Azərbaycandan çıxarılan 9,5 milyard dollar…-Özü də hər il

  • 14 dek 2015, 20:40

Ekspertlər bildirirlər ki, bunu dövlət və hökumət strukturlarının nəzarətindən kənar etmək mümkün deyil: "Bu vəsaitin dövriyyəsinə həm Mərkəzi Bank, həm də xüsusi xidmət orqanları mütləq nəzarət edirlər”

 


Bir neçə gün əvvəl Global Financial Integrity (GFI) "İnkişaf etməkdə olan ölkələrdən qanunsuz kapital çıxarılması” araşdırmasının nəticələrini açıqlayıb. Araşdırmaya görə, adambaşına düşən oğurlanmış kapitalın həcmi baxımından, Azərbaycan liderlərdən öndədir: Adambaşına 1010 dollar düşür.

 

Azərbaycan 149 ölkə arasında qeyri-leqal kapital çıxarılması üzrə 17-ci yeri tutub. Araşdırmaya əsasən, ölkədən ildə 9,5 milyard dollar çıxarılıb. Bu, 2014-cü il dövlət büdcəsinin yarısına bərabərdir. Reytinqi tərtib edənlər 2004-cü ildən 2013-cü ilə qədər olan məlumatları təhlil ediblər.

Reytinqdə ilk yerləri ildə 140 milyard dollar və 105 milyard dollarla müvafiq olaraq Çin və Rusiya tutur. Lakin adambaşına düşən oğurlanmış kapitalın həcminə görə Azərbaycan liderlərdən öndədir - 1010 dollar. Rusiyada adambaşına 729 dollar, Çində isə 107 dollar oğurlanmış kapital düşür.

Postsovet ölkələrindən Qazaxıstan 16,704 milyard dollarla, Ukrayna 11,676 milyard dollarla Azərbaycandan öndədir, onların ardınca 8,820 milyard dollarla "qüsursuzluq” etalonu Belarus gəlir, Ermənistan on dəfə geri qalır - 983 milyon dollar. Neft-qaz öləsi olan Türkmənistandan qanunsuz olaraq cəmi 36 milyon dollar çıxarılır.

Global Financial Integrity - inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınlarını təhlil edən və onları azaltmaq məqsədi daşıyan milli və beynəlxalq tədbirlərin görülməsinin tərəfdarı olan Amerikanın araşdırma təşkilatıdır.

GFİ-nin hesablama metodikası yalnız ölkədən qanunsuz çıxarılan vəsaiti, sənədlərdə əksini tapmayan əməliyyatları nəzərə alır. GFİ ən mühüm kanal kimi gömrük bəyannaməsi zamanı faktiki ixrac və idxal dəyərinin azaldılmasını və ya artırılmasını göstərir – qeyri-leqal kapital axınının 83,4 faizi onun payına düşür. Bu barədə xəbəri RBK kanalı yayıb. 

Məlum olub ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır. Bu, yalnız GFİ-nin məlumatıdır. Bu, özünəməxsus antireytinq siyahısına ənənəvi olaraq Çin və Rusiya başçılıq edirlər. Çindən 139,228 milyard, Rusiyadan isə 104,977 milyard dollar qeyri-qanuni yolla çıxarılıb. 

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, GFİ-nin məlumatlarını etibarlı hesab etmək olar: "Bu, çox güman ki, hər hansı əsaslara dayanır. Çünki Azərbaycandan çıxan vəsait bir tək Azərbaycanda yox, hansı ölkəyə daxil olursa, orada da qeydiyyata düşür və mənbəyi bilinir. Ona görə də, çox güman ki, belə məlumatlara güvənmək olar. Çıxarılan pulun həcmindən asılı olmayaraq, məlumata güvənmək olar. Ola bilər, bəzi rəqəmlərdə cüzi dəyişiklik olsun. Amma bu tip araşdırmalar etibar etməli mənbələrdir”.

Ekspertin sözlərinə görə, korrupsiya axınını normal biznesdən ayırmaq lazımdır: "Rüşvətlə, korrupsiya ilə axını, normal biznesdən ayırmaq lazımdır. Bizim əlimizdə faktlar yoxdur. Ancaq ehtimallar üzərindən danışa bilərik. Ehtimallardan biri odur ki, İranın sistemdən ayrıldığı dövrdən sonra dünya bank sistemindən inteqrasiyası olmadığına görə bir çox bank əməliyyatları Azərbaycan və Türkiyə üzərindən yürüdülürdü. Yəni bunun bir qismi ehtimal etmək mümkündür ki, İranın vəsaiti ola bilər. Azərbaycan üzərindən xarici banklara müəyyən iqtisadi əməliyyatların maliyyələşdirilməsi üçün həyata keçirilən pullar ola bilər. İkinci ehtimal kriminal offşor zonalar vasitəsi ilə biznes strukturlarının etdiyi əməliyyatlardır. Offşor zonalar üzərindən əməliyyatlar həyata keçirərkən, leqal şəkildə vergiləri azaltmaq mümkündür. Bir çox biznes strukturları bu yoldan istifadə edirlər. Azərbaycanda da illərdir ki, bundan istifadə olunur. Ən geniş ehtimal təbii ki, korrupsiya mexanizmləri ilə ölkədə qazanılan vəsaitin xaricə çıxarılması yoludur. Burada çox maraqlı məqam ondan ibarətdir ki, bunu dövlət və hökumət strukturlarının nəzarətindən kənar etmək demək olar ki, mümkün deyil. Bu vəsaitin dövriyyəsinə həm Mərkəzi Bank, həm də xüsusi xidmət orqanları mütləq nəzarət edirlər”.