Xəbər lenti
Bütün xəbərlər

Məktəblərimizdə musiqi fənninin tədrisi hansı durumdadır? LAYİHƏ - Problemlər, təkliflər, nümunələr

  • 04 may 2020, 15:21
“Ens.Az” və “Demokratik.Az” xəbər saytları olaraq özəl əməkdaşlıq çərçivəsində birgə bir layihəyə start veririk. Azərbaycanda məktəblərində musiqi və onun şagirdlərə təbliğinin vəziyyəti, əməli nəticələri barədə jurnalist araşdırmalarına başlayırıq.


Əsas məqsədimiz ölkənin gələcəyinin əsas qarantı rolunda çıxış edən məktəb şagirdlərində musiqi duyumunun daha müasir və milli tələblər şəklində formalaşdırılmasına çağırışlar etmək, bu yöndə mövcud olan xoş nümunələri və nöqsanları ictimailəşdirmək, aidiyyatı qurumlara və mövzu ətrafında müzakirələrə qoşulmaq istəyən hər kəsə vacib informasiya dəstəyini göstərməkdir.
Öncədən bildirək ki, araşdırmalarımızın obyekti və subyekti musiqi məktəbləri və ali təhsil ocaqları deyil, əsasən orta ümumtəhsil məktəblərimizdə aşılanmalı olan ənənəvi və mövcud musiqi ovqatıdır.
Yazacağımız ilk məqaləmizə nikbin olan bircə faktla başlamaq olar. Belə ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərci təşkil edilmiş və orta  məktəblərimizdə şagirdlərə pulsuz paylanılan kitabların arasında musiqi dərslikləri, keyfiyyətli dərs vəsaitləri mövcuddur. Bunlar çox yaxşı və sevindirici haldır. Lakin, orta məktəblərimizdə musiqi fənninin tədrisi qaneedicidirmi? Və ya yeni tələblərlə çap edilmiş musiqi dərsliklərinin tətbiqində müəllimlərin bilik və bacarıq səviyyəsi, məktəblərdə nəğmənin vacibliyinə biganə münasibət ürəkaçandırmı? Bu suallara zamanla cavab tapmağa, dərdləri sağaltmağa, özəl reportajlar yayımlamağa çalışacağıq.
Təəssüflənərək bildirməliyik ki, müstəqillik illərindən bu yana ölkənin bütün şəhər və rayonlarında şagirdlərin estetik təlim-tərbiyəsində çox mühüm amillərdən və əslində tədrisin keyfiyyətinin artırılmasına yardımcı vasitələrdən biri olan musiqinin düzgün praktiki tətbiqinə rast gəlinmir.
Bu laqeydliyin bəlkə də Təhsil Nazirliyi səviyyəsində yürüdüyünü söyləmək istəməsək də, bircə faktı da diqqətinizə çatdıraq ki, Sovet dövründə  məktəblərdə musiqi fənninin keyfiyyətli tədrisi üçün xüsusi  kabinetlər var idi. Dövlət  müstəqilliyimizi qazandıqdan  sonra nədənsə o minimal münbit şərait də məqsədli şəkildə dağıdılıb və yerini heç bir milli şərait əvəz etməyib. Azərbaycan Respublikası Təhsil Nazirliyi isə indiyədək bircə dəfə də olsun düşünməyib ki, musiqi dərsləri adi siniflərdə yox, mütləq xüsusi musiqi kabinetlərində keçilməlidir və tələblərə uy]un müasir şərait qurulmalıdır.
Şagirdlərin musiqi anlayışının formalaşmasında ilkin olaraq milli musiqi alətlərimizlə də əyani tanışlıq faydalı olmazdımı? 
Danılmazdır ki, bu fənnin tədrisi elə ibtidai siniflərdən başlayaraq pozulur, əsas fənlərə üstünlük verilməklə bu estetik tərbiyə aləti kölgəyə salınır, şagirdlərin musiqi yolu ilə özünüifadə qabiliyyətləri məhdudlaşdırılır.
Ucqar rayonlarda, kənd məktəblərində isə ümumiyyətlə bu fənnin tədrisinin dəfn olunduğunu, musiqi fənninə ayrılan dərs və dərnək saatlarının qeyri-ixtisas fənn müəllimləri arasında bölünməklə kimlərinsə maddi qazancına çevrildiyini asanlıqla iddia edə bilərik.
İndiyədək bu barədə tənqidlər səsləndirən ziyalılarımızın da dediyi kimi, problemin getdikcə böyüməsinin səbəbi məktəblərdə pedoqoji təhsilli musiqi müəllimlərinin qıtlığı, səbatsızlıqları ilə də ciddi şəkildə bağlıdır. Digər yandan, fənn üzrə müəllimlərin lazımınca hazırlıqsızlıqları ciddi araşdırılmalı, bu istiqamətdə Bakı Müəllimləri ixtisaslaşdırma İnstitutu və Müəllimlər İnstitutu deyilən tədris ocaqlarının nə işə yaradığını ciddi təftiş etmək də lazımdır.
Bu durum əslində nəinki yolverilməz məsuliyyətsizlikdir, eləcə də cəmiyyətimizin intellektual gələcəyinə real təhdidlər doğura bilən, şagirdlərimizin cəmiyyətə daha yararlı vətəndaş olaraq hazırlanmasında neqativ amillərə yol açan tədris mexanizmidir.
Amma, bu deyimimlə razılaşmayan da tapıla bilər və iddia edərlər ki, Azərbaycan təhsil strategiyasını çökdürən o qədər dərdimiz var ikən, məktəbliyə musiqi tədrisinin önəmi barədə yox, tədris mühitindəki daha ciddi problemləri gündəmə gətirməliyik. Doğru da səslənə bilər, amma, unutmamalıyıq ki, məhz seçdiyimiz bu mövzunun gətirdiyi fəsadlar təhsilimizdə yaşanan ən ciddi problemlər qədər arzuedilməzdir. İnanırıq ki, dəyərli oxucumuz məqalənin ümumi fəlsəfəsindən nə demək istədiyimizi səmimiyyətlə anlayacaqdır.
Qədim yunanlara görə, musiqi Allahın töhfəsi, insan qəlbini fəth edən qeyri-adi qüvvə kimi qiymətləndirilirdisə, o həm də hər bir Adəm övladının doğuluşundan ortaya çıxan, onu bütün ömrü boyunca müşahidə edən mənəvi bir yükdür. Necə ki, Azərbaycan xalqı üçün musiqi duyumu Dədə Qorqudun qopuzu, türkün epos qəhrəmanı Koroğlunun sazı qədər tarixi köklərə bağlanır, eləcə də Qobustan qayalarında əcdadlarımızın döyəclədiyi qaval daşı ilə qədimdə yaranıb çağdaş dövrümüzə daşınan tütək, tar, qaval, kamança, zurna, ney, balaban və s. kimi musiqi alətlərilə milliləşir, muğamımızla çulğalanır, özünü və bizim kimliyimizi bütövləşdirir.    
Ana laylalarımızla ruhumuzu körpə ikən qoynuna alan, individual hisslərimizə getdikcə yön vermək gücündə olan musiqinin məktəblərdə şagirdlərə tədrisi əslində bizim jurnalist araşdırmalarımıza təkcə ona görə vacibat yükü daşımır ki, kütləvi musiqi tərbiyəsi məktəb illərindən başlayır. Və bu ilk rüşeyimləri məntiqi və nəticəvi tədris metodları ilə övladlarımıza ötürmək öhdəlikləri məktəblərimizin üzərinə düşür. Bizi bu mövzuya cəlb edən daha mühüm faktor həm də  o ki, musiqi nəzəri biliklərinin şagirdlərə ötürülməsindən daha ötə bir şeydir. Musiqi yazılı notlarla materialdırsa, o həm də şagirdlərimizdə ilk milli-ideoloji təbliğat vasitəsidir. Yəni, musiqinin düzgün tədrisi şagirdin vətənpərvərliyində, milli kimlik anlayışında renessansa yol açan bir açardır. 
Təsadüfi deyil ki, Azərbaycan məktəblərindən fərqli olaraq, dünyanın bütün inkişaf etmiş ölkələrinin təhsil ocaqlarında ilk dərslər dövlət himninin kütləvi oxunması ilə başlayır. Bundan başqa, müxtəlif vətənpərvər layihələr çərçivəsində fərdi ifacılıq və xor dərnəklərinin təşkili əcnəbi xalqların zəngin təhsil strategiyasının məcburi elementlərindən sayılır. Bununla da, məktəb mühiti əslində bilik öyrətdiyi azyaşlı şagirdlərinə musiqi yolu ilə şəxsiyyət – vətəndaş olmağın həzin hissini yaşadır. şagirdlərə öz vətənini, bayrağını və millətini daha kiçik yaşlarından sevməyi öyrədir.
Müşahidələr göstərir ki, istənilən xalqın həmrəyliyi hansısa milli musiqinin sədaları altında özünü təcəlli edir. Məsələn, sevə-sevə hər bir xalqın öz dövlət himnini oxuması və bu cür musiqi vəhdəti qədim incəsənət növlərindən biri olan XOR mədəniyyətində özünü göstərir.
Bayaq sadaladığımız kimi, insan mahiyyəti, insan təbiətinin özü musiqinin xor ifasında da insanların vokal istedadını izahedilməz dərəcədə dərin və təbii şəkildə əks etdirə bilir. Musiqi xor ifasının timsalında hissləri, xəyalları oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Musiqişünas filosofların da dediyi kimi, xor ifası - dünya musiqisinin zirvələrinə, şəxsiyyətin estetik təkmilləşməsinə, mənəviyyat yüksəkliklərinə çatmaq üçün zəngin imkan və etibarlı yoldur. Məktəb mühiti də məhz bu zəngin mənəvi yolun başlanğıcının, ilk təməllərinin özündə olmasını tam şərtləndirir. Sizcə də, axı niyə məktəblərimizdə heç olmazsa dövlət himnimizin hər gün şagirdlər tərəfindən xorla oxunması təmin olunmur, səbəb nədir ki, indiyədək bu praktika milli təhsilin strategiyasının bir buyuruğu kimi bizlərə tam gəlib çatmayıb ?!
Mövzumuzda xordan da söz düşmüşkən, Azərbaycanı musiqiləri ilə dünyaya tanıdan dahi Üzeyir Hacıbəylini və silahdaşı Müslüm Maqomayevi də yada sala bilərik. Diqqət etsək görərik ki, hər iki mütəfəkkirin də həyatı və fəaliyyətləri məhz millətimizin balalarına musiqi mədəniyyətini aşılamaqla keçmişdir. Milli xorumuzun və milli dövlət himnimizin də yaradıcıları məhz onlardır. Onlardan indiki nəsilə qalan musiqi mədəniyyətinə, dövlət himnimizin kütləvi oxunmasına, sevdirərək ahəngdarlığı ilə qorunmasına isə məktəbin elə birinci sinfindən başlamaq lazımdır.
Beləliklə, ölkəmizdə məktəb uşaqlarının xoşbəxt gələcəyinin təminatı üçün onların təhsil ocaqlarında dəyərlərə bağlılıqları, şagirdlərə təlim-tərbiyə çərçivəsində milli dövlətçilik və vətənpərvərlik ideyalarını qavramalarına dair musiqi kimi estetik vasitələrdən məqsədli və səmərəli istifadəni vacib sayırıq. Özü də bütün ölkə üzrə, ən ucqar kənd məktəbimizdə belə...
Xoşbəxtlikdən, mövzuya dair ilk yazımızı yekunlaşdırarkən, internet üzərindən apardığımız qısa araşdırma sonucunda bizim arzuladığımız və təşviq etməyə çalışdığımız bir neçə xoş nümunələrə də rast gəldik. Yenə də təəssüf ki, medianın da diqqətini çəkməyən və nəticədə ictimailəşdirilməyən bir neçə tədbir öz lokallığı ilə yaddaqalan olub. (bu barədə növbəti yazı təqdimatında)
Azərbaycan Respublikasının Təhsil Nazirliyini, eləcə də irad və təklifləri olan ayrı-ayrı şəxsləri mövzu ətrafında disskusiyaya və əməkdaşlığa dəvət edirik.
Hazırladı: Osman Nərimanoğlu
Özəl olaraq ENS.AZ və Demokratik.Az saytları üçün...
Oxşar xəbərlər