DSMF-də Asiya İnkişaf Bankının missiyası ilə görüş keçirilib

  • 04 fev 2016, 21:04
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib. Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Ciovanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönəlmiş təşəbbüslər müzakirə olunub. 

Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Bizim Yol”a daxil olan məlumatda bildirilir.
Görüşdə DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ölkədə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: "Bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib”.
Sədr Fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verərək ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından ətraflı bəhs edib. 

Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Ramid İBRAHİMOV