Hikkəli yaltaq necə “demokrat” oldu...

  • 17 noy 2016, 20:07

Yaxud Gültəkin Hacıbəyli Əli Kərimlini niyə söyürdü?

 


Azərbaycanda iflas etmiş, xəyanətlərə yol vermiş, yarıtmazlığı, hikkəsi, forsu, başından böyük iddiaları səbəbindən gülməli (ağlamalı) duruma düşmüş və unudulmuş "siyasətçilər”, "ictimaiyyətçilər” iki yolla gündəmdə qalmağa çalışır; 1. Guya izlənmələri haqda nağıllar uydururlar. 
Daha sonra ölkədən fərar edirlər, yəni gerçək bir təzyiq olmadan qaçıb gedirlər. 2. Unudulmaq istəməyən gülməşəkər "siyasətçilər” xortlamaq arzusu ilə "Yeni Müsavat”ın ünvanına böhtanlar yağdırırlar. 

Artıq insanlar mənasız, əhəmiyyətliliyi sıfırın altında olanların "məni kəsmək istəyirlər” kimi cəfəngiyatlarına inanmırlar, onları ələ salırlar. Bu səbəbdən də gündəmdə qalmaq istəyənlər daha çox "Yeni Müsavat”ın üzərinə "hücum” edirlər. Məqsəd aydındır, üfunət qoxan adlarını çəkək...

Təbii, 90 faiz halda belələrinə əhəmiyyət vermirik. Ancaq bəzən zərurət yaranır ki, özünü "imam övladı” kimi sırımaq istəyənlərə yerini göstərəsən, şokterapiya ilə yaddaşını təzələyəsən. 

 
Sirr deyil, məmləkətimizdə siyasi xəyanətkarların təxminən 98 faizi Əli Kərimlinin ətrafında yetişib. Həmçinin, digər siyasi qütblərdəki xəyanətkarları da öz ətrafında cəmləşdirən məhz Ə.Kərimlidir. Sabiq deputat və iqtidar yaltağı, eks daş karxanası sahibi Gültəkin Hacıbəyli də belələrindəndir. O, hay-həşir salmaq məsələsində, "siyasi həyasızlıq”da xüsusi fərqlənir. Az qala Ə.Kərimlini də kölgədə qoyur.

Varlığı-yoxluğu heç kimə lazım olmayan G.Hacıbəyli facebookda haray salıb ki, YAP respublika müşavirəsi keçirərək, bütün iş gücünü atıb, onu, Ə.Kərimlini izləmək tapşırığını verib... Eynilə Şabanın (Kamal Sunal) komik filmlərində belə səhnələr var. Bu məsələnin bizə aidiyyəti olmadığına görə, xırda bir qeyd edib, keçək mətləbə. Bu qeyd də ondan ibarətdir ki, G.Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənliyə də "əlcək atıb”. Yazib ki, hökumət onun, Ə.Kərimlinin səhifəsini izləyir, amma C.Həsənlini diqqətdən kənarda qoyub, çünki o, son vaxtlar elmlə məşğul olur. Yəqin MŞ sədri vəzifəsinə özü keçmək istəyir, yoxsa nədən ağsaqqalı vursun, gözdən salmağa çalışsın ki?...
 
Əlqərəz, Gültəkin xanım GPRS, facebook, binokl vasitəsilə, az qala NASA-dan da möhkəm izlənməsinin səbəbini "əsaslandırmaq” üçün yazıb: "...Bəs nədən hakimiyyət açıq mübarizəyə keçdi? Çünki bütün resursları tükəndi və effektivliyini itirdi. Hakimiyyətin bizə qarşı mübarizədə güvəndiyi, nə vaxtsa ictimai fikrə müəyyən təsir imkanlarına malik dörd başlıca resursu var idi: 1. "Yeni Müsavat” qəzeti. 2. "Haqqın.az” saytı. 3. ANS telekanalı. 4. Psevdomüxalifət. İlk iki media orqanı dəfələrlə ifşa olunduqdan sonra ictimai rəyə öz əvvəlki təsirini tamamilə itirib”...

Sonda da həqiqət-vicdan-filandan yazıb. 

Əvvəla, hər kəs şahiddir ki, "Yeni Müsavat” son illərdə daha böyük auditoriya qazanıb, yalnız qəzetçilik, xəbərçilik ənənələrini prioritet seçməklə nüfuzu daha da möhkəmlənib. Sadəcə, biz daha mənasız adam və bitmiş siyasətçi olaraq Ə.Kərimli, G.Hacıbəyli kimi boşboğazlara, saxtakarlara tribuna vermirik, xalqa yalanlar söyləmələrinə şərait yaratmırıq. 

Qəzəblərinin səbəbi məhz budur; "Yeni Müsavat” boyda tribunanı yalnız uzaqdan seyr edə bilirlər, çatlayırlar... 

Düzü, G.Hacıbəylinin hələ də cəmiyyət arasına çıxıb demokratiyadan, həqiqətlərdən danışmasına adam mat qalır. Bu adamın nə bir demokratik qafası var, nə də demokratiya uğrunda hansısa bir addımı. Əksinə, o, deputat olarkən - 2003-cü il hadisələrində tutulan, təzyiqlə üzləşən hər kəsi, Ə.Kərimlinin özünü də təhqir edirdi. Avropa Şurasının iclaslarında var səsi ilə Azərbaycanda siyasi məhbus olmadığını bağıran kəsdir. Hansı ki, həmin vaxt yüzlərlə müxalifətçi günahsız olaraq türmədə idi. Hakimiyyətin işgəncə maşınından keçmişdi. Gültəkin isə onları söyürdü. 2005-də parlament seçkilərindən sonra baş verənləri də yəqin xatırlayırsınız. 

O zaman G.Hacıbəyli televiziyada Ə.Kərimliyə ən aşağı sözləri deyirdi. Seçki öncəsi teledebatda isə "Azadlıq” blokunun namizədlərini alçaltmağa çalışırdı. 2008-ci ilin prezident seçkiləri ərəfəsində isə G.Hacıbəyli əsl yaltaqlığın necə olmasını xalqa əyani şəkildə göstərib. Youtubedə "Gültəkin Hacıbəylinin yaltaqlığı” yazın, görün qarşınıza nə çıxacaq. Əlbəttə, iqtidar düşərgəsində olub da, onun namizədini təbliğ etmək tamamilə normal bir işdir. Amma analoqsuz, hətta YAP rəhbərliyini də gülmək tutan şəkildə yaltaqlıq edib, 2 il sonra mandatsız qalanda, daş karxanan əlindən alınanda isə Ə.Kərimliyə sığınıb iqtidarı söyməyin çoxlu adları var; vicdansızlıq, dönüklük, riyakarlıq, ikiüzlülük və s.

İndi bu adama daş karxanasını geri qaytarsalar, xırda bir mağaza açmağa şərait yaratsalar, başlayacaq Kərimlini söyməyə. Belə birisi isə camaata əxlaq, demokratiya dərsi keçməyə çalışır. Əlbəttə, adamda abrına qısılmaq hissi olmayanda, nə desən edər. Həyasızlığın həddi olmur. 


Elşad MƏMMƏDLİ
Oxşar xəbərlər