İlham Əliyev SÜLH istəyir və danışıqlar masası arzulayır - AMMA...

  • 25 okt 2020, 19:51

Prezident İlham Əliyev Qarabağ müharibəsinin hərbi yolla həllinin bu gün dayanmasını və danışıqlar masasına keçilməsini arzu edir: "Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur," - o, şənbə günü ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində deyib.

İlham Əliyev söyləyib ki, subtstantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar.

"Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur".

Prezident münaqişənin sülh yolu ilə həllinin mümkünlüyündən danışıb, lakin bunun "Ermənistanın iradəsindən asılı olduğunu" deyib.

O, "Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?" deyə sual edib.

İlham Əliyev jurnalistin hərbi əməliyyatlardan "ola bilsin ki, bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz" şərhinə cavab olaraq deyib ki, ölkədə ciddi sosial problem yoxdur.

"İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur".

Cənab Əliyev söyləyib ki, Azərbaycanda korrupsiya olsa da, "buna qarşı mübarizə aparılır".

Oxşar xəbərlər