“Fransanın daxili işlər naziri kimdir ki, biz ondan çəkinək...”

  • 09 dek 2016, 08:43

Tanınmış ekspertlər XİN-in mövqeyini haqlı saydılar

 


Fransadan ATƏT-in Minsk Qrupu həmsədrliyi ilə ziddiyyət təşkil edən daha bir addım atılıb. Belə ki, bir neçə gün öncə prezident Fransua Olland qatı ermənipərəst, Qarabağ separatçılarının ən yaxın dostlarından olan və ötən il icazəsiz şəkildə Dağlıq Qarabağda olmuş, bu üzdən də dərhal Azərbaycan XİN-in "qara siyahısı”na daxil edilmiş Bruno Le Runu daxili işlər naziri təyin edib.

Rəsmi Parisin qatı ermənipərəst olan və Azərbaycan qanunlarını açıq-aşkar pozmuş bir şəxsi ölkənin mühüm postlarından birinə rəhbər təyinatı Azərbaycan-Fransa münasibətlərində problemlər meydana çıxarıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır. Azərbaycan qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər” siyahısına daxil edilir.


Hikmət Hacıyev deyib ki, qanun qanundur və hamıya da eyni cür şamil olunur.
Yəni cənab Bruno Le Ru Azərbaycan dövləti və xalqından üzrxahlıq etməyincə, əməlinə görə peşmançılıq hissi keçirməyincə, adı "qara siyahı”dan çıxarılmayacaq. Bu da o deməkdir ki, məsələn gələcəkdə Fransanın prezidenti nümayəndə heyəti ilə Azərbaycana səfərə gələrsə və nümayəndə heyətinin tərkibində daxili işlər naziri Bruno Le Ru olarsa, Azərbaycan hökuməti "qanun hamı üçündür” prinsipini əsas tutaraq onu ölkəmizə buraxmayacaq.

Əslində isə Azərbaycan Fransa tərəfinə etiraz notası da təqdim edə bilərdi. Həm də o səbəbə ki, məsələn, Azərbaycan prezidenti Fransa səfəri zamanı həmin şəxslə-daxili işlər naziri ilə də üz-üzə gəlib onun əlini sıxmaq zorunda qala bilər. 

Image result for Eldar Namazov

Prezident katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov "Yeni Müsavat”a açıqlamasında XİN-in mövqeyinin düzgün olduğunu bildirdi: "Biz əgər kiməsə vəzifəyə təyin olunduğu üçün güzəştlərə getsək onda o qara siyahının mənası da olmayacaq və zərərimizə olan presedent yaranacaq. Təcrübə göstərir ki, ”qara siyahı"ya düşən bəzi adamlar sonradan ya üzrxahlıq ediblər, ya Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan ediblər və buna görə də həmin siyahıdan çıxarılıblar. Bu mənada Minsk Qrupunun həmsədri olan Fransanın yeni daxili işlər naziri də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə açıqlamalar versə onun da qara siyahıdan çıxarılması ehtimalı var. Fransanın bütün rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları haqqında dəfələrlə açıq fikir bildiriblər. Ona görə də bu ümumi qayda yeni daxili işlər nazirinə də şamil olunmalıdır. Yeni nazir bunu etməyəcəksə, əvvəlki mövqeyində qalacaqsa, onu nə əsasla siyahıdan çıxarmaq olar? Heç bir. Həmin şəxs Fransa-Azərbaycan münasibətlərinə xələl gəlməməsi, onun nazir olduğu dövrdə ortaya müəyyən problemlər çıxmaması üçün yol verdiyi yanlışı düzəltmək istiqamətində addım atmalıdır".


Sabiq səfir, politoloq Hikmət Hacızadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Bruno Le Runu "qara siyahı”da saxlaması düzgündür: "Mən Xarici İşlər Nazirliyinin açıqladığı mövqe ilə razıyam. Bu cür məsələlərdə prinsipial olmaq lazımdır. Fransanın daxili işlər naziri kimdir ki, biz ondan çəkinək və adını ”qara siyahı"dan çıxaraq. Narazı qalacaqlar özləri bilərlər. Azərbaycanın qanunlarını pozub, Azərbaycan da doğru edib onun adını qara siyahıya salıb".

Etibar SEYİDAĞA
Oxşar xəbərlər