Bakının baş meydanında hərbi parad başlayıb - YENİLƏNİB

  • 26 iyun 2018, 10:26

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında təntənəli hərbi parad keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.

 

***

09.25

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.

APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.

Mərasim dövlət himninin oxunması ilə başlanıb.

Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

Oxşar xəbərlər