıqlayıblar.