Azərbaycan Ordusunun hərbi təlimləri Ermənistanı qorxuya saldı

  • 05 mart 2020, 09:30

Müdafiə naziri və ordu rəhbərliyi cəbhə bölgəsində; işğalçı ölkədə səfərbərlik elan olundu; İrəvanda isterik atmosfer hökm sürür; Rusiya Türkiyənin Suriyada savaş aparmasından sui-istifadə edib Qarabağ istiqamətində hərəkətə keçə bilərmi?; politoloq: “Rusiyanın, ümumiyyətlə, Dağlıq Qarabağda hərbi müdaxilə məsələsi inandırıcı görünmür, çünki...”

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-dən etibarən Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimlərinə başlaması Ermənistanda narahatlıq doğurub, qorxu yaradıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlər martın 6-dək davam edəcək. Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Qeyd edək ki, nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Azərbaycanın genişmiqyaslı hərbi təlimlərinin Ermənistanda ciddi narahatlığa səbəb olması barədə tanınmış erməni hərbi mütəxəssisi Van Ambartsumyan jurnalistlərlə söhbətində bildirib. Ekspert Ermənistan silahlı qüvvələrini əks balans tədbiri kimi bir nömrəli döyüş hazırlığı səviyyəsinə gətirməyə çağırıb. V.Ambartsumyan Azərbaycan Ordusunun hərbi təlimlərini səfərbərlik kimi xarakterizə edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bu cür hazırlığı vacibdir, çünki “Azərbaycan öz hərəkətlərində həmişə sürprizlərə üstünlük verib və Ermənistan onlara cavab verməyə hazır olmalıdır”.
Hərbi təlimlər ile ilgili görsel sonucu
Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ankarada görüşməsi və onlarla Qarabağ məsələsinin həlli barədə müzakirələr aparması da İrəvanda təşvişə səbəb olub. Bundan bir az əvvəl Türkiyə prezidenti həmsədrlərin fəaliyyətini tənqid etmişdi. Türk ordusunun İdlib istiqamətində terrorçulara sarsıdıcı zərbələr vurması Ermənistanda məyusluq yaradıb, eyni zamanda narahatlıq var ki, Türkiyə ordusu Qarabağ torpaqlarının azad olunması ilə bağlı da prosesə qatıla bilər. Xüsusilə də Qarabağda PKK-nın təlim düşərgələrinin olması ilə bağlı xəbərlərin yayılması fonunda bu əməliyyatlar real görünür. Belə bir durumda Ermənistanda səfərbərliyin elan olunması da diqqət çəkir.
“Ermənistan rəhbərliyinin bilməsi vacibdir ki, hər hansı bir müharibə ehtiyatların səfərbərliyindən başlayır və bu təlimlər zamanı da Azərbaycan ciddi şəkildə gizlədərək ehtiyatda olanları da səfərbər edib. Həmçinin uzaqmənzilli silahlar, məsələn, reaktiv yaylım atəş sistemi (RYAS) Polonez də cəlb olunub”- “Novosti Armeniya” Ambartsumyandan sitat gətirib.
Hərbi ekspert Ermənistan cəmiyyətini milli həmrəyliyə çağırıb və qeyd edib ki, ölkə hakimiyyəti planlaşdırılan referendumu təxirə salmalıdır.
Ermənistan hakimiyyətindən Ankaradakı Qarabağ müzakirələrinə verilən anormal münasibətə rəsmi Bakıdan reaksiya verilib. “Əslində belə bir absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur. Göründüyü kimi, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünə dair Ermənistan XİN-in mövqeyini şərh edərkən deyib. Onun sözlərinə görə, dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi: “Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil”.
Hərbi təlimlər ile ilgili görsel sonucu
Durumdan təşvişə düşən işğalçı ölkə yeni silahlar almaqla bağlı da hərəkətə keçib. Ermənistan Hindistandan dörd “Swathi” kontrbatareya radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib. Virtualaz.org xəbər verir ki, bu haqda “The Times of İndia” nəşri bildirir. Məlumata görə, sövdələşmənin dəyəri təxminən 40 milyon dollar qiymətləndirilir. Nəşr qeyd edir ki, Ermənistan əvvəlcə Rusiya və Polşa istehsalı olan kontrbatareya mübarizəsi radarı almağı nəzərdən keçirib. Lakin sonda seçim Hindistan texnikasının xeyrinə edilib. Kontrbatareya mübarizəsi radarları müasir artilleriya müharibəsində çox mühüm əhəmiyyətə malikdir. Bu radiolokasiya stansiyaları hədəfə doğru uçan mərmiləri təsbit edir və onun trayektoriyasını, hansı nöqtəyə düşəcəyini və atəşin açıldığı artilleriya qurğusunun koordinatlarını müəyyənləşdirir. Nəticədə rəqib həmin mövqeyə dərhal əks-zərbə endirmək imkanı qazanır.
Qeyd edək ki, Azərbaycan öz ordusunu müasir kontrbatareya radarları ilə çoxdan təchiz edib və bu komplekslər 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun artilleriya bölmələrinin yerini dərhal təsbit edib onlara zərbə endirməyə imkan yaratmışdı. Həmin vaxt Ermənistan ordusunun silahlanmasında bu texnika yer almırdı. “Swathi” kontrbatareya radiolokasiya stansiyası 2000-ci illərdə Hindistanın ABŞ-dan aldığı AN/TPQ-37 Firefinder radar komplekslərinin əsasında işlənib hazırlanıb. “Swathi” minomyot minalarını 20 kilometrə qədər məsafədən, 105 mm və daha iri kalibrli artilleriya mərmilərini 30 kilometrə qədər məsafədən, idarəolunmayan raketləri isə 40 kilometrə qədər məsafədən aşkar etməyə imkan verir. Eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətindədir.
Ermənistan əvvəlcə Rusiyanın “Zoopark-1" kontrbatareya sistemini almağı nəzərdən keçirib. Lakin Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib ki, həmin komplekslərin dağlıq relyefdə yaxşı işləmədiyi müəyyən olunub. Hindistan radarı isə dağlıq ərazilərdə yaxşı işləyir, çünki əvvəlcədən sərt yüksəklikdəki Himalay dağlarında layihələndirilib və sınaqdan keçirilib. Üstəlik, ”Zoopark-1"  kompleksinin taktiki-texniki göstəriciləri “Swathi” radar kompleksindən geri qalır.
Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, son vaxtlar erməniləri narahat edən bir sıra məqamlar var: “Əsas məsələ cənab Ərdoğanın Azərbaycanda prezident İlham Əliyevlə görüşü və Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlardır. Məhz bundan sonra ”Bahar qalxanı" əməliyyatının başlanması və əsas hədəf kimi Rusiyanın və İranın regional müttəfiqləri olan Suriyaya qarşı apardığı döyüşlərdir. Eyni zamanda bu ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Türkiyəyə səfəri və xarici işlər naziri Cavuşoğlu ilə görüşünün mahiyyətinin ermənilər tərəfindən başqa bir rakursdan, yəni Dağlıq Qarabağda da əməliyyatların keçirilə biləcəyi qorxusu gündəmi dəyişdirib. Paralel olaraq Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri də bu proseslərə öz təsirini göstərir". A.Nağıyev İrəvanda isterik atmosferin mövcud olduğunu təsdiqlədi: “Təbii ki, Ermənistan hakimiyyəti təşvişdədir və buna görə də səfərbərlik elan edib, həm də Rusiyanın Suriyada mövqeyini də nəzərə alaraq, necə deyərlər, bir qorxu hissi də keçirir. Çünki hər hansı bir döyüş əməliyyatı başlasa, Rusiyanın onlara yardım edəcəyi sual altındadır. Bundan başqa, qondarma qurumun planlaşdırdığı ”seçkilər"in keçirilməsi də sual altındadır".
Bəzi iddialar var ki, Rusiya Türkiyənin başının Suriyadakı proseslərə qarışmasından istifadə edib Qarabağ istiqamətində hərəkətə keçə bilərmi? Qeyd edək ki, KTMT baş katibi ötən həftə üç günlük səfərlə Ermənistanda oldu. Bu səfər Qazax istiqamətində baş verən gərginliklərdən sonraya təsadüf etdi. Bəzi ekspertlər “Rus NATO”-sunun aktivləşməsini təsadüfi saymır. Hesab olunur ki, Türkiyəyə Suriyada bata bilməyən şimal qonşumuz Cənubi Qafqazda yeganə söz sahibi olduğunu nümayiş etdirmək üçün həmlə edə bilər.
Politoloq A.Nağıyev isə bədbin proqnozları bölüşmür: “Bu ərəfədə Rusiyanın, ümumiyyətlə, Dağlıq Qarabağda hərbi müdaxilə məsələsi inandırıcı görünmür, çünki bu artıq bütün dünya tərəfindən hüquq və normaların pozulması demək olardı. Çünki Rusiyanı bu gün maraqlandıran əsas məqam İdlib və Suriyada baş verən, Türkiyə münasibətlərində olan gərginlikdir”.
“Türkiyə Rusiyaya təzyiq göstərmək üçün hansısa ağrılı nöqtələr tapmağa çalışır. Onun Qarabağ istiqamətində aktivliyi bu məqamla bağlıdır”. Axar.az xəbər verir ki, bunu “Sputnik.az Ermənistan”a açıqlamasında erməni politoloq Manvel Sərkisyan deyib. Sərkisyan İdlib məsələsində guya Ərdoğana NATO-dan yalnız siyasi dəstəyin olduğunu və bunun üçün də Ərdoğanın Putinlə görüşə Qarabağ kartı ilə getdiyini iddia edib.
Moskva görüşündə Qarabağ məsələsinin ön planda olacağı bir o qədər gözlənilməsə də, işğalçılar, həmişəki kimi, Rusiyanı şantaj etməkdədirlər. Məkrli düşmən qabaqlayıcı addımlar atmaqla vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışır. Amma öz konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası irəli sürən, qonşu dövlətin ərazilərini işğalda saxlayan bir ölkənin təşvişlə yaşaması təəccüblü deyil. Lakin qonşularla normal yaşamağın bir yolu var: işğala son qoymaq və tarixi şablonlardan əl çəkmək...
Cavid TURAN,
“Yeni Müsavat”
Oxşar xəbərlər