RAYONLARA GEDİŞ-GƏLİŞ AÇILDI VƏ...

  • 08 sen 2020, 02:22
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi yeni qərara əsasən bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Qərar bu gün saat 00:00-dan qüvvəyə minib.
Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən bu gündən ölkədə kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verilir.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, müvafiq karantin qaydalarına riayət olunmaqla və Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq ictimai iaşə obyektləri saat 00:00-a qədər daxildə xidmət göstərə bilərlər.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.
Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.
Oxşar xəbərlər