Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı (VİDEO - FOTO)

  • 30 mart 2016, 21:19

Sümüklərin 3-4 milyon il əvvələ aid olduğu güman edilir

 

Mingəçevirdə cənub filinə aid sümük qalıqları aşkarlanıb.

Mingəçevir ərazisində 3-4 milyon il bundan əvvəl yaşadığı güman edilən nəhəng heyvana məxsus sümüklər aşkarlanıb. Aşkarlanan tapıntılar burada hələ buzlaşma dövründən öncə həyatın olmasına işarədir. 

Mingəçevir Dövlət Rəsm Qalereyasının müdiri Böyükkişi Vəliyev cənub filinə aid sümük qalıqlarını aşkarlayıb. Mingəçevirin su anbarının kənar hissələrində axtarışlarını davam etdirən Böyükkişi Vəliyev 3 il ərzində eyni ərazidən filin diz sümüklərini, kürək sümüyünün böyük hissəsini, çənənin və dişlərinin bir neçə  fraqmentini, başın tam hissəsi, onurğa sütununun bir fəqərəsini tapıb. Uzun müddət suyun altında konservasiyaya məruz qalan bu tapıntılar sonradan sahilə çıxıb. Böyükkişi Vəliyev həmin qalıqların aid olduğu cənub filinin keçmişdə burada yaşadığını söyləyir.

Böyükkişi Vəliyev bildirir ki, 2015-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistitunun mütəxəssisləri tərəfindən bu tapıntı üzərində tədqiqat aparılıb. Araşdırmaların nəticəsi də göstərib ki, sümüklər 3-4 milyon il bundan əvvəl yaşayan və 1-1,5 ton çəkiyə malik olan nəhəng cənub filinə aiddir.  

Böyükkişi Vəliyev gələcəkdə bu istiqamətdə axtarışları davam etdirəcəyini və aşkarladığı bütün tapıntıları tarixi eksponat kimi  muzeyə təqdim edəcəyini bildirir. (Region TV)