ABŞ və Türkiyənin Ermənistanla bağlı ortaq “Yol xəritəsi”

  • 23 yan 2019, 09:25

Ankara və Vaşinqtondan prinsipial gediş - Ermənistan qarşısında müştərək Qarabağ və sərhəd şərti; düşmən ölkədə yeni təlaş: Trampın Paşinyana "təbrik” məktubunu Con Bolton yazıb?

Qarabağ konfliktinin həlli ilə bağlı ümidlər daha bir il "yaşlandı”. 2019-cu ildə bu ümidlər bir qədər artsa da, aydındır ki, çox şey Ermənistanın yeni iqtidarının nə dərəcədə məsələdə konstruktiv mövqe tutacağından asılı olacaq. Baş nazir Paşinyan və hökuməti isə belə görünür, bu mövqeyə xoşluqla köklənməyəcək. Demək, Nikolun qonşu Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılması ilə bağlı arzusu da gözündə qalacaq. Bu isə o anlama gəlir ki, işğalçı ölkənin blokadası davam edəcək və daha da ağırlaşacaq.   

"Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil”. Bunu dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşü zamanı söyləyib. O, Ermənistanın işğalçılıq siyasətini bir daha pisləyərək deyib ki, Ermənistanla indiki şərtlər altında münasibətlərin bərpası mümkün deyil və 2019-cu ildə də Ankara bu məsələdə ardıcıl siyasətimizi davam etdirəcək.

*****

"Məxməri inqilab”dan sonra ağır blokada rejimində varlığını davam etdirən Ermənistanda isə hələ də ABŞ prezidenti Donald Trampın baş nazir Nikol Paşinyana bu günlərdə göndərdiyi təbrik məktubu ciddi müzakirə mövzusudur. Məsələ ondadır ki, təbrikdən çox işğalçı ölkəyə xəbərdarlıq mesajları daşıyan həmin məktubda ilk növbədə İrəvanın blokada şəraitində olmasına görə onun özünün suçlu olması barədə eyham yer alıb. Bundan əlavə, mətndə açıq mesaj var ki, Qarabağ konflikti çözülməyincə Ermənistanla ABŞ, Qərb arasında əlaqələrin inkişafı mümkün olmayacaq. Türkiyə baş diplomatının da vurğuladığı kimi, bütövlükdə Qafqazda stabillik bərqərar olmayacaq.

Bu da məntiqlidir. Ona görə ki, həlli uzanan Qarabağ ixtilafı Ermənistanı Rusiyaya bağlayan, Kremlin bölgədə qalmasını şərtləndirən əsas faktordur - nə barədə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da keçən ilin oktyabrında İrəvanda olarkən birmənalı bəyan eləmişdi. Bolton onu da bildirmişdi ki, Dağlıq Qarabağ məsələsində Paşinyan iqtidarının real addımlar atması həm də öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə barışıq üçün və blokadadan qurtulmaq naminə lazımdır.

Bu xüsusda ABŞ və Türkiyə rəsmi şəxslərinin Qarabağ, blokada məsələsində ortaq yanaşma sərgiləməsi diqqət çəkməyə bilmir və təqdirəlayiqdir. Demək, Ankara və Vaşinqtonun İrəvana münasibətdə ortaq şərtindən, hətta hansısa ortaq "Yol xəritəsi”ndən danışmaq mümkündür. Hər necə olmasa, ikitərəfli münasibətlərdə taktiki xarakterli bəzi problemlərə rəğmən, NATO üzvü Türkiyə ABŞ-ın bölgədə əsas strateji müttəfiqi olaraq qalır və Ağ Ev Ermənistanın Rusiyadansa Türkiyəyə yaxın olmasında maraqlıdır. Bunu İrəvanda bilməmiş deyillər.            

*****

Bütün bunların fonunda İrəvanda D.Trampın hələ də müzakirəsi gedən təbrik məktubundan dolayı yaşanan əndişə ikiqat anlaşılandır.

"Əgər siz əvvəlki illərdə ABŞ-ın keçmiş prezidenti, keçmiş dövlət katibi və indiki prezidenti tərəfindən Ermənistana göndərilən müraciət-təbriklərə diqqət eləsiniz görərsiniz ki, sonuncu tamamilə başqa bir məktubdur, müstəsna haldır”. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am erməni portalına açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan deyib.

"Əvvəla, bu, ilk məktubdur ki, Birləşmiş Ştatlar Ermənistana sülhməramlı missiyalarda iştiraka görə təşəkkür eləmir - hansı missiya ki, ABŞ-da yüksək qiymətləndirilir və əvvəllər həmişə qeyd edilib. Budəfəki təbrikdə isə bu yoxdur. Mən bunu Ermənistanın Suriya böhranında iştirakı ilə bağlayıram - nəyi ki, Amerika məmnunluqla qarşılamayıb”, - deyə o vurğulayıb.

Erməni politoloq ardınca bildirib ki, belə təbrik məktublarını adətən ABŞ-ın Milli Təhlükəsizlik Şurasının administrasiyasında yazırlar: "Bu administrasiya isə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, bir neçə ay öncə İrəvanda olmuş Con Bolton tərəfindən koordinasiya edilir”.

Sərkisyan Trampın məktubunda "narahatlıq doğuran” daha bir neçə nüansa diqqət yönəldib. "İlk növbədə bu, ”Ermənistanın qonşularla demokratik və dinc birgə mövcudluğu" termininə aiddir. Söhbət əlbəttə ki, hər şeydən öncə Azərbaycandan, sonra isə Türkiyədən gedir. Məsələ ondadır ki, aradakı əlaqələr nə qədər ziqzaqvari olsa da, Türkiyə bölgədə ABŞ-ın strateji müttəfiqidir. Narahatlıq doğuran həmçinin odur ki, eyni ifadə Azərbaycana münasibətdə işlədilməyib. Yəni belə çıxır ki, Ermənistanın öz qonşuları ilə dinc-yanaşı yaşamaq problemi var, Azərbaycan və Türkiyənin isə yox", - deyə erməni ekspert əlavə edib.

*****

"Belə çıxır” deyəndə ki, reallıqda belədir ki, var. Səbəb də İrəvanın əsassız torpaq iddiaları üzündən 30 ildir uzanan Qarabağ problemidir. Təəssüflər olsun ki, bu acı reallığı Ermənistanın rəhbərləri arasında yalnız eks-prezident Levon Ter-Petrosyan anlamağa başlamış və Dağlıq Qarabağın statusu sonraya saxlanmaqla Azərbaycanla mərhələli həllə razılıq vermişdi. Buna görə də Rusiyanın birbaşa dəstəyi ilə o, hakimiyyətdən devrildi.

Onun yerinə Moskvaya bu gün də sadiq olan Köçəryan-Sərkisyan cütlüyü, Qarabağ klanı, "müharibə partiyası” gəldi. Nəticədə daha 20 il itirilmiş oldu. Ən əvvəl də işğalçı Ermənistan və onun xalqı üçün. Bəs qərbyönlü Paşinyan bu "tilsimi” qıra biləcəkmi? Hər halda, qonşu Azərbaycan və Türkiyə də, Paşinyana ümidlər bağlayan ABŞ da indi bunu istəyir. Ən əsası, Ermənistanın başqa xilas formulu mövcud deyil...

Siyasət şöbəsi,
"Yeni Müsavat”

Oxşar xəbərlər