Azərbaycanlı deputatlar Serbiyada - FOTO

  • 29 noy 2016, 21:55

Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Musa Quliyev, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun Baş Assambleyasının sessiyasında və digər tədbirlərində iştirak etmək üçün noyabrın 29-da Serbiyanın paytaxtı Belqrada səfər ediblər.

 

Demokratik.Az xəbər verir ki, səfər çərçivəsində QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT PA-nın baş katibi Asəf Hacıyev, nümayəndə heyətinin digər üzvləri və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əbədiyaşar xatirəsini yad etmişlər.

 

Nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qeyd etmişdir ki, "Çox qürurverici haldır ki, bu gün dünyanın dörd bir yanında, Avropanın mərkəzində də Azərbaycan Xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ucaldılmışdır. Biz də burada dahi rəhbərin xatirəsini yad edərək qeyd edirik ki, sözün həqiqi mənasında, bu gün Azərbaycanın dünyada tanıdılmasında, ölkəmizin beynəlxalq tədbirlərdə, tribunalarda lazımınca təmsil olunmasında, Azərbaycanın dünyaya günəş kimi doğmasında və dünyanın Azərbaycana gəlməsində Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri danılmazdır. Heydər Əliyevin vaxtilə təsbit etdiyi müdrik xarici siyasət bu gün də Azərbaycanı dünyada etibarlı və möhkəm tərəfdaş ölkə kimi tanıtmışdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında təmsil olunur və dövlət kimi öz maraqlarını təmin edir. Bütün bunların hamısı dahi şəxsiyyətin əvəzolunmaz siyasi kursununməntiqi nəticəsidir”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvləri, Baş Assambleyanın 48-ci sessiyasında "QDİƏT-ə üzv dövlətlərdə islahatlar – milli parlamentlərin rolu” mövzusunda müzakirələrdə iştirak edəcəklər. Yığıncaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev çıxış edəcək. Yığıncaqda təşkilata üzv ölkələrdə xarici sərmayələrin cəlb edilməsi, korrupsiya ilə mübarizədə hüquqi bazanın təkmilləşdirilməsi, elm, təhsil sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

Sessiya çərçivəsində keçiriləcək Daimi Komitənin və Büronun toplantılarında QDİƏT Parlament Asambleyasının fəaliyyəti, qurumun təmsilçilərinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, komitələrin fəaliyyəti barədə hesabatlar təqdim olunacaq, 2017-ci il üçün iş planı, maliyyə və təşkilati məsələlərə baxılacaq. Səfər dekabrın 2-də başa çatacaq.

Oxşar xəbərlər