Kremlin hərbi cinayətini görməzliyə vurmaq…

  • 20 yan 2018, 14:42

O faciəvi hadisənin üstündən düz 28 il keçib, amma hələ də o gün o dövrün şahidlərinin yaddaşında dünən kimi qalıb. Zaman orda durub sanki.

 

Hər il 20 Yanvar şahidləri 20 Yanvar şəhidlərini ziyarət edir və o günü dünənmiş kimi xatırlayır.

Ancaq hələ də o məşum günlə bağlı mübahisələr, xırda, cılız, mənasız intriqalar davam edir.

Hələ də günün adını millət olaraq qoya bilməmişik. Deyəsən, bu yalnız 20 Yanvar şahidlərinin özləri, hətta züryətləri belə dünyalarını dəyişəndən sonra mümkün olacaq.

İndilikdə isə 20 Yanvar hadisəsi ilə bağlı ortada olan bəlli və bəsit həqiqətlər var və onları təkrarlamaq ziyan gətirməz, bəlkə kimlərisə yanlış düşüncələrdən xilas edər. 

20 Yanvar Azərbaycan xalqının zülmə, haqsızlığa müqavimətinin nəticəsiydi.

Azərbaycan qərb qonşusu tərəfindən hərbi təcavüzə məruz qalmışdı, böyük bir mahalını itirmək üzrəydi. Xalq ona görə ayağa qalxmışdı, haqq-ədalət tələb edirdi. Aqressoru əl altından, pərdə arxasından müdafiə edən Kreml başbilənləri isə xalqın müqavimətinin nəzarətdən çıxdığını, bütövlükdə kommunist rejimini, sovet dövlətini sarsıtdığını gördülər, xalqın əzmini silahla, zorla qırmağa çalışdılar. 20 Yanvar faciəsi belə baş verdi.

Məsələnin mahiyyəti budur. 


 

İldən-ilə artan templə bu hadisənin alt qatında sui-qəsd nəzəriyyələri, gizli sövdələşmələr, böyük xəyanətlər, mürəkkəb oyunlar axtarmağın mənası yoxdur.

Bəzən nəzəriyyəçilər faciənin müəllifini tapmaq üçün azıb-təzib ABŞ-ın üstünə gedir, bəzən Türkiyədən, İrandan şübhələnirlər, absurd iddialar irəli sürürlər. Ancaq fakt ortadadır: 20 Yanvar qətliamının müəllifi SSRİ rəhbərliyidir, rəsmi Moskvadır, Kremldir.

Söz yox, həmin dövrdə bilərəkdən, bilməyərəkdən səhv edənlər, xalqı əbəs yerə qızışdıranlar, hətta öz xalqına qarşı xain planların içində yer alanlar olub, amma bütün bunların məcmusu Kremlin qanlı cinayətini bir misqal da zəiflətmir.

SSRİ rəhbəri Qorbaçov başda olmaqla bu qətliamda rolu olanların hamısı hərbi cinayət törətmişdilər və cəzasız qaldılar.

Onların məqsədi rəhbərlik etdikləri imperiyanı qoruyub saxlamaq idi. Ancaq onları bunu zorla, hərbi cinayət törədərək etdilər, heç nəticəsini də hesablaya bilmədilər.

Belə bir mülahizə var ki, Bakıda baş verən qırğın SSRİ-nin dağılmasını iki illiyə ləngitdi, çöküşü təxirə saldı.

Ancaq bəlkə də tərsinə oldu. Məhz 20 Yanvar qətliamı SSRİ-nin çöküşünü sürətləndirdi. Bu dövlət 1995-ci ilə dağılacaqdısa, bəlkə də heç dağılmayacaqdısa, 20 Yanvar hadisəsi onun vaxtını qabağa çəkdi.

SSRİ rəhbərliyinin 20 Yanvardan sonra buraxdığı ikinci səhv Moskvada mərkəzi hökuməti qorumaq cəhdi oldu. 19 avqustda baş verən QKÇP qiyamı baha başa gəldi. SSRİ-nin çöküşü sürətləndi və il başa çatmamış qırmızı rus imperiyası ömrünü sona çatdırdı.

Bu işdə də "Amerikanın barmağı”, "Qorbaçovun xəyanəti” faktorlarının rolunu axtarmaq əbəsdir.

Qorbaçov olmasaydı, Stalin olsaydı, nə olacaqdı, SSRİ dağılmayacaqdı? Bəlkə də. Amma o, bundan ötrü yenidən 50 milyon insan güllələməli, bir o qədərini də Sibirdəki həbsxanalar arxipelaqında çürütməliydi.

Bu yolla qorunub saxlanan dövlət kimə lazımdır, nəyə gərəkdir. Dövlət insanlara xidmət üçündür, vaxtaşırı insanları özünə qurban etmək üçün deyil.

Bax, 20 Yanvardan sonra bütün postsovet məkanına bu kimi mətləblər əyan oldu. SSRİ xalqları anladı ki, 1986-da Almatıda, 1989-da Tbilisidə, 1990-da Bakıda dinc etirazçıları qıran dövlət yaşamamalıdır. Bu dövlət 1991-ci ildə Vilnüsdə də eyni hərəkəti etdi, dinc insanları qətlə yetirdi.


 

Alma-ata (Almatı), 1986-cı il


 

Tbilisi, 1989-cu il

 

Vilnüs, 1991-ci il

Ancaq o dövlət SSRİ daxilində ilk separatizm hərəkatını başladan, Kremlin əsas təbliğat orqanının canlı xəbərlər buraxılışının ("Vremya”) translyasiyanı dayandıran, "Pravda” qəzetini toplayıb torpağa gömən, SSRİ-dən ayrılma şüarını ilk qaldıran ermənilərə qarşı bu cür qəddarlıq etməmişdi.

Belə ayrı-seçkiliklər edən dövlət öz varlığını necə qoruyub saxlaya bilərdi? Heç cür.

Belə dövlətin var olmaq haqqı yox idi.

20 Yanvar faciəsi bunu bütün dünyaya, eləcə də SSRİ-yə daxil olan respublikala başa saldı.

Elə ona görə də dağılma prosesi sürətləndi və biz müstəqillik qazandıq.

Taleyi öz əlində olmaq, öz başını özünün qorumaq haqqına sahiblənmək böyük nemətdir.

Bu neməti bizə həmin o möhtəşəm xalq hərəkatı və istər vətən uğrunda döyüşlərdə, istərsə də 20 Yanvarda həyatlarını verən şəhidlərimiz daddırdı.

20 Yanvar hadisəsi olmasaydı, biz kölə olub qalar, bəlkə də bugünkü Banqladeş rohincaları kimi məzlum qövm olub qalardıq.
Onlar unudulmazdırlar, unudulmamalıdırlar, unudulmayacaqlar.

Oxşar xəbərlər