Hüsnü Mübarək azadlıqda!

  • 24 mart 2017, 18:25
Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.
 
Bu barədə "Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.
 
Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.
 
88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.
 
H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.
 
"O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, - deyə əd-Dib bildirib.
  
H. Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə - "Müsəlman qardaşları” təşkilatının nümayəndəsi Məhəmməd Mursi hakimiyyətdə olarkən məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.
 
Lakin 2014-cü ildə hərbçilər M. Mursini devirərək, hakimiyyətə gəldikdən sonra H. Mübarək bəraət alıb.
 
Məhkəmə 2016-cı ildə H. Mübarək və oğlanlarını yalnız korrupsiya cinayətlərində təqsirli bilib, eks-prezident barəsində bir iş üzrə 3 illik həbs cəzası çıxarılıb. H. Mübarək bu həbs müddətini çəkdiyi üçün azadlığa buraxılıb.

APA
Oxşar xəbərlər