Xəbər lenti
Bütün xəbərlər

Kreml gizli büdcəni bura xərcləyir: yeni dünya savaşı

  • 24 fev 2018, 10:40

İnformasiya ilə idarəetmə bir sıra ölkələrin istər daxili, istərsə də xarici siyasətinin bir parçasına çevrilib. Bəzi iri dövlətlər öz informasiya siyasətinin həyata keçirilməsi üçün büdcədən böyük məbləğdə pul ayırırlar. Bu baxımdan hazırda iqtisadi çətinlik yaşamasına rəğmən, Rusiya dövlət büdcəsinin 15 faizinin gizli saxlanılması və bu vəsaitin əhəmiyyətli hissəsinin informasiya savaşına xərcləndiyi barədə mülahizələr maraq oyadıb. Necə ola bilər ki, ağır sanksiyalar qarşısında iqtisadi krizis yaşayan Rusiya təbliğatına milyardlar ayırır?

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Şahin Cəfərli son dövrlər informasiya-kommunikasiya texnologiyalarının inqilabi inkişafı nəticəsində informasiyanın önəminin çox ciddi şəkildə artdığını deyib. O, kiberəməliyyatlarla beynəlxalq səviyyədə mübarizə aparılmasına diqqət çəkib:

"İnformasiya savaşı və məqsədyönlü informasiyalar yaymaq, təbliğat kampaniyaları təşkil etmək yolu ilə hər hansı siyasətə, silahlı hücuma, işğala əlverişli fon yaratmaq tarixin bütün dövrlərində rast gəlinən hadisədir. Artıq kiberməkan böyük güclərin yeni toqquşma meydanına çevrilib. Son 15-17 ildə beynəlxalq terrorizm əsas təhdid mənbəyi, beynəlxalq sülh və sabitliyə bir nömrəli təhlükə kimi qiymətləndirilirdisə, indi kiberhücumlar asimmetrik təhdid kimi terrorizmin xeyli önünə keçib. Təsadüfi deyil ki, NATO 2016-cı il Varşava zirvəsində kiberməkanı quru, dəniz və hava məkanları ilə birlikdə əməliyyat zonası elan edib. NATO müdafiə nazirlərinin ötən həftə keçirilən görüşündə hərbi-siyasi blokun tərkibində yeni struktur - Kiberəməliyyatlar Mərkəzinin yaradılması qərara alınıb. ABŞ-ın yeni nüvə strategiyasında isə yazılıb ki, ölkə genişmiqyaslı kiberhücumlara məruz qalarsa, cavab tədbiri kimi nüvə silahından istifadə edə bilər. Bu artıq problemin nə dərəcədə ciddiləşdiyini göstərən faktdır”.

Politoloq informasiya hücumunun Rusiyanın 2014-cü ildə Ukraynaya qarşı tətbiq etdiyi hibrid savaşın ən mühüm tərkib hissələrindən biri olduğunu söyləyib:

"Yadınızdadırsa, Krımın işğalı və ilhaqı, eləcə də Donbasda separatizmin alovlandırılması prosesi indiyədək görünməmiş, müdhiş bir təbliğat kampaniyası ilə müşayiət olundu. Bu təbliğatın əsas tezisləri bu idi ki, Ukraynada çevriliş nəticəsində hakimiyyətə radikal millətçilər, faşistlər gəlib və onlar ölkədə yaşayan rusları və rusdilli əhalini məhv etmək istəyir. Məhz bu təbliğatla Rusiya özünün işğal və ilhaq siyasətinə legitimlik qazandırmağa çalışdı. Hazırda bir qədər səngisə də, bu kampaniya davam etdirilir. Digər dövlətlər, Qərb bloku Rusiyanın yeni hibrid müharibə metoduna hazırlıqsız yaxalandı. Əslində, Rusiya bu metodu kiçik miqyasda və qısa müddət 2008-ci ilin avqustunda Gürcüstanla müharibə zamanı sınaqdan keçirmişdi. O vaxt Qərb buna çox passiv reaksiya verdi və təhlükəni ciddiyə almadı. Lakin 2014-cü ildə Avropa ölkəsi olan Ukraynaya hərbi müdaxilə və II Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropada sərhədlərin zorakılıqla dəyişdirilməsi və qeyri-qanuni ilhaqın baş verməsi Qərbin ayılmasına, düşünməsinə səbəb oldu. Onlar yeni reallıqlara uyğun siyasət, o cümlədən informasiya siyasəti formalaşdırmağın zəruriliyini anlamağa başladılar”.

Ş.Cəfərlinin sözlərinə görə, Avropa Parlamenti 2016-cı ildə bu mövzuda xüsusi sənəd qəbul edib:

"Qətnamədə Rusiya və İŞİD terror təşkilatının apardıqları təbliğat kampaniyaları eyni dərəcədə təhlükə kimi dəyərləndirilirdi. Həmin sənəddə bildirilirdi ki, Rusiya geniş spektrli informasiya alətlərindən istifadə edir, bu sırada müxtəlif analitik mərkəzlər və fondlar (məsələn, "Russkiy mir”), xüsusi dövlət təsisatları (məsələn, Azərbaycanda da nümayəndəliyi olan "Rossotrudniçestvo”), müxtəlif dillərdə yayınlanan transmilli media (RT), informasiya agentliyi və multimedia xidməti ("Sputnik”), beynəlxalq sosial və dini qruplar, sosial şəbəkələr, internet trolları qeyd olunur. Məhz bu informasiya-propaqanda alətlərinin köməyi ilə Rusiya Ukraynaya qarşı total təbliğat apardı, sonra isə ABŞ və Avropa toplumlarını içəridən parçalayan, onları qarşı-qarşıya gətirən, Qərb cəmiyyətlərinin ənənəvi dövlət siyasətinə, ənənəvi siyasətçilərə, demokratik idarəçiliyə, qlobalizmə inamını sarsıdan kampaniyalar təşkil edildi. Avropa Parlamentinin 2016-cı il noyabr tarixli qərarında Avropa Birliyi rəhbərliyinə və üzv ölkələrə demokratik təsisatların, azad medianın maliyyələşdirilməsini artırmağa çağırış yer almışdı. Qətnamədə deyilirdi ki, Rusiyanın təbliğatını neytrallaşdırmaq üçün Avropa Komissiyasının strateji kommunikasiyalar üzrə operativ işçi qrupunun (Service East Stratcom Task Force) say tərkibi və büdcəsi artırılmalı, bu orqanın statusu yüksəldilməli, dezinformasiyalara qarşı xüsusi sayt yaradılmalıdır. AB rəhbərliyi bu çağırış və tövsiyələrə əməl edərək Rusiyadan qaynaqlanan dezinformasiyalar və yalan təbliğatla mübarizə məqsədilə sözügedən qrupa 1,1 milyon avro illik büdcə ayırdı. Eyni zamanda, dezinformasiya ilə mübarizə məqsədilə xüsusi sayt (euvsdisinfo.eu) yaradıldı. Avropa Birliyi Şurasının sədri Donald Tuskun müasir dövrdə Avropanın əsas problemlərindən birinin kiberhücumlar, yalan (fake) xəbərlər və hibrid müharibə olduğunu bəyan etməsi artıq Qərbin bu məsələdə Rusiyaya əvvəlki kimi geniş meydan verməyəcəyini göstərir”.

Politoloq ABŞ hökumətinin də Ukrayna hadisələrindən sonra bu sahədə fəaliyyətini gücləndirdiyini bildirib:

"2016-cı ildə Avropada Rusiyanın artan təsirinə qarşı siyasi-hərbi xarakterli tədbirlər üçün 4,3 milyard dollar, 2017-ci ildə 4,8 milyard dollar, bu il isə 6,3 milyard dollar vəsait ayrılıb. Konkret Rusiya təbliğatı ilə mübarizə məqsədilə bu il ABŞ Dövlət Departamentinin Qlobal Reaksiya Mərkəzinə dövlət büdcəsindən 40 milyon dollar verilib. Bu Mərkəzin vəzifəsi terror təşkilatlarının təbliğatı ilə mübarizə idi, lakin onun missiyası genişləndirildi və Rusiya, Çin, İran və Şimali Koreya təbliğatı ilə mübarizə vəzifəsi də bu quruma tapşırıldı.

Dövlət səviyyəsində atılan addımlarla yanaşı, Qərb mediasının da öz fəaliyyəti çərçivəsində Rusiya təbliğatına qarşı işi gücləndirdiyini müşahidə edirik. Bütün bu tədbirlər nəticəsində artıq Rusiyanın bu sahədə üstünlüyünə son qoyulmağa başlandığını söyləmək mümkündür”.

Qeyd edək ki, ukraynalı keçmiş diplomat, jurnalist Dmitri Çekalkin Rusiya büdcəsinin bir hissəsinin informasiya savaşına xərcləndiyini deyib.

Oxşar xəbərlər