Şeyx fətva verdi, islamçılar hərəkətə gəldilər

  • 13 dek 2017, 08:54

ABŞ səfirliyi qarşısında dindar qadınlar da etiraz aksiyası keçirdilər...

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına dünyada reaksiyalar davam edir. Azərbaycan da ABŞ prezidentinin qərarını pisləyib. Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı zamanı prezidentlər ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır.

Dekabrın 12-də isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ prezidentinin Qüds qərarı ilə bağlı açıqlama yayıb. Bəyanatda qeyd olunur ki, səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.

Sitat: "Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir. Dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi  yolverilməzdir”.

Bəyanatda həmçinin qeyd olunur ki, dünyada baş verən dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir: "Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur”.

QMİ Qüdsün İsrail paytaxtı kimi tanınması qərarını kəskin şəkildə pisləyir və BMT-nin Qüdslə bağlı qərarının icrasına çağırır: "Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edirik. Uca Yaradanımızın bizlərə buyurduğu kimi: ”Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" (Maidə, 8).

Qeyd edək ki, ABŞ-ın Bakıdakı səfirliyi qarşısında da etiraz aksiyaları keçirilib. Dekabrın 9-da Bakıda bir qrup dindar Trampın Qüds qərarına etiraz olaraq səfirlik önünə gəlib. Etirazçılar əllərində "Qüds və Qarabağa azadlıq!”, "Qüds müsəlmanların ilk qibləgahıdır!”, "Terrorizmi dayandırın!” şüarları yazılmış plakatlar daşıyıb.

Səfirlik qarşısında daha bır Qüds aksiyasını qadınlar keçirib. Dekabrın 11-də bir qrup dindar qadın Amerikanın Bakıdakı səfirliyi qarşısında ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edib. Aksiya Azərbaycan İslam Partiyasının Qadınlar Şurası və Əsgər Anaları İctimai Birliyi tərəfindən təşkil edilib. Aksiyanın şahidi Arzu Abdullanın "Turan”a verdiyi məlumata görə, 20 dəqiqəyə yaxın davam edən aksiyada 20 qadın iştirak edib. İştirakçılar "Terrorizmə son!”, "Qarabağ və Qüds müsəlman torpaqlarıdır!” şüarları yazılan plakatlar qaldırıblar. Onlar Trampın addımlarını pisləyərək, Fələstin xalqı ilə həmrəyliklərini bildiriblər. Polis aksiyaya müdaxilə etməyib. Səfirlik əməkdaşlarından heç kim aksiya iştirakçılarının qarşısına çıxmayıb.

Xatırladaq ki, dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Qüds mövzusunda toplantısı olacaq. Azərbaycan prezidentinin də bu toplantıda iştirakı gözlənilir. Gözlənilir ki, müsəlman ölkələri liderləri Qüds məsələsi ilə bağlı orta mövqe sərgiləmək, Trampın qərarının icrası prosesini dayandırmaqla bağlı ortaq fəaliyyət planı qəbul edəcəklər.

Oxşar xəbərlər