Kris Smitin dostlarına xatırlatma

  • 19 dek 2015, 23:10

Nyu-Cersi ştatının təmsilçisi  Kris Smitin ABŞ Helsinki Komissiyası adından  Konqressə təqdim etdiyi "Azərbaycanda Demokratiya Aktı" qanun layihəsinə münasibət birmənalı deyil. Azərbaycanın bu layihəyə adekvat cavab verməsini təklif edənlərlə  yanaşı, təmkinli davranmağın, məsələni diqqətlə araşdırmağın tərəfdarı olanlar da var. Hər iki qütbün əsaslandığı ciddi arqumentlər mövcuddur.  
ABŞ tərəfi zahirən elə görünür ki, Azərbaycanda və ümumilikdə dünyada demokratiyanın möhkəmlənməsinin tərəfdarıdır. Amma uzun illərin təcrübəsi göstərir ki, ABŞ tərəfindən sərgilənən münasibət demokratiya quruculuğuna dəstək yox,  əks effektlidir.  Məsələn,  qanunun aliliyinin təmin edilməsi demokratiyanın ilk şərtlərindən biridir.  ABŞ tərəfindən Azərbaycana qarşı göstərilən təzyiqin mahiyyəti isə budur ki, qanunu pozduqları üçün məhkəmə tərəfindən barələrində hüquqi ölçü götürülmüş şəxslər sərbəst buraxılsınlar. ABŞ-ın münasibətində müşahidə edilən təzadlar bununla bitmir. Əgər istək ABŞ-ın əlaltısı olan  şəxslərin toxunulmazlıq statusunu təmin etmək, onları "siyasi məhbus" adlandırıb  həbsdən qurtarmalarına nail olmaqdırsa, bu, onsuz da baş verir. Səhhətlərindəki narahatlıq, yaxud hansısa digər səbəb əsas götürülməklə, həmin şəxslər hissə-hissə həbsdən buraxılırlar. Məntiqlə, ABŞ bu prosesi təqdir etməli, Leyla və Arif Yunusların, həbsdən azad edilmiş digər şəxslərin əfvini alqışlamalıdır. Amma əksinə, bu dövlətin qanunsuz istəkləri ödənildikcə, təzyiqlər artır, ölkəmizə qarşı qarayaxmalar genişlənir. Kris Smitin bədnam layihəsi də məhz bu məqamda ortaya çıxıb.

Parlamentin spikeri Oqtay Əsədov elan edib ki, Helsinki Komissiyasının antiazərbaycan təşəbbüsü böyük əfv fərmanının imzalanmasına hazırlıq dönəminə təsadüf edir. Digər tərəfdən, Antalya şəhərində keçirilən "Böyük İyirmiliy"in toplantısı çərçivəsində Azərbaycan prezidentinin Barak Obama ilə təmaslarından sonra, bütün qəbahətlərinə rəğmən, ABŞ-a  münasibətdə xeyli loyal davranıldığı, münasibətlərin tənzimlənməsinə cəhd göstərildiyi  aşkar görünməkdədir. Münasibətlərin tənzimlənmə istiqaməti aldığı dönəmdə ABŞ-da antiazərbaycan ovqatın körüklənməsi anlaşılmaz görünür. Sadalanan faktlara istinad edən  ekspertlərin iddiası budur ki,ABŞ-a Azərbaycanda demokratiyanın möhkəmlənməsi yox, təzyiq üçün bəhanələr lazımdır). Məhkumların azad edilməsi, siyasi dustaq olduqları iddia edilən şəxslərin azadlığa çıxması antiazərbaycan şəbəkənin  əlindəki əsas bəhanələrdən birinin əldən çıxması deməkdir. Onlar üçün "sevdikləri" şəxslərin həbsdə olması daha yaxşıdır ki, bunu əsas gətirib Azərbaycana daima təzyiq göstərə bilsinlər. Beləliklə, bu düşüncə tərəfdarları ABŞ-a qarşı sərt reaksiya verilməsini, adekvat addımlar atılmasını təklif edirlər. 
Təmkinli davranmağın, baş verənləri təhlil edib qiymətləndirməyin, yalnız əsaslı təhlildən sonra cavab reaksiyası göstərməyin tərəfdarı olanlar da ciddi arqumentlərə malikdirlər.  

Berndə Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə görüşü keçirilir. Görüşün məqsədi Qarabağ probleminin tənzimlənməsi üçün  tərəfləri  güzəştə sövq etməkdir.  Görüşün keçirildiyi  dönəmdə Azərbaycan-Ermənistan qoşunlarının təmas  xəttində döyüş əməliyyatları bərpa edilib. ABŞ-da, Avropada antiazərbaycan ritorikası güclənib. Rusiyanın Ermənistanı  yeni silahlarla təmin etdiyini, Azərbaycana qarşı kökləndiyini  ehtiva edən informasiyalar çoxalıb. Heç şübhəsiz, müxtəlif qütblərdə  baş verən və fərqli prizmalardan yanaşılan bu hadisələri  bir nöqtədə birləşdirən səbəb var. ABŞ-da, Avropada, Rusiyada eyni prosesi eyni vaxtda kim başlada bilər? Müxtəlif maraqlara köklənmiş bu mərkəzləri bir nöqtə ətrafında kim birləşdirə bilər? Doğrudanmı ABŞ-ı, Avropanı, Rusiyanı eyni vaxtda bir nöqtə ətrafına birləşdirmək gücündə olan bir qüvvə var? Təbii ki, günümüzün şərtləri daxilində bu, imkansız görünür. Amma sual yaranır,  baş verənlərin səbəbi nədir? Müxtəlif ölkələrdə eyni anda başlanan antiazərbaycan kampaniyanın səbəblərini araşdıran ekspertlərdən bir qrupu iddia edir ki, ortadakı birləşdirici bağ erməni lobbisidir.  Ənənəvi olaraq Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə görüşü vaxtına təsadüf edən bu cür təzyiqlər Azərbaycan rəhbərini Qarabağ məsələsində güzəştə məcbur etmək məqsədi daşıyır. Bu dönəmlərdə aktivləşən erməni lobbisi "bütün dünyanı Azərbaycan üzərinə qaldıra" bilir. Amma erməni lobbisi ABŞ, Rusiya və Avropanı eyni anda bir nöqtə ətrafında birləşdirmək gücündədirmi? Ekspertlər bildirirlər ki, bu, zahirən belədir. Əslində Azərbaycan üzərinə gələn ABŞ, Rusiya, Avropa yox, bu ölkələrdəki erməni diasporu və onların ələ aldıqları lobbi qruplarıdırlar.  Bu qruplar bərkdən səs-küy salmaqla, öz hərəkətlərini bu dövlətlərin ümumi mövqeyi kimi nümayiş etdirə bilirlər. Təsadüfi deyil ki, Azərbaycan rəsmiləri  Kris Smitin layihəsinin şəxsi  təşəbbüs, yoxsa ABŞ dövlətinin siyasətinin göstəricisi olduğunu aydınlaşdırmağa zərurət yarandığını ifadə ediblər. Həmçinin, yalnız bu aydınlaşmanın aparılmasından sonra, ABŞ-a cavab reaksiyası göstərməyi təklif edirlər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirir ki, Smitin layihəsinin Konqresdə qəbul edilmək ehtimalı sıfra bərabərdir. Sadəcə o, ABŞ-dakı erməni lobbisinin aparıcı  simalarından biri kimi, ABŞ-Azərbaycan münasibətlərinin korlanması, Azərbaycanın imicinin ləkələnməsi üçün növbəti addımını atıb.    
Smitin hərəkətinə fərqli yanaşma mövcud olsa da, bu fərqlilikdə ortaq bir xətt mövcuddur: tərəflərdən hər biri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ABŞ-dan sərgilənən münasibətin qeyri-adekvat olduğunu vurğulayırlar. 

Amma ümumi ahənglə uzlaşmayan, Azərbaycanı haqsız çıxarmağa cəhd edənlər də yox deyil. Smitin təşəbbüsünə görə Azərbaycan hakimiyyətinin  məsuliyyət daşıdığını qeyd edənlər bir faktın üzərindən sükutla keçirlər. ABŞ Azərbaycana qarşı ən sərt, anlaşılmaz münasibəti 1992-ci ildə, Azərbaycanın müstəqilliyinin ilk ilində göstərib. Sovet rejimindən xilas olaraq öz müstəqilliklərinə qovuşmuş xalqlara, respublikalara yardım üçün ABŞ Konqresi  "Azadlığı müdafiə aktı" qəbul edib. Həmin akt çərçivəsində yeni elan edilmiş respublikalara həm siyasi, həm də maddi yardım göstərilib. Bu sırada təkcə Azərbaycan kənar tutulub. 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığı müdafiə aktı"na həmin ilin dekabr ayında  "907-ci düzəliş" əlavə edilib. Bu düzəlişə əsasən, sovet zülmündən xilas olmuş respublikalardan yalnız birinə - Azərbaycana yardım göstərilməsinə qadağa qoyulub. Səbəb kimi isə Azərbaycanın Ermənistanı və Qarabağı blokadaya alması göstərilib!  Maraqlıdır ki, 907-ci düzəliş kimi ədalətsiz bir akt qəbul ediləndə Azərbaycanda hakimiyyət başında məhz indi Smiti dəstəkləyənlər olublar. 

Müşfiq Ələsgərli

Oxşar xəbərlər