Ramil Usubovun müavini Sabirabad və Goranboy rayonlarına səfər edib

  • 29 dek 2015, 22:34

 

Demokratik.Az-ın DİN-in saytından əldə etdiyi məlumata görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları  ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb. 

Polis general-leytenantı İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını görüş iştirakçılarına çatdıraraq doğma yurd-yerlərindən didəgrin düşmüş insanlarla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin kursunu uğurla davam etdirdiyini vurğulayan nazir müavini sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, möhtərəm dövlət başçımızın rəhbərliyi altında cəmiyyət həyatının ayrı-ayrı sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş uğurlardan danışıb. 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsini və problemlərinin həllini daim diqqətdə saxladıqlarına görə Nazirliyin rəhbərliyinə təşəkkür edib.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər məhz möhtərəm dövlət başçımızın apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.   

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 44 min manatı Sabirabadda, qalan 26 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim edilib.
 
Demokratik.Az

Oxşar xəbərlər