Polisləri iş başında çəkmək olmazmı? – “Bu qadağa qanunsuzdur”

  • 26 iyul 2020, 17:11
“KİV haqqında Qanun jurnalistlərə dövlət sirri sayılmayan, şəxsi həyata müdaxilə təşkil etməyən hər şeyi çəkməyə icazə verir.
Lakin hansısa bilinməyən səlahiyyətə istinadən, DİN jurnalistlərə qadağa gətirib - polisləri iş başında çəkmək olmaz”.

Bu sözləri hüquqünas Fərhad Mehdiyev deyib. Bunun qanunsuz olduğunu bildirən hüquqşünasın sözlərinə görə, publik fəaliyyətin icrası sırasında, orda iştirak edən hər bir məmuru çəkmək olar, bu demokratik idarəçiliyin əsas sütunlarından birisidir (şəffaflıq prinsipi):



“Hüquq normalarının hiyerarxiyasına görə, Nazirliyinin hansısa qərarı, sərəncam ya da əmri ilə, qanun ilə tanınan hüquqdan məhrum etmə yol verilməzdir. Bunu Konstitusiya, habelə Normativ-hüquqi aktlar haqqında qanun da təkrarlayır. Ölkədə Fövqəladə Vəziyyət də elan edilməyib ki, mətbuata senzura tətbiq olunsun və KİV-lərin səlahiyyəti məhdudlaşdırılsın. Bunun üçün KİV haqqında qanun dəyişməlidir, hərçənd bu da hüquqi dövlət və demokratik idarəetmə prinsipinə zidd olar”.

Media üzrə ekspert Ələsgər Məmmədli belə bir qadağanın tətbiq edilməsinin yolverilməz olduğunu deyib:



“Polisin çəkməməklə bağlı tələbi qanunsuzdur. KİV haqqında Qanunda belə bir məhdudiyyət yoxdur. Yalnız 2016-da bir bənd əlavə ediblər: "3-1) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına;" yol verilmir. Bunun xaricində hər hansı məhdudiyyət mövcud deyil. Hansısa əməliyyat aparılan zaman bunun çəkilməsini istəməyən polis xüsusi hal mövcudsa, gərək, məhkəmədən qərar alsın ki, həmin məlumatların toplanması sirr təşkil edir. Bunun üçün isə qanuni və legitim əsas olmalıdır. Bu əsas yoxsa yenə məhkəmə də belə bir qərar verə bilməz”.
Oxşar xəbərlər