Baş Prokurorluğunun Mətbuat xidməti KİV-lərə səsləndi

  • 15 may 2016, 10:57

Bəzi kütləvi informasiya vasitələri "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozaraq heç bir real faktlara əsaslanmadan 7 iyul 2015-ci il tarixdə Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar rəsmi qurumların mövqeyini öyrənmədən yalnız zərər çəkmiş şəxsin mülahizələri əsasında birtərəfli qaydada həqiqətə uyğun olmayan informasiyalar yaymışlar.

     Göstərilənlərlə əlaqədar bildiririk ki, 7 iyul 2015-ci il tarixdə saat 23 radələrində 2000-ci il təvəllüdlü Nəcəfli Fəqan Əfqan oğlu sürücülük vəsiqəsi olmadan Xətai rayonu ərazisində idarə etdiyi «Toyota Land Cruiser» markalı avtomobillə Ramal Abbasovun idarə etdiyi «Hyunday Sonata» markalı avtomobillə toqquşmuş, nəticədə sonuncu sağlamlığa ağır zərər vurmaya aid, «Hyunday Sonata» markalı avtomobildə olan sərnişin isə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışlar.

     Faktla bağlı 28 iyul 2015-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

     R.Abbasovun anası Nəzakət Abbasovanın çoxsaylı müraciətləri nəzərə alınaraq cinayət işinin  istintaqı 10 sentyabr 2015-ci il tarixdən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsində davam etdirilmişdir.

     28 sentyabr 2015-ci il tarixdə cinayət işi həmin məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir.

     İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib edilmiş, iş üzrə şahidlər dindirilmiş, «Təhlükəsiz şəhər» Avtomatlaşdirilmiş İdarəetmə Mərkəzinin kamera görüntüləri götürülmüş, müvafiq ekspertizalar təyin edilərək rəylər alınmış və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

     İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Land Cruiser» markalı avtomobili idarə edən F.Nəcəflinin hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Qanunun tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

     Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs, yəni yetkinlik yaşına çatmayan F.Nəcəfli cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərar qanuni və əsaslı hesab edilmişdir.

     N.Abbasova istintaq orqanının qəbul etdiyi qərarla razılaşmayaraq mütəmadi olaraq müxtəlif orqanlara, o cümlədən Baş Prokurorluğa müraciətlər etmişdir. O, dəfələrlə Baş Prokurorluqda qəbul edilmiş və ona iş üzrə qəbul olunmuş qərarın cinayət-prosessual qanunvericiliyinə uyğun olduğu izah edilmişdir.

     Bununla yanaşı, nəqliyyat vasitəsinə sahiblik hüququ olan Nəcəfli Əfqan İsa oğlunun nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan oğlu F.Nəcəfliyə verdiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi üçün cinayət işi üzrə qəbul edilmiş qərarın surəti Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmiş və Ə.Nəcəfli inzibati qaydada cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş qərar əsasında Sığorta Şirkəti tərəfindən R.Abbasova 9 min manat məbləğində sığorta ödənişi verilmişdir.

     Bundan başqa, N.Abbasova Suraxanı rayon məhkəməsinə mülki iddia qaydasında müraciət edərək azyaşlı F.Nəcəfli tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş külli miqdarda ziyanın sonuncunun atası Ə.Nəcəfli tərəfindən ödənilməsini xahiş etmiş və məhkəmənin qətnaməsi ilə Ə.Nəcəfli tərəfindən R.Abbasova 42.000 manat məbləğində pul vəsaiti ödənilməsi qət edilmişdir.

          Ə.Nəcəfli həmin qətnamə ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və məhkəmə baxışı 24 may 2016-cı il tarixə təyin edilmişdir.

     Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən bu kimi halların gələcəkdə təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun mətbuat xidmətləri ilə dəqiqləşdirmələri tələb olunur.

 

Demokratik.Az

 

Oxşar xəbərlər