Paşinyanın korlanan “siftə”si - Azərbaycan ABŞ-da havaya təyyarələr qaldırdı

  • 24 sen 2019, 09:28

Erməni baş nazir Kaliforniyada Bakının sürprizi ilə üzləşdi: "Qarabağ Azərbaycanındır! İşğala son qoy!”; ABŞ-ın ən böyük yəhudi qəzeti də Paşinyanı və Ermənistanı "vurdu”...

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri başlayıb. İşğalçı ölkənin rəhbəri ilk olaraq Kaliforniya ştatına gəlib, Los-Ancelesdə erməni icmasının təşkil elədiyi mitinqdə çıxış edib. Yarım milyonadək etnik erməninin yaşadığı ştatdan onun Nyu-Yorka - BMT Baş Məclisinə gedəcəyi gözlənilir. Lakin onun Amerika səfəri artıq "fiasko” ilə başlayıb. Necə deyərlər, "siftə” korlanıb.

Belə ki, Nikol Paşinyanın bu şəhərə gəlişini nəzərə alan ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu ona əsl sürpriz edib. Konsulluq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation” ("Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb.

Konsulluqdan yayılan xəbərdə deyilir ki, dünən bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, çoxlu sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti haqda məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

 

Bundan əlavə, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los-Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ölkənin ən böyük yəhudi qəzeti olan, Los-Ancelesdə nəşr olunan "Jewish Journal” və "NewzBlaze” qəzetlərində məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların (Njde Qaregin və başqaları - "YM”.) milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los-Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

 

*****

Qeyd edək ki, Ermənistan rəhbərinin ABŞ səfərində əsas hədəf rəsmi Vaşinqtonun gözündə rəğbət qazanmaq və Birləşmiş Ştatların işğalçı ölkəyə ciddi siyasi və maddi dəstəyinə nail olmaqdır. Amerikadakı erməni lobbisi də xeyli müddətdir bu yöndə səylər göstərir. Lakin bu səylərin hamısı boşa gedib. Artıq bəllidir ki, N.Paşinyan ABŞ-da nəinki prezident Donlad Trampla, habelə dövlət katibi Mayk Pomneo ilə də görüşmək şərəfinə nail ola bilməyəcək. Ötən saylarımızın birində vurğuladığmız kimi, "xalq baş naziri” ABŞ tərəfindən tam "qulaqardı”, "iqnor” edilib.

 

Bunun tək səbəbi Birləşmiş Ştatlarda Ermənistan rəhbərinə ciddi inam və etimadın qalmamasıdır. Ona görə ki, hakimiyyətdə olduğu ilyarımda o, Vaşinqtonun gözləntilərinin əksinə olaraq, Amerikaya yox, Rusiyaya yaxınlaşma kursu aparıb, o sırada Moskvanın istəyi ilə Suriyaya hərbi-humanitar missiya göndərib - hansı ki, Vaşinqtonun sərt reaksiyasına səbəb olub.

 

Reallıq belədir ki, Nikol Paşinyan ya zəlzələdən, ya vəlvələdən Amerika ilə yaxınlaşma siyasəti aparmağa qorxur. Bunu onun aşağıdakı etirafı bir daha təsdiqləyir. Söhbət Paşinyanın Rusiyanın qorxusundan Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Sorosla görüşdən imtina eləməsindən gedir.

"Davos İqtisadi Forumundan əvvəl Açıq Cəmiyyət İnstitutunun qurucusu Corc Soros mənimlə görüşmək istədiyini bildirdi, amma iş cədvəlim çox sıx idi, mən onun istəyini təmin edə bilmədim”. ABŞ-dakı brifinqdə Paşinyan belə deyib (Teleqraf.com). O, jurnalistlərə açıqlamasında haqqında bəzi məlumatların yayıldığını və onun "Sorosun adamı” adlandırıldığını bildirib, buna etiraz edib. Ermənistandakı hakimiyyət dəyişikliyinin kənar qüvvələr tərəfindən planlaşdırılmadığını deyib: "Ermənistanda inqilab təbii şəkildə, planlaşdırılmadan baş verib”.

O, inqilabı xalqın etdiyini və əks fikir səsləndirənlərin bununla erməniləri alçaltmaq istədiklərini söyləyib: "Məsələyə Soros və ya başqa birini qatmaq istəyənlər erməni xalqının ləyaqətini təhqir etmək istəyir. Erməni xalqı onları əzənləri tarixin zibil qutusuna atdı və onlar orada qalırlar”.

*****

Lakin Paşinyanın iddialarına rəğmən, Ermənistandakı 8 may "məxməri inqilab”ının baş tutmasında erməni xalqından çox Qərb, konkret olaraq, ABŞ-ın İrəvandakı səfirliyi (bu səfirlik əməkdaşlarının sayına görə postsovet məkanında ən böyük diplomatik nümayəndəlikdir - "YM”) və Soros Fondunun rolu olub. Danılmaz faktdır ki, ABŞ özünün maliyyəsi və yerli QHT-lər səviyyəsində verdiyi mühüm təbliğati dəstəyi ilə inqilabı tezləşdirib.

Başqa sözlə, əslində Paşinyan ilk növbədə ABŞ-ın projesidir. Daha doğrusu, proje idi. Çünki o, inqilabdan sonra Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa cürət etmədi. Əlavə edək ki, bir müddətdir İrəvanda Soros Fondunun yerli ofisi qarşısında etiraz aksiyaları keçirilir. Bu da inqilabda "Qərb izi”ni təsdiqləyən başqa bir detal. Paşinyanın ABŞ səfəri onun əleyhinə işləyən bu və digər sərt reallıqlar fonunda keçir... 

"Yeni Müsavat”ın analitik xidməti

Oxşar xəbərlər