Qiymət artımına qarşı Xaçmazda REYD - FOTOLAR

  • 17 yan 2016, 18:04

Yanvarın 17-də Xaçmaz şəhərində fəaliyyət göstərən ticarət obyektlərində, pərakəndə satış mağazalarında və bazarda reyd keçirilib.

 

Demokratik.Az AZƏRTAC-a istinadən xəbər verir ki, reyd Xaçmaz şəhəri üzrə istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımı cəhdlərinin qarşısının alınması üçün yaradılmış xüsusi komissiyanın üzvləri tərəfindən təşkil edilib.

 

Ticarət obyektlərində unun qiyməti ilə maraqlanan komissiya üzvləri 3-4 gün əvvəllə müqayisədə ucuzlaşmanın olduğunu müşahidə ediblər. Hazırda Xaçmazdakı pərakəndə satış məntəqələrində 50 kiloqramlıq unun bir kisəsi 23 manata satılır. Komissiya üzvləri alıcılarla söhbət aparıb, süni qiymət artımı ilə rastlaşdıqları təqdirdə dərhal komissiyaya müraciət etmələrini tövsiyə ediblər.

 

Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirilib ki, reyd zamanı komissiya üzvləri tərəfindən sahibkarlarla, həmçinin, satış üzrə digər məsul şəxslərlə ərzaq məhsullarının qiymətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici izahat işləri aparılıb. Vurğulanıb ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.

 

Reyd zamanı sahibkarların nəzərinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, süni qiymət artımı yaradanlara qarşı sərt cəza tədbirləri görüləcək. Hüquq mühafizə orqanlarının iştirakı ilə bu sahəyə tam nəzarət olunur.

 

Xaçmazda süni qiymət artımına qarşı reydlər mütəmadi davam etdiriləcək.

 

Qusarda da süni qiymət artımına qarşı fəaliyyət göstərən daimi komissiya yaradılıb. Bu barədə rayon icra hakimiyyətində devalvasiyadan sonra baş verən qiymət artımı, bununla əlaqədar əhali arasında yaranan narahatlıqla bağlı keçirilən yığıncaqda məlumat verilib.

AZƏRTAC xəbər verir ki, yığıncağa rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar dəvət olunub, geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov milli valyutanın devalvasiyası və bununla əlaqədar baş verən süni qiymət artımı halları haqqında danışıb, ölkə rəhbərliyinin, eləcə də rayon icra strukturlarının belə mənfi hallara qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında məlumat verib.

Süni qiymət artımına qarşı müvafiq tədbirlərin görülməsi üçün daimi komissiyanın yaradıldığını deyən icra başçısı qeyd edib ki, bu sahədə baş verən hadisələr icra orqanlarının diqqət mərkəzindədir.

Yığıncaqda son günlər bir sıra bölgələrdə baş verən mənfi hallar və birgə tədbirlərin davam etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Demokratik.Az Fotoları təqdim edir:

Oxşar xəbərlər