Qərbə “atan” Paşinyanı hansı cəza gözləyir?

  • 25 fev 2019, 09:32

Politoloq: "Onun addımları məcburi rusiyapərəstlikdən qaynaqlanır”

Son günlər ABŞ tərəfindən Ermənistana sərt şillələr dəyir.  Məlum olduğu kimi, ötən həftə Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini ləğv edib. Bu səfərə İrəvanda uzun müddət hazırlıq görülmüşdü. Ötən həftə isə ABŞ Dövlət Departamenti Paşinyan hökumətinin Rusiyanın xahişi və himayəsi altında Suriyaya sapyorlar da daxil olmaqla, 83 nəfərlik erməni humanitar missiya göndərməsinə olduqca sərt reaksiya vermiş, rəsmi İrəvanı Moskva ilə birgə "zalım Əsəd rejiminə dəstəkdə” ittiham eləmişdi.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə bu ölkəyə silah daşıdığı üçün sanksiya tətbiq edib və məlum olub ki, bunlar İran İslam Keşikçiləri korpusuna bağlı "Mahan Air” aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyi "Flight Travel LLC”dir. Bütün bunların fonunda Paşinyan iki gün sonra ABŞ-ın üç düşmənindən biri olan İrana səfərə hazırlaşır.

Politoloq Mübariz Əhmədoğlu "Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirdi. Onun sözlərinə görə, əslində baş verənlər Paşinyanın sərişdəsizliyini, siyasətçi olmamasını bir daha ortaya qoyur. Lakin politoloq hesab edir ki, Paşinyan Qərbdən ayrıla bilməyəcək: "Hələ ki, Paşinyanın Rusiyapərəst siyasət apardığını söyləmək də çətindir. Paşinyan siyasətə ayrı bir baxışı olan adamdır. Onun siyasi baxışları çox bəsit düşüncələr əsasında qurulub. Məsələn, o, elə başa düşür ki, Ermənistanın daxilində polisin zoru ilə hər bir şeyə nail olmaq mümkündür. Görürük ki, varlı, nüfuzlu adamları yolun ortasında palçığa yıxdırırdı. Düşünürdü ki, bununla Ermənistanın büdcəsini dolduracaq. Lakin onun bu addımları da gözlənilən nəticə vermədi. Eləcə də Ermənistanın xarici siyasətinə baxmaq lazımdır. Mənim fikrimcə, hal-hazırda Paşinyanın rusiyapərəstliyində iki element var. Onlardan biri məcburidir. Yəni Paşinyan başa düşür ki, Rusiya böyük dövlətdir və hərbi bazasını Ermənistanda saxlayır, təlimlər keçir. Düşünür ki, Rusiyanın bu hərbi bazası Ermənistanın daxilində istənilən anda, ona uyğun olmayan hökuməti devirə bilər.

İkincisi də Paşinyanın münasibətində ən vacib istiqamət budur ki, adam özünü ağıllı və hiyləgər hesab edir. Düşünür ki, bu qaydada Rusiyaya yaxınlaşmaqla, rusları aldadıb, onların içərisində müəyyən bir qrupu ələ alacaq. Bu yolla da guya həmin adamları Qərbə təhvil verəcək, Qərbi Rusiyanın müxalifəti ilə calaşdıracaq. Nəticədə düşünür ki, Rusiya daxildən parçalanacaq və Ermənistan da bu üsulla Qərbdən pul qazanacaq. Paşinyan hakimiyyətə gələndən bu ideyanın dalınca gedir. Sizə bir fakt deyim. Aram Xaçaturyanın ”Qaryane" adlı baleti var. Bu balet 1950-ci illərdə yazılıb. Elə həmin illərdə də baletə qadağa qoyuldu və Moskvada nümayiş edilmədi. Baletin süjeti belədir ki, Ermənistanda sovet hökuməti qurulur, ermənilər kolxoz quruluşuna etiraz edirlər. Bu zaman Qayane adlı bir qız görür ki, erməni həyat yoldaşı kolxoz quruluşunu dağıtmağa gedir, bunu rus kazaklarının başçısına satır. Rus kazak onun həyat yoldaşını öldürür, qız da deyir ki, mən səninlə evlənəcəyəm. Qafqaz prizmasından baxanda bu, şərəfsizlikdir. Paşinyan hakimiyyətə gələndən sonra bu baleti Moskvada nümayiş etdirdi. Bununla da deməyə çalışdı ki, bizim namusumuz da sizindir. Paşinyan bu yaxınlarda Nikita İsayevlə də görüşdü. Bu da əslində yuxarıda dediyim fikrin sübutudur ki, o, Rusiyanın daxildən parçalanmasında Qərbin aləti olmaq planını da qurur".

Politoloq bildirib ki, daha öncəki prezidentlərdə də Rusiyaya yaltaqlanaraq, altdan-altdan balta çalmaq işləri olub:"Köçəryan Rusiyaya yalvara-yalvara, ABŞ-ın ikinci ən böyük səfirlik binasını İrəvanda tikdi. Məhz Köçəryanın dövründə Xodorkovskinin pulunun 5 milyard dolları Köçəryanın vasitəsilə Amerikaya köçürüldü. Paşinyan da bu yolu getməyə çalışır. Ona görə də düşünürəm ki, Paşinyanın hazırkı addımları məcburi rusiyapərəstlikdir. O da başa düşür ki, Serj Sərkisyan, Köçəryan Amerikadan ona görə investisiya ala bildilər ki, məhz bu cür siyasət aparırdılar. Üzdə Rusiyaya müttəfiq deyib, arxada Rusiyaya qarşı addım atırlar. Ən qatı rusiyapərəst kimi bizim cəmiyyət Sərkisyanı hesab edir. Deyim ki, çərkəzlər bizə yaxın olsalar da, heç zaman ölkəmizdə ”çərkəz soyqırımı" kəlməsi işlədilməyib. Çünki bu, Rusiyanın birmənalı olaraq xoşlamadığı, qəbul etmədiyi ifadədir. Sərkisyan isə az qala, çərkəz soyqırımını tanıyırdı. İndiki halda Avropa İttifaqı Paşinyana kredit vermir. Bu xüsusda ya Paşinyan Avropa İttifaqının tələb etdiyi kimi Dağlıq Qarabağ məsələsini həll etməlidir, ya da hökmən Avropa İttifaqına anti-Rusiya riçaqı verməlidir. Hazırkı zamanda düşünürəm ki, Paşinyan məhz bununla məşğuldur. Ona görə də baş verənləri Paşinyanın rusiyapərəst olması ilə əlaqələndirmirəm. Paşinyanın kiçik beyni və düşüncəsi var və buna müvafiq də işlər aparır".

"Yeni Müsavat”

Oxşar xəbərlər