Avropa İttifaqından separatçı bölgələrdəki QHT-lərə dəstək

  • 27 okt 2017, 08:53

Mirvari Qəhrəmanlı: "Bu bəyannamənin qəbulu o deməkdir ki, sabah oranın QHT rəhbərləri gəlib bizimlə bərabər burada oturacaqlar”

 

Oktyabrın 25-də Tallində "İnsanlar üçün real nəticələr: 2020-ci ildə və daha sonra Şərq Tərəfdaşlığı necə olacaq?” mövzusunda Avropa İttifaqı tərəfindən keçirilən konfransda Azərbaycan və Gürcüstan QHT-lərinin nümayəndələri konfransın yekun bəyannaməsini imzalamaqdan imtina edib. Buna bəyannamənin Aİ-yə münaqişə zonalarında işləyən QHT-lərin birbaşa maliyyələşdirilməsi haqqında tövsiyələr nəzərdə tutan bəndi səbəb olub. Azərbaycan və Gürcüstan nümayəndə heyətləri hesab ediblər ki, bu maddə separatçı rejimlərdə QHT-lərin Aİ-dən birbaşa maliyyə yardımı almasına xidmət edir. Amma hər iki ölkənin nümayəndə heyətləri bu bəndi bəyannamə mətnindən çıxartdırmağa müvəffəq olmayıb. Konfransda iştirak edən cəmi 66 nümayəndə bəndin mətndən çıxarılmasının lehinə səs verib. Buna cavab olaraq hər iki nümayəndə heyəti bütünlükdə yekun bəyannamə mətni üzrə səsvermədə iştirakdan imtina etmək barədə razılığa gəlib.

 

Konfransda baş verənlərlə bağlı "Yeni Müsavat” Tallində səfərdə olan QHT rəhbərlərindən açıqlama alıb.


 

 

Neftçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan nümayəndə heyəti  bəyannamədə yer alan separatçı zonalarda QHT-lərin maliyyələşməsi ilə əlaqədar maddəyə etiraz ediblər: "Bu cür separatçı zonalardan biri də Dağlıq Qarabağdır. Bu bəyannamənin qəbulu o deməkdir ki, sabah oranın QHT rəhbərləri də nümayəndə kimi gəlib bizimlə bərabər burada oturacaqlar. Biz etirazımızı bildirdik, bu qeydə alındı. Səsvermədə də iştirak etmədik. Bəyannamə müzakirə olunanda bizim koordinator nümayəndə heyətinin adından etiraz elədi. Lakin biz maddənin bəyannamədən çıxarılmasına nail ola bilmədik. Çünki orada digər ölkələr də var. Yalnız Gürcüstan nümayəndə heyəti bizimlə birgə səsvermədən imtina etdi. Azərbaycan QHT-ləri həmin deklorasiyaya səs vermədi. Biz prinsipial olaraq o bəyannamənin qəbulunda iştirak etməmişik. Bu da protokolda qeyd olunub. Hökumətin QHT-lərlə bağlı qəbul etdiyi son qanunlardan sonra bizim xaricdən maliyyə almağımız çətinləşib. Bunun əvəzində isə həmin maliyyə separatçı zonalara veriləcək. Avropa İttifaqı gələcəkdə separatçı zonalardakı QHT-lərə də pul ayıracaq. Zaman keçdikdə onlar fəaliyyətini gücləndirəcək”.

"Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə milli koordinatoru Ziya Quliyev isə  "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəyannamədə Azərbaycanın maraqlarına zidd olan bir neçə ifadənin dəyişdirilməsinə nail olunub: "Bu bəyannamə təkcə forumun hazırladığı sənəd deyil, cəlb edilmiş müxtəlif  ekspertlərin və təşkilatların  töhfəsi ilə verilən təkliflər əsasında hazırlanır. Həmin bəyannamə forumun bütün üzvlərinə göndərilir, onlara vaxt verilir ki, öz təkliflərini qeyd eləsinlər, düzəlişlər etsinlər. Bunun nəticəsində bütün rəylər ümumiləşdirilir və tövsiyələr əsasında hazırlanır. İlkin variantda bəyannamənin mətni tamam fərqli idi. Mətndə mənim təklifimlə iki dəyişiklik oldu. Əvvəlcə mətndə ”mübahisəli bölgələr"  ifadəsi qeyd olunmuşdu, mən buna etiraz etdim. "Şərq Tərəfdaşlığı” ölkələrində heç bir mübahisəli ərazinin olmadığını və bütün ölkələrin ərazi bütövlüyünün tanındığı məsələsini qaldırdım, nəticədə mətn dəyişdi. Buradan Moldovadakı, Gürcüstandakı, Ukraynadakı və Azərbaycandakı ərazilər nəzərdə tutulurdu. Bu 4 ölkənin nümayəndə heyətinin birgə etirazı və səyi nəticəsində, eyni zamanda mənim təklifimlə  həmin hissə çıxarıldı".

Z.Quliyevin sözlərinə görə, bəyannamənin E bəndi sırf onun  əlavəsidir: "Bu məsələ preambulada özünü göstərir. Əgər baxsanız, orada Avropa İttifaqı, ona üzv dövlətlər və ”Şərq Tərəfdaşlığı" ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi qeyd olunur. Bu bizim üçün vacib bənd idi. Xarici İşlər Nazirliyinin bizə göndərdiyi şərhdə də qeyd olunurdu. Dünən gün ərzində bəyannaməyə ikinci qeydi etdik. Bu mübahisə uzun sürdü, lakin sonda mətn dəyişdi.  Burada "Şərq Tərəfdaşlığı” ölkələrində konflikt əraziləri ilə bağlı  dəstək proqramlarının hazırlanması kimi bir ideya irəli sürülür. Burada məqsəd konflikt bölgələrinə deyil, həmin ölkələrə maliyyənin artırılmasıdır ki, konfliktin həlli ilə bağlı işləsinlər. Burada bizim bir qeydimiz oldu və Gürcüstan, Moldova, Ukrayna və Azərbaycanın səyi ilə digər ölkələri də buna razılaşdırmalı olduq. Bizim üçün pozitiv bir haldır, çünki məsələnin ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini vurğulayır".

Koordinatorun fikrincə, Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı” ölkələri arasında bağlanan müqavilənin mətni heç bir halda separatçı ərazilərdəki QHT-lərin maliyyələşməsinə icazə vermir: "Bizim üçün önəmli odur ki, bu deklorasiyanın mətninə baxan zaman hansı istinad nöqtəsi göstəriləcək. İstinad Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında bağlanan müqavilənin mətnidir. Mətndə də Aİ ərazi bütövlüyünü tanıyır. O baxımdan  düşünürəm ki, böyük narahatlığa ehtiyac yoxdur. Bu, sadəcə, vətəndaş cəmiyyətinin deklorasiyasıdır.  Əsas bəyannamə Avropa İttifaqına üzv dövlətlərin Brüsseldəki Şərq Tərəfdaşlığı Sammitində qəbul edəcəyi bəyannamədir ki, o daha əhəmiyyətlidir.  Bununla bağlı müvafiq Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri fəaliyyət göstərirlər. Biz eyni zamanda,  platforma olaraq səsvermədə iştirak etməməyə qərar verdik. Ancaq forumda prosedur fərqlidir. Bu il iştirakçıların sayı 170-dən çoxdur, deklorasiyanın qəbulu üçün 50+1 tələb olunur. Səsvermə nəticəsində deklorasiya 130 səslə qəbul olundu.  Mən bu məsələdə xüsusi bir narahatlıq görmürəm. Çünki Avropa İttifaqı  Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Heç bir Avropa İttifaqı və ona üzv dövlət Şərq Tərəfdaşlığı ölkələrinin razılığı olmadan heç bir mübahisəli əraziyə maliyyə yardımı  etməz, edə bilməz. Bu, görüşlərdə də səsləndirilir. Bu gün biz Avropa ittifaqı komissarı Yohannes Hanla da görüşdük. Mən ona da  öz fikirlərimi bildirdim. Dünən və bu gün ərzində olan bütün müzakirələr bizim ölkənin maraqları üçün problem yaratmır. Bəyannamə məcburi hüquqi qüvvəsi olmayan bir sənəddir, sadəcə, tövsiyə xarakteri daşıyır və vətəndaş cəmiyyəti tərəfindən təklif olunur”. 

Z.Quliyev vurğuladı ki, indi əsas məsələ Brüssel sammitində Azərbaycanın maraqlarına uyğun müqavilənin imzalanmasıdır: "Burada əsas məsələ Avropa İttifaqı ilə Azərbaycan  arasında danışıqları sürətləndirmək və tez zamanda müqavilənin imzalanmasıdır ki, buna nail olmaq lazımdır. Çünki bu il noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti keçiriləcək. Sammitdə də gözlənilir ki, Ermənistan və Azərbaycan yekun müqaviləni imzalasın. Bunun əsasında da artıq növbəti mərhələlər davam edəcək. Dağlıq  Qarabağ məsələsi bizim üçün də prioritetdir. Həmçinin insan haqları və azadlıqlarının təmini məsələsi də çox önəmlidir. Avropa İttifaqı heç bir halda portnyorlarının maraqlarının birinin digərindən daha çox təmin olunmasına getməz, balanslı siyasət aparacaq. Mənim pozitiv gözləntilərim var. Bu bəyannamə separatçı zonaların maliyyələşməsi üçün heç bir hüquqi  əsas yaratmır. Heç bir Avropa İttifaqı ölkəsi və bu qurumun özü hökumətin razılığı olmadan nə Gürcüstanın, nə də Azərbaycanın işğal altında olan ərazilərinə maliyyə yardımı göstərilə bilməz.  Bu, ikitərəfli münasibətləri zərbə altına alar”.

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər