Xəbər başlıqlarımız niyə “qışqırır”, “soyunur” və ya “yandırıb yaxır”?

  • 30 yan 2016, 20:13
Zahir Əzəmət: "Başımızı itrimişiksə, başlığımızı itirməyi dərd etməyəlim, məncə...”

Elbrus Ərud: "Cəmi bir yol qalir - xəbərin başlığını qışqırdasan ki, ay oxucu, ay yoldan keçən, ayaq saxla, xəbər var”

Son dövrlər saytların oxucu rəqabətində mediaya gətirdiyi ənənələrdən biri də "qışqıran” başlıqlardır. "Şok”, "qalmaqal” təqdimatı ilə oxuculara çatdırılan xəbərlərdə əsas məqsəd təbii ki, oxunma faizini yüksəltməkdən ibarətdir. Amma bir çox hallarda bunlar oxucunu aldatmaqla da yekunlaşır.  Məsələn, xəbər "şok” adı ilə təqdim edilsə də, sıradan bir hadisədən xəbər verir. Və ya xəbərə əlavə edilən "foto-video” əlavələrinin altında keçmiş görüntülərin olduğu üzə çıxır. Bundan başqa, oxucunun "filankəs soyundu”, "bəhmənkəsin nəfəs kəsən fotoları” başlığı ilə verdiyi xəbərlər də rekord oxunma faizi ilə fərqlənir. 
Bəs belədə kim aldanır? Oxucu mətbuatın arxasınca sürünür, ya mətbuatı buna vadar edən oxucunun zövqüdür? Başlıqlarımızda plankanın aşağı düşməsi... kimin suçudur? 

Qaynar.info saytının baş redaktoru Zahir Əzəmət hesab edir ki, xəbər saytları bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük mənada sosial şəbəkələrdən asılı duruma düşüb Onun fikrincə, ümumiyyətlə sosial şəbəkədə işini qura bilməyən saytların oxucusu ya çox azdır, ya da heç yoxdur: "Azərbaycan kimi kiçik bir ölkədə yüzlərlə xəbər saytı var və bunlar sosial şəbəkədən daha çox və daha tez oxucu ovlamaq üçün amansız yarışa girblər. Və nəticədə orta statistik "Facebook" istifadəçimizn səviyyəsinə uyğun xəbər başlıqları ortaya çıxır. Ona görə də Azərbaycanda indi öz tərzi, öz sifəti olan xəbər saytlarının sayı barmaqla sayılacaq qədərdir”.
Z.Əzəmət hesab edir ki, hazırda Azərbaycanda ciddi saytların oxucuları bir o qədər az olur. Müsahibimizin sözlərinə görə, günün 24 saatını "Facebok"da keçirən azərbaycanlı üçün xəbəri hansı saytdan oxumağı o qədər önəmli deyil: "Həmin xəbəri onun divarına ilk kim çıxaracaqsa, ordan oxuyacaq. Ciddiliklə hay-həşirin orta həddini necə tapmalı? Bunun adı nə olacaq: yarımciddi? Orta həddi tapmaq çətindir. Bunu bütün dünya axtarır. "Nyu York Times" kimi bir media bu gün dünənin "Buzzfeed"inə uduzur. Durumun azca düzəlməsi üçün həm oxucumuzun səviyyəsi qalxmalı, dünyagörüşü inkişaf etməli, həm mediamızın maddi-texniki resursları əhəmiyyətli dərəcədə artmalıdır. Bütün bunların baş verməsi üçün isə ətrafımızda hər şey, yəni ölkə dəyişməlidir. Ölkə dəyişmir, azərbaycanlı dəyişmir, təhsilimiz ölüb, neft düşür, manat üzə bilmir, iqtisadiyyat yoxdur, olmpiya kompleksləri boşdur, Əhəd Abıyev icra başçısı, Artur Rasizadə baş nazirdir... Yəni başımızı itrimişiksə, başlığımızı itirməyi dərd etməyəlim məncə... İtmir, çünki itəsi üçün öncə o inamın olması lazımdır. Əgər hər gün kefi istədiyi tərzdə və kefi istədiyi xəbərləri yayan saytları sabah yenə minlərlə adam oxuyursa, daha dorusu tıklayırsa, deməli itən çoxdan itkin düşmüşdür əslində”. 

Z.Əzəmətə görə, hazırda real oxucu azdır, daha doğrusu, yox dərəcəsindədir. Onun fikrincə, reol oxucu hər saytın birbaşa oxucusu - yəni sosial şəbəkələrdən gəlməyən, məhz bu saytı oxuyum deyə açanlardır: "Bu tip oxucular Azərbaycanda çox az saytda var. Normal ölkələrdə saytların reytinqini təyin etmək üçün çeşidli vasitələr var: ictimai rəyə təsir gücü, tarixi, cəmiyyətin ciddi kəsimi və ekspetlər arasında keçirilən sorğuların nəticləri və s. Bizdə isə bu, yoxdur”. 

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun mövzuya baxışı isə fərqlidir. O, hesab edir ki, bu, hər şeydən əvvəl vaxtla bağlı məsələdir. Belə ki, indi sürət əsri olduğu üçün insanların da vaxtı çox az olur. Bu qədər informasiya bolluğunu nəzərə alanda da fərqli xəbəri oxucuya çatdırmaq asan olmur: "Yəni bir yol qalir ki, xəbərin başlığını qışqırdasan ki, ay oxucu, ay yoldan keçən, ayaq saxla, xəbər var. Yəni, başlıqlar reklam olunmalıdır ki, oxucunun diqqətini çəksin. Bu mənada başlıqlar qırmızılanır, "şok” və ya "soyundu” kimi diqqət çəkən sözlər yazılır. Bu, tək xəbərdə deyil. Məsələn, hansısa məhsulun reklamında və ya hansısa atelyenin, kafenin, barın qapısının üstündə də bəzən görürsən ki, yarıçlpaq gözəl qız səkli vurulur. Bu, hamısı diqqət çəkmək üçündür. Əlbəttə aldatmaq yox, diqqət çəkmək üçün”.

E.Ərud hesab edir ki, oxucu heç də hər dəfə aldadılmır. Belə ki, "şok” təqdimatı ilə verilən xəbər həqiqətən də şok məlumat ola bilər: "Yetər ki, oxucu həmin xəbərə girsin. Bu zaman aldadılıb aldadılmadığını görəcək. Tutaq ki, müntəzəm şəkildə bu cür priyomlardan istifadə edənlər oxucunu yox, özlərini aldadırlar. Və burada uduzan özləri olur. Belə ki, etibarlılıq itir. Məncə, burda qeyri-adi heç nə yoxdur. Ümumiyyətlə, zamanının tələb kimi gətirdiyi davranışlar, adətlərin heç biri pis deyil. Onların hansı yaşamaq hüququ qazanacaqsa yaşayacaq. Hansı yox, ötüb keçəcək. Bir vaxtlar Azərbaycanda onlarla sarı mətbuat, intim qəzetlər, serial qəzetləri çıxırdı və bu barədə mətbuatda nə qədər yazılar dərc olunurdu ki, bunlar pisdir, cəmiyyəti məhv edir və sair. Hanı o qəzetlər bəs indi? Yoxdur! Semək ki, narahat olmaq lazım deyil. Yaşamaq hüququ qazana bilməyən vərdişlər, yeniliklər onsuz da silinib gedəcək”.

Redaktorun fikrincə, bu, yeni dövrün tələbidir. Xəbər bu şəkildə çatıdırılır: "Xəbər çoxdur, oxucu azdır, yaxşı xəbər itib batmamaq üçün bu şəkildə reklam olunmalıdır”. 

Sevinc TELMANQIZI