Dəmiryol xətlərini zəbt edən “Şanxay” problemi çözülür

  • 19 dek 2019, 09:19

Ekspertlər mühafizə zolağında tikintilərə icazə verən məmurların cəzalandırılmasını vacib sayır

Bakının ətrafında yerləşən, "Şanxay” adlandırılan qəsəbə ildən-ilə böyüyür. Dəmir yolu xətti boyunca kortəbii şəkildə tikilən evlər yarım əsrdən sonra şəhərin ən yoxsul və təhlükəli rayonlarından birinə çevrilib. Ərazidəki evlər dəmir yol xəttinin az qala üstünə qədər gəlib çıxır. Rəsmilər illərdir ki, "Şanxay”ın söküləcəyini, sakinlərin digər ərazilərə köçürüləcəyini desələr də, vəziyyət dəyişmir.

"Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sökülməli olmasın”. Bu sözləri "Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov hakim partiya qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir: "Məsələn, elektrik xətlərinin altında, dəmiryollarının ağzında ev tikmək doğru deyil. Bu, ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakıda ”Şanxay" adlandırılan ərazini götürək. O ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmiryollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə, bizim isanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma o bir misal var, "iştah diş altındadır”, fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn, 10 kvadratmetrlik ərazi üçün mənə 10 yox, 20 ver, ya da 20 yox, 50 min ver. Orada qeyri-qanuni olaraq yerləşən əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, həll edək. Bu məsələlərdən xəbərimiz var, məsələnin həll olunması istiqamətində layihələrin hazırlanması gözlənilir".

Bakının "Şanxay”ı şəhərin şərqində yerləşir.

Bu qəsəbə sıx şəkildə yerləşən 1 mərtəbəli gecəqondulardan ibarətdir. Qəsəbənin tən ortasından 2 dəmir yolu xətti keçir. Ən yaxın evlər yolun cəmi bir-iki addımlığındadır.

"Yeni Müsavat” zaman-zaman "Şanxay”ın həyat üçün təhlükəli bir ərazi olmasından bəhs edən reportajlar hazırlayıb. Həmin reportajlarda sakinlər özləri deyiblər ki, burada, qəsəbənin içindən keçən dəmir yol xətləri üzərində nə qədər uşaq həlak olub. Belə faciəvi hadisələrdən sonra sakinlər müxtəlif instansiyalara üz tutsalar da, baş verən hadisələrdə qeyri-qanuni ev tikən sakinlərin günahkar olduğu cavabını alıblar.

"Şanxay”ın ilk sakinləri müxtəlif ərazilərdən bura 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gəlməyə başlayıblar. Onlar sovet dövrü zamanı burada olan beton zavodunun işçiləri olub. Sonralar isə burada yeni-yeni evlər salınıb, qohumları gəlib, körpələr doğulub boya-başa çatıblar. Amma qatarların altında qalıb dünyasını dəyişən uzaqlar da az deyil. Ərazidəki dəmir yolu xəttindən uzaqda yerləşən evlərin mülk sənədləri var. Dəmir yoluna yaxın ərazilərdə isə təbii ki, heç bir sənəd yoxdur. Buna baxmayaraq, evlərə qaz, işıq, su xətti çəkilib. Hər şeyə sayğac quraşdırılıb və ailələr kommunal ödənişləri rahatlıqla edirlər.

Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir.

Nə etməli?

"Şanxay”da, dəmir yollarının mühafizə zolağında evlərin tikintisinə icazə verənlərin cəzalandırılması məsələdən çıxış yoludurmu?

"Bakı Hüquq Şirkəti”nin direktoru Natiq Ələsgərov deyir ki, Azərbaycanda mülklərin rəsmiləşdirilməsi ilə bağlı problem əsas 2 səbəbdən qaynaqlanır. Birinci səbəb rəsmiləşdirmə üçün tələb olunan sənədlərin tapılmamasıdır. 2-ci səbəb isə mülklərin dəmir yol xətlərinin mühafizə zolağında, neft mədənləri ərazisində, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında, yol kənarında və digər hər hansı tikinti işlərinin aparılması yasaqlanan yerlərdə olmasıdır.

Hüquqşünasın sözlərinə görə, daha böyük problem məhz 2-ci halda baş verir. Çünki bu tikililər qanunsuz hesab olunur: «Bu halda məsuliyyəti vətəndaş deyil, yasaqlanan yerlərdə tikinti işlərinin aparılmasına göz yuman adiyyəti qurumlar daşımalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov illərlə bu problemə reaksiya vermədi. Sanki həmin ərazi heç olmamış kimi davrandılar. İndi isə vəziyyət son həddə qədər gərgindir. Camaatın qanunsuz olduğunu bilə-bilə tikinti apardığı günlərdə bunun qarşısı alınmalı idi ki, bu gün həmin sakinlərin köçürülməsi problemi ortaya çıxmasın. İndi bütün yük dövlətin çiyinləri üzərindədir. Çünki orada yaşayanlar qaz, su, işıq, kanalizasiya və s kommunal xidmətlərə görə vəsait ödəyirlər. Əllərində bunu təsdiq edən sənədləri var. Dövlət həmin ərazidə yaşayanlara kompensasiya ödəyib təhlükəli ərazidən köçürməlidir".

İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, "Şanxay”da, dəmiryol xətlərinin mühafizə zolağında evlərin tikilməsi qanunsuzdur. Amma bu qanunsuzluğa göz yuman vəzifəli şəxslər var: "Bu çox böyük problemdir. 10 il, 20 il bir vətəndaş evində yaşayır, ev tikib amma bunu rəsmiləşdirə bilmir. Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılıb və sənəd hazırlanır. Yəqin ki, bu məsələ tezliklə, özü də nəinki Bakı üzrə, eləcə də bütün respublika üzrə öz həllini tapacaq. Qatar relslərinin bir addımlığında məskunlaşmaq insan həyatı üçün təhlükəlidir. Əmlak Məsələləri Dövlət Komitəsi hələ mart ayının 14-də məlumat yaymışdı ki, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Həmin açıqlamada qeyd olunurdu ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur. Yeni konsepsiya elə bir qaydada hazırlanmalıdır ki, bütün sənədsiz ev problemi olan vətəndaşları əhatə etsin. Yəni faktiki olaraq, sənədsiz evlərlə bağlı amnistiya olmalıdır. İndi dövlət qurumları əsas səbəb kimi onu göstərirlər ki, tikintilər qanunsuz ərazilərdə aparılıb. Artıq bundan sonra həmin ərazilərdə hər hansı tikintilərinin aparılması yasaqlanmalıdır. Amma indiyə kimi vətəndaşın min bir əziyyətlə tikdiyi evlərin mülkiyyət hüququ tanınmadııdır. Çünki ona kimsə göz yumub və vətəndaş da ev tikibsə, bu onun günahı deyil. Günahkar olan vəzifəli şəxslər müəyyən edilməli və cəzalandırılmalıdır. Ümumiyyətləb tikinti məsələləri sadələşdirilməlidir ki, vətəndaşın özünə ev tikmək istəyi hansısa məmurun kefindən asılı olmasın, sırf qanuna əsasən gerçəkləşin”.

İqtisadçı-ekspert deyir ki, "Şanxay” kimi ərazilərdə məskunlaşmaq sağlamlıq və təhlükəsizlik baxımından risklidir. Ona görə də oradakı vətəndaşlar dövlət hesabına başqa ərazilərə köçürülməlidir: "Vətəndaş hansı bir təhlükə olmayan ərazidə məskunlaşıbsa, o zaman həmin torpaqların təyinatı dəyişdirilə bilər. Onun fikrincə, yüz minlərlə insan dövlət qurumlarının buraxdığı nöqsanların qurbanıdır, onların hüquqları kütləvi şəkildə pozulub və dövlət də vətəndaşa ziyan dəymədən bu problemi həll etməlidir.

"Dünya Bankı”nın isə bir neçə il öncə sənədsiz evlərlə bağlı apardığı araşdırmaya görə, təkcə Bakıda 500 min sənədsiz tikili var. Araşdırmaya görə, bu mülklərin böyük əksəriyyəti 2004-cü ildən sonra tikilib. /musavat/

Oxşar xəbərlər