Xəbər lenti
Bütün xəbərlər

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - SƏBƏB

  • 05 okt 2019, 13:57


"Bu tədris ilində rezidenturada təhsil pullu olub. Ödəniş 4000 manatdır. Bundan əvvəl təhsil pulsuz idi. Bizə dedilər ki, dövlətin bizim təhsilin pulunu ödəməyə imkanı yoxdur, gələn il rezidenturada yerlərin sayı azalacaq və biz məcbur olub pullu təhsil haqqında müqavilə imzaladıq. Lakin bu il rezidentura pilləsində təhsil pulsuz olub və yerlərin sayı çoxalıb, hətta 200 yer boş qalıb. Bu boş yerlərə ayrılan vəsaitin hesabına bizim ödənişimizi ödəsinlər. Bir il üçün ödəniş etmişik, gələn il üçün təhsilimizin pulsuz olmasını istəyirik”, – aksiya iştirakçılarından biri Turan-a bildirib.

İştirakçılar əlavə ediblər ki, Səhiyyə Nazirliyinə məktub göndəriblər, oradan məktubu Maliyyə Nazirliyinə, sonra isə Nazirlər Kabinetinə göndəriblər.

"Biz həmçinin prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışıq. Təhsil haqqını ödəməyə çətinlik çəkirik. Xəstəxanada maaşımız 350 manatdır. Bu, çox azdır", – digər iştirakçı deyib.

Aksiya iştirakçılarından üçünü Səhiyyə Nazirliyinin nümayəndələri qəbul ediblər. Tələbələrə vəd verilib ki, onların təklifi ilə bağlı Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə rəsmi müraciət edəcəklər, cavab aldıqdan sonra onlara məlumat veriləcək. Polislər aksiyanın keçirilməsinə maneçilik törətməyiblər.

Qeyd edək ki, Rezidentura tibb ixtisasları üzrə bazadır. Bu mərhələni keçənlərə həkim- mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilir.

Oxşar xəbərlər