Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir

  • 03 dek 2019, 10:37

Bəzi siyasətçilər isə hesab edir ki, seçicilərin sayı 7 milyon olduğu halda bu məsələ aktuallaşa bilər

«Əslində reallıq onu tələb edir ki, parlamentin deputatlarının sayı məqbul dərəcədə qaldırılsın. Səhv etmirəmsə hələ sovet dönəmində əhali sayımız 7 milyon olanda deputat sayımız 300-dən artıq  idi. Ancaq hazırda əhalinin sayı 10 milyon olmasına baxmayaraq millət vəkillərinin sayı 125-dir. Bizim hazırkı seçki qanunvericiliyimizdə hər 40 min seçiciyə 1 millət vəkili nəzərdə tutulur». Bunu AĞ Partiyanın sədri Tural Abbaslı "Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, uzun müddətdir deputat sayının artırılması təklifləri verilir:

 «Ancaq indi nəzərə alsaq ki, indi seçici sayı artıb və bu sayı 125 seçki dairəsi üzrə bölsək, bu rəqəm 40 mindən xeyli çox olur. Həmçinin  millət vəkillərinin sayının artması demokratiyanın inkişafına və fikir müxtəlifliyinin artmasına, eyni zamanda siyasi partiyaların təmsilçilik imkanlarının da çoxalmasına təkan verər. Ancaq mən həm də proporsional seçki sisteminin tərəfdarıyam. İlk addımda 125 mojaritar, 26 vəkil isə proporsional siyahı üzrə seçilməlidir. Hazırkı siyasi durumu nəzərə alsaq, deyə bilərik ki, hazırda sayla bağlı nəsə etmək üçün zaman qalmayıb. Çünki bunun üçün referendum keçirilməlidir, buna isə hazırda zaman yoxdur”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, təklifin həyata keçməsi üçün referendum lazımdır. Referendum olacaqsa, deputatların sayının artırılmasına da, o cümlədən proporsional seçki sisteminin bərpasına da baxıla bilər: "Ümumiyyətlə, ölkədə referenduma çıxarılacaq xeyli sayda problemli müddəalar mövcuddur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd etdi ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmə görə, ölkədə 5 milyon 192 min seçici var. Bu isə təxminən hər seçki dairəsinə 40 min seçicinin düşməsi deməkdir: "Hesab edirəm ki, bu, normal bir rəqəmdir və bu gün dairələrin sayını artırmağa ehtiyac yoxdur. Seçici sayı 7 milyon olsaydı, o zaman dairələrin sayını artırmaq və paralel olaraq da deputatların sayını artırmağa ehtiyac yaranardı. İkincisi, deputatların sayını artırmaq üçün mütləq referendum çağırılmalıdır. Hazırda isə gündəmdə referendum yoxdur. Mən deputatların sayının artırılmasının tərəfdarı deyiləm”. 

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu bildirdi ki, Seçki Məcəlləsinin təkmilləşməsinə və proporsional seçki sisteminin bərpasına ehtiyac var: "Bu məsələlər həll olunmadan deputatların sayının 125-dən 151 yox, lap 500 olması da ciddi nəticə verməyəcək. Proporsional sestem bərpa olunmalıdır və parlamentin tən yarısı bu sistemlə seçilmiş deputatlar olmalıdır.

Ana Vətən Partiyası sədrinin müavini Fikrət Yusifov isə bildirdi ki, əhalinin sayının artması deputatların sayının artırılması üçün əsaslardan biri ola bilər: "Parlamentdəki deputatların sayının müəyyənləşdirilməsi ilə bağlı yaxşı olardı ki, bizə qonşu olan və hətta bizdən uzaqda yerləşən, lakin bir çox parametrləri ilə bizə yaxın olan digər ölkələrin bu sahədəki təcrübəsi öyrənilsin və bundan sonra parlament üzvlərinin say məsələsində ortaq bir məxrəcə gəlinsin. Məsələn, burada dediyimiz ölkələrdə əhalinin hər 100 000 nəfərinə düşən deputatların sayı kimi bir göstəricidən istifadə etmək olar. Digər tərəfdən, fikrimcə, parlamentdə deputatların sayının çoxluğu və ya azlığı əsas məsələ olmamalıdır. Prezident ölkədə onun müəllifliyi və rəhbərliyi altında aparılan islahatlara uyğun çevik bir parlamentin olmasını istəyir. Əsas olan da budur. Yeni parlamentdə peşəkar iqtisadçıların və hüquqşünasların daha çox olması bu hədəfi reallaşdırmağın ən düzgün yoludur. Hesab edirəm ki, bu seçkilərdə qalib gələnlərin çoxu dediyim peşəkarlar olacaq”.

Oxşar xəbərlər