"Hər halda "şut" sözünü başa düşürəm" - Yunis Hüseynov

  • 03 mart 2018, 21:59

"Ağır oyun keçdi. Qələbə qazanmağı çox istəyirdik. Fasilədən sonrakı 3 turda uduzmağımıza baxmayaraq, oyunumuz yaxşı alındı. Bu görüş daha çətin keçdi. Çünki "Səbail" "Qəbələ"ni məğlub etmişdi. Onlarda ruh yüksəkliyi var idi. Qələbə qazandığımız üçün şadıq. İnanıram ki, qalibiyyətlərimizin davamı gələcək".

Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 18-ci turunun "Kəpəz" - "Səbail" matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandrıb:

- Fasilədən sonr Dedimar Ferreyranı əvəzlədiniz. Aşkar görünürdü ki, İlkin Sadıqov mübarizə apara bilmir. Onu nə üçün uzun müddət meydanda saxladınız?

- Məncə, o, çox da pis təsir bağışlamadı. İlkin Sadıqov istedadlı futbolçudur. Oyunundan narazı qalmadım. Verilən tapşırıqları yerinə yetirdi. Dedimar isə sarı vərəqə aldı, səhvə yol verdi. Sərt oynamağa üstünlük verən futbolçu olduğu üçün onu əvəzlədim. 

- Bu, sizin məşqçilik karyeranızda 250-ci oyununuz idi. Düşünürsünüz ki, futbolçularınız bu qələbəni sizə hədiyyə etdilər?

- Heç xəbərim yox idi. Sizdən eşidirəm. Sağ olsunlar, yəqin elə futbolçularım bu qələbəni mənə hədiyyə etdilər. 

- Qarşılaşmanın ilk hissəsində bir qədər fasilə yarandı və bu müddətdə Darionu yanınıza çağırıb, nəyisə izah etdiniz. Nə dilində danışırdınız?

- Darioya başa saldım ki, imkan düşəndə qapıya zərbə vur. Hər-halda "şut" sözünü başa düşürəm də (gülür).

- 85-ci dəqiqədən sonra nə düşünürdünüz?

- Çox düşüncəli idim. Fikirləşdim ki, görəsən yenə axırda qol buraxacağıq? Şükürlər olsun ki, bu sindromu qırdıq.

- Murad Səttarlının adını iştirak ərizəsində niyə görmürük?

- Bildiyiniz kimi o, Antalyadakı təlim-məşq toplanışında ciddi zədə aldı. Formasını bərpa etməyə çalışır. Yaxın günlərdə onu meydanda görə bilərsiniz.

- Dario Frederiko tam olaraq öz oyununu tapıb?

- Xeyr, Dariodan razı deyiləm. Yəni, o tam olaraq mən istəyən futbolu oynamır. Baxmayaraq ki, texnikası yüksəkdir. Tək o deyil. "Kəpəz"də bir çox futbolçular var ki, hələ tam olaraq öz oyunlarını tapmayıblar. Bunlar hamısı zamanla düzələcək.

- Şəhriyar Əliyevi meydana sağ cinah müdafiəçisi mövqeyində buraxmışdınız...

- O futbola başlayarkən sağ cinah müdafiəçisi olub. Bu gün də Şəhriyarı həmin mövqedə sınamaq qərarına gəldim. Məncə, pis alınmadı.

Demokratik.Az

Oxşar xəbərlər