Ərdoğandan Ahıska Türkləri haqda fərman

  • 27 dek 2015, 23:11

Ukraynanın şərqində hökumət qüvvələri ilə rus separatçılar arasında baş verən münaqişələrdən ən çox əziyyət çəkən Ahıska türkləri Türkiyəyə köçrülür.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fərman verib. 92 ailədən ibarət ilk karvan bu gün Ərzincana gəlib. Məlumatlara görə, prezident Ərdoğanın göstərişilə lazımi addımlar atılıb və 677 ailənin mənzillə, işlə təmin edilməsi haqda qərar qüvvəyə minib.

677 ailədən 605-i Ərzincana, 72-si isə Bitlisə yerləşdiriləcək. Həmçinin, müxtəlif illərdə Türkiyəyə gələn və Bursada müvəqqəti olaraq yaşayan 116 nəfərdən ibarət 29 ailəlik Ahıska türkü də Ərzincanda yerləşdiriləcək.

Bu gün 347 nəfərdən ibarət 92 ailə xüsusi ayrılmış iki təyyarə ilə Ərzincana gəlib. Ahıska türklərini baş nazirin müavini Yalçın Akdoğan qarşılayıb.

                                                 71 İLLİK ACI SÜRGÜN

1944-cü ilin noyabır ayının 14-də SSRİ diktatoru Stalin Gürcüstanın Ahıska bölgəsində yaşayan on minlərlə Ahıskalı türkü, "sərhəd təhlükəsizliyini təhdid etdikləri" səbəbilə sürgün etdi. Qatarlara mindirilən Ahıskalı türklər Sovet torpaqlarında dörd bir tərəfə dağıdıldı. Ahıska türkləri ABŞ, Türkiyə, Rusiya, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Kipr və Gürcüstanada yaşayırlar.