Xəbər lenti
Bütün xəbərlər

“Gəncə Pambıq Əyirici” MMC niyə satılmadı?

  • 13 dek 2016, 18:21

 

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 13-də dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Bizimyol.info xəbər verir ki, hərracda ümumilikdə 26 dövlət əmlakı olmaqla, 7 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi, 1 yarımçıq tikili özəlləşdirilib. Bu dəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkidə, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımçıq tikili isə Füzulidə yerləşir. Hərracda paytaxtın Səbail rayonundakı 59 saylı mağaza 60 min manata, Gəncə şəhərindəki 65 və 39 saylı mağazalar müvafiq olaraq 55 və 40 min manata özəlləşdirilib.

Komitədən vurğulanır ki, belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Hərracda özəlləşdirilən əmlak sonradan biznes məqsədilə icarəyə və ya istifadəyə verilə, eləcə də digər gəlir mənbəyinə çevrilə bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən heç biri satılmayıb. Qabaqcadan verilən elanda bu hərraca ümumilikdə 101 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisə və obyekti, 19 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsinin çıxarılacağı elan edilmişdi. Nəticədən görünür ki, satışa təklif olunan əmlakların dörddə üçünə müştəri tapılmayıb. Hərraca çıxarılan müəssisələr sırasında məşhur "Gəncə Pambıq Əyrici” MMC də vardı. Satışa torpaq sahəsi ilə birgə təklif olunan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti də bu müəssisəyə məxsusdu - 5 milyon 243 min manat. Qeyd edək ki, mübahisəli müəssisə daha əvvəl açıq səhmdar cəmiyyətinə çevrilmiş, sonradan özəlləşdirmənin nəticələri ləğv edilərək əmlak dövlətin balansına qaytarılmışdı. Bu dəfəki hərracın büdcəyə qazandırdığı məbləğ bundan az olduğundan bəllidir ki, müəssisə satılmamış qalıb.  

Bugünkü hərracda paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kv/m. torpaq sahəsi olan yardımçı təsərrüfat 1 milyon 85 min manata təklif olunurdu. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək əmlaklar sırasında 552 min manata Bakının Nərimanov rayonundakı 7 saylı mağaza, 306 min manata Sumqayıtda yerləşən "Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da vardı. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonundadır. Belə ki, bu əmlak 800 min manat start qiyməti ilə təklif olunurdu.

Bu dəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılmışdı. Bütün müəssisələr dəyərindən iki dəfə ucuz təklif olunub. Misal üçün, "Bərdə Kərpic” ASC-nin satışa çıxarılan səhmlərinin nominal dəyəri (hər səhm 2 manat) 175 512 manat, satış qiyməti 50% güzəştlə 87 756 manatdır. "Gəncə Sənaye Tikinti” ASC-nin 91 672 səhmi nominal qiyməti ilə 183 344 manat deyil, yenə güzəştlə bundan iki dəfə ucuz - 91 672 manata (hər səhm 1 manat olmaqla) satışa çıxarılıb. "Kürdəmir Kəndkimya Təchizat” ASC də 144 436 manat nominal dəyəri ilə deyil, 72 218 manata təklif olunur. Nominal qiyməti 32 988 manat təşkil edən "Salyan İnşaat Xidmət” 16 494 manat, nominalı 66 198 manat olan "Salyan Reproduktor Quşçuluq” 33 099 manata, 63 756 manat olan "Şəki Tikinti Quraşdırma” üçün isə 31 878 manat ilkin qiymət müəyyənləşib. 

Komitənin web-saytında verilən elanda isə hərraca çıxarılan müəssisələr arasında "Azərinkom” (50% güzəştlə start qiyməti 13 615 manat), "Azərmetalinvest” (50% güzəştlə start qiyməti 58 673 manat), "Bərdə Mexaniki Təmir” (50% güzəştlə start qiyməti 36 787 manat), "Bərdə Yun” (50% güzəştlə start qiyməti 68 303 manat), "Çatal Broyler” (50% güzəştlə start qiyməti 55 751 manat), "Goranboy Sənaye İnşaat” (50% güzəştlə start qiyməti 10 724 manat), "Kürdəmir Quşçuluq” (50% güzəştlə start qiyməti 53 560 manat), "Ləki Sinklənmiş Qablar” (50% güzəştlə start qiyməti 26 835 manat), "Lerik Kəndkimya” (50% güzəştlə start qiyməti 9 871 manat), "Oğuz Kəndkimya” (50% güzəştlə start qiyməti 36 320 manat), "Sabirabad İnşaat Sənaye” (50% güzəştlə start qiyməti 22 647 manat), "Salyan İnşaat Materialları” (50% güzəştlə start qiyməti 17 155 manat), "Sumqayıt Kimya Tikinti-12” (50% güzəştlə start qiyməti 16 527 manat), "Tərtər Konserv” (50% güzəştlə start qiyməti 62 655 manat), "Xırdalan Texservis” (50% güzəştlə start qiyməti 32 384 manat) və "Yevlax Tikinti Quraşdırma” (50% güzəştlə start qiyməti 9 758 manat) səhmdar cəmiyyətləri də vardı. Ən ucuz qiymətə "Sabirabad Tədarük” ASC təklif olunurdu. Nominal dəyəri 4080 manat olan səhmlər güzəştli qiymətlə 2040 manata satışda idi. 

Komitə tərəfindən növbəti hərrac dekabrın 20-də keçiriləcək. Hərraca çıxarılan 84 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 32-si istifadəsiz qeyri-yaşayış sahəsi və 3-ü nəqliyyat vasitəsidir. 
Oxşar xəbərlər