Demokratik TV
Bakı meri seçkisi niyə keçirilmir? – 4 səbəb
Abutalıbov əvəzedilməzdir, yoxsa yeni seçki başağrısı deməkdir?..
2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Ancaq hələ də Bakı Avropa Şurasına üzv olan dövlətlərin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Azərbaycan bununla bağlı götürdüyü öhdəliyi icra etməyib.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb. Bu gün digər Qafqaz paytaxtlarında, hətta İranda belə mer seçki yolu ilə müəyyən edilir.
Ancaq indiyədək ən çox "vəzifəsindən çıxarılan” məmur da BŞİH başçısı Hacıbala Abutalıbov olub. Media hər ay, ya da bir neçə aydan bir onun işdən çıxarılması, hətta yerinə təyin olunan yeni merlə bağlı xəbərlər yazır. Bu günə qədər Səbayel RİH-in başçısı olan Eldar Əzizovun, eləcə də Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun onun yerinə potensial namizəd kimi yazıblar. O isə hər dəfə bu xəbərləri gülüşlə qarşılayır və hətta mediaya istehza edir.
Maraqlıdır, bəs hakimiyyət üçün Hacıbala Abutalıbov personası niyə bu qədər əvəzolunmazdır?
Sadiqlik desək, deyil. Çünki hakimiyyətdəki bir çox məmurlar prezidentə ən azı onun qədər sadiqlik nümayiş etdirirlər. İş bacarığı idealın qat-qat altındadır. Çünki H.Abutalıbov Bakı şəhərindəki kosmetik, amma faydasız və çox məsrəfli işləri ilə ad çıxarmış məmurdur. Parkların, yaşıllıqların salınması heç də onun qüsursuz fəaliyyətinin göstəricisi deyil. Bəs niyə mer seçkisi keçirmək bu qədər müşkülə dönüb? Hakimiyyət seçki keçirməkdə tərəddüd edir, ya Abutalıbovu başqa bir məmurla əvəzləməkdə?
Bəziləri bunu hakimiyyətdəki hər qruplaşmanın öz mer namizədinin olmasıyla əlaqələndirir. Digər tərəfdən, mer vəzifəsinə prezidentliyə tramplin kimi baxanlar da kifayət qədərdir. Belə ki, İranda Əhmədinejatın, Gürcüstanda Mixail Saakaşvilinin timsalında merin prezidentliyə real namizəd olması bu məsələyə münasibətdə xüsusilə diqqətli olmağı tələb edir.
Bakıda mer seçkilərinin zəruriliyindən zamanında danışılsa da real iş görülməyib. Ekspertlərə görə, bu məsələdə təkcə mer yox, onun kollegial sistemi, qurumun idarəedilməsi də formalaşmalıdır. Xalqın etimad göstərdiyi insanların seçkilər vasitəsilə vəzifəyə gətirilməsi təcrübəsi Azərbaycanda aşağı səviyyədədir. Əslində bələdiyyə seçkiləri keçiriləndə mer seçkisi də həll olunmalı idi. Amma hakimiyyət yetkililəri özləri üçün əlavə problem, başağrısı yaratmaq istəmədilər. Belə ki, hakimiyyət ciddi təpki olmadığı şəraitdə istədiyi şəxsi vəzifəyə gətirməyi daha asan bilir. Onlar üçün kimisə vəzifədən çıxarıb başqasını qoymaq daha rahatdır. Bu məsələyə ictimaiyyətin ciddi təpkisi olarsa, Azərbaycanda da mer seçkiləri reallaşa bilər.
Yazıdakı əsas sualın cavabı olaraq bir məqama da nəzər salaq. Hakimiyyət müstəqil idarəetmə rıçaqlarının olmasında maraqlı deyil. Mer seçkisi ilə şəhərin idarəsi hökumətdən asılı olmayan müstəqil adamın əlinə, o da hakimiyyətin sifarişini qəbul etmədən şəhərlə bağlı bir çox müstəqil qərarları qəbul edə bilər. Bundan başqa, mer seçkiləri keçirmək, onu istənilən namizədin xeyrinə saxtalaşdırmaq versiyası da mümkündür. Amma bu, əlavə vəsait və əlavə problem deməkdir.
Hər saxtalaşdırılmış seçki Azərbaycan hakimiyyətinə beynəlxalq qurumlar qarşısında ciddi qayğı yaradır.
Üçüncüsü, sivil ölkələrdə şəhərsalma sahəsində hansısa qərar verilməlidirsə, bu, səsvermə nəticəsində edilir. Tutaq ki, şəhərə hansısa heykəlin qoyulması, parkın salınması səsvermənin nəticələrinə əsasən edilir. Azərbaycanda isə bu kimi məsələləri hakimiyyət özü həll edir. Şəhərin istənilən yerində salınan parklar, qoyulan heykəllər sırf siyasi qərarla baş verir.
Dördüncüsü, Bakı şəhər büdcəsinin idarə olunması və onun sərf olunmasında seçkili orqan deyil, birbaşa təyin olunan şəxsin iştirakı hakimiyyətə daha çox imkanlar yaradır. Paytaxt büdcəsi üzərindən iri miqyaslı maliyyənin idarə olunması məsələsi də siyasi baxımdan hakimiyyətin həssas nöqtəsi sayılır. Ölkəmizdə mer seçkilərinin keçirilməməsi və illərdən bəri tənqid olunan məmurun öz yerində qalması isə yuxarıdakı ciddi faktorlardan asılıdır.
Sevinc TELMANQIZI