Akademik Əhliman Əmiraslanovun “Ağciyər xərçəngi“ kitabı çıxıb

  • 11 fev 2016, 20:19
Akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında yenicə çapdan çıxmış "Ağciyər xərçəngi” adli kitab oxucularin ixtiyarına verilb.

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ağciyər xərçənginin epidemiologiyası, diaqnostikası və müalicəsi, eləcə də bu sahənin tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə əsasında hazırlanan "Ağciyər xərçəngi” kitabı tələbələrə və həkimlərə bu sahədə zəruri biliklərin verilməsini təmin edəcək.

ATU-nun mətbuat xidmətinin məlumatına görə, ağciyər xərçəngi dünyada ən geniş yayılmış bədxassəli şiş forması olub, bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur və tək tibbi deyil, həm də sosial əhəmiyyət kəsb edən problemlərdəndir. Xəstəliyin erkən mərhələdə diaqnostikası səviyyəsi nisbətən aşağıdır, xəstələrin müəyyən qisminə gecikmiş mərhələlərdə diaqnoz qoyulur ki, bu zaman da aparılan müalicə əksər hallarda arzu edilən nəticəni vermir.

Bu vəziyyətin əsas səbəblərindən biri budur ki, ağciyər xərçəngi olan xəstələrin əksəriyyəti ilk olaraq qeyri-onkoloji müalicə müəssisələrində işləyən ümumi profilli həkimlərə müraciət edirlər, onlarda da onkoloji ehtiyatlılıq və onkologiya sahəsində zəruri biliklər lazımi səviyyədə olmadığından, çox vaxt hipodiaqnostika hallarına yol verilir.

Buna görə Tibb Universitetində təhsil alan gələcək həkimlərə və ümumi profilli həkimlərə ağciyər xərçəngi sahəsində zəruri biliklərin verilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu isə yalnız ağciyər xərçənginə dair müasir ədəbiyyatın olması sayəsində mümkündür. Bununla əlaqədar, mütəmadi olaraq ağciyər xərçənginə dair elmin son nailiyyətlərini özündə əks etdirən kitabların və tədris ədəbiyyatlarının nəşrinə zərurət yaranır.

Bu baxımdan Akademik Əhliman Əmiraslanovun rəhbərliyi altında kitab ağciyər xərçənginə dair orijinal vəsait olub, maraqla oxunur və müasir tələblərə tam cavab verir. Burada ağciyərlərin klinik anatomiyası, ağciyər xərçənginin epidemiologiyası, etiologiyası və patogenezi, profilaktikası, patoloji-anatomik xarakteristikası, histoloji quruluşu, böyüməsi və yayılması, klinikası, diaqnostikası, diferensial diaqnostikası, müalicəsi, müalicənin nəticələri və proqnozu, dispanser müşahidə, qadınlarda ağciyər xərçəngi, bu xəstəliyi olan pasiyentlərə palliativ yardım məsələləri geniş işıqlandırılıb.

Kitab müəlliflərin çoxillik zəngin təcrübəsinə əsaslanaraq hazırlanıb, çoxsaylı rəngli şəkillərlə illüstrasiya edilmiş və nəfis tərtibatla çap edilib. Elmin son nailiyyətlərini özündə əks etdirən kitab tələbələr, onkoloqlar, onkoloji xəstəliklərin diaqnostikası, eləcə də müalicəsi ilə məşğul olan mütəxəssislər, onkologiya ixtisası üzrə rezidenturada təhsil alan həkimlər, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində ağciyər xərçəngi ilə rastlaşan həkimlər üçün qiymətli əsər olub, oxucu kütləsi tərəfindən böyük maraq və həvəslə qarşılanacaqdır.

 

Demokratik.Az 

Oxşar xəbərlər