İcra başçısı Xaləddin İsgəndərovun istefası GÜNDƏMDƏ: “Bu, artıq mənəviyyat məsələsidir”
- 22 may 2015, 08:05
Bakının Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişdi.
İlkin ehtimallara görə bina keyfiyyətsiz və tez alışan materialla - poliuretanla üzləndiyinə görə yanıb.
Həmin binada keyfiyyətsiz üzlüklərlə fasadlama işləri aparmış "Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bu hadisəyə görə həbs edilənlərin sayının artacağı isə istisna edilmir. Çünki ölkə Prezidenti bütün günahkarların ciddi şəkildə cəzalandırılması barədə hüquq-mühafizə orqanlarına tapşırıq verib.
Bəs baş vermiş bu faciəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov nə qədər məsuliyyət daşıyır?
Adətən belə hadisələrdən sonra xarici ölkələrdə vəzifəli şəxslərin istefa verməsi barədə az xəbər oxumuruq.
Bəs Xaləddin İsgəndərov məhz məsuliyyət amilini nəzərə alıb, istefa verməlidirmi? Sosial şəbəkələrdə Xaləddin İsgəndərovu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verməyə dəvət edənlər, bununla bağlı çağırış səsləndirənlər az deyil.
Məsələyə münasibət bildirən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Modern.az saytına deyib ki, hadisədə kimin təqsirkar olub-olmamadığını həmin yanğın hadisəsi ilə bağlı yaradılmış Dövlət Komissiyası müəyyən edəcək.
"Ona qalsa, şəhərdəki bir çox binada həmin keyfiyyətsiz üzlüklər var. Onun hamısını Xaləddin İsgəndərov etməyib ki?!”,-deyə İqbal Ağazadə qeyd edib.
Deputat vurğulayıb ki, hadisə ilə bağlı aparılan istintaq obyektiv keçirilməlidir. "İstintaqın aparılmasından sonra ictimaiyyətə veriləcək məlumatlardan sonra onun obyektiv keçirilib-keçirilmədiyi bəlli olacaq. Hazırda isə kiminsə istefası ilə bağlı heç bir şey deyə bilmərəm. Çünki əlimdə heç bir fakt yoxdur”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə Modern.az-a bildirib ki, istefa vermək mədəniyyəti mənəviyyat məsələsidir. "Belə hadisə başqa ölkələrdə olsa, məsuliyyət daşıyan məmurlar dərhal istefa verməyi mənəvi borc hesab edərlər. Hadisədə kimin nə dərəcədə təqsirkar olduğunu isə istintaq müəyyən edəcək”.
Aqşin Kərimov