İsrailin müdafiə naziri Bakıya gəldi

  • 14 sen 2018, 08:32

Liberman prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla müzakirələr aparıb

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də İsrailin  müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub. Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd edilib, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirilib.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq ElÅÉn Mustafayev

Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a şərhində bildirdi ki, İsrail dövləti ilə Azərbaycan arasında münasibətlər həmişə isti olub. Hətta zaman-zaman Türkiyə ilə aralarında yaranan soyuqluq vaxtlarında Azərbaycanın Türkiyəyə olan münasibətini bilə-bilə yenə də bizimlə yaxşı münasibətlərini davam elətdiriblər. İsrail kiçik dövlət olsa da regiondakı proseslərdə mühüm söz sahibidir. Yaxın Şərq məsələsində üzdə görünməsə də, bölgənin siyasi ab-havasının formalaşdırılmasında rolu böyükdür: "Cənubi Qafqazda Azərbaycan və Gürcüstan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən dövlətlərdir. Ermənistanın isə həm iqtisadi, həm də siyasi cəhətdən müstəqil olmaması və sərbəst qərarlar vermək imkanın minimum həddə olması səbəbindən bu gün üçün onunla əməkdaşlıq mənasız görünür.  Azərbaycan isə bölgədə strateji əhəmiyyətə malik ölkə kimi müttəfiqlik və əməkdaşlıq baxımından digər dövlətlər üçün çox cəlbedicidir. İsrail də bu istiqamətdə bizimlə əməkdaşlıq edir. Sözsüz, bu səfərin detalları, aparılacaq danışıqların mövzusu, hətta bəzi məsələlərdə razılaşmalar öncədən müzakirə olunub. Bu detallarla bağlı indidən bir söz demək bir az çətindir. Səfərin yekunları ilə bağlı rəsmi məlumatlardan sonra daha geniş münasibət bildirilə bilər. Amma şübhə etmirəm ki, görüşdə müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri, Yaxın Şərq və İranla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda Dağlıq Qarabağ probleminin tərəflər arasında müzakirə olunduğu da məlumdur. İstənilən halda bu gün İsrailin dünyadakı proseslərə təsir imkanını nəzərə alsaq belə görüşlərin keçirilməsinin əhəmiyyəti böyükdür. Həmçinin İsrailin də bu görüşlərdən gözlədiyi dividentlər var”.

Politoloq Natiq Miri isə bildirdi ki, Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı ciddi əlaqələr qarşılıqlı maraqlara söykənir. Azərbaycan bu günə qədər beynəlxalq səviyyədə apardığı siyasət və müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla olan münasibətlərində dünyada sülhün qorunmasında mühüm rol oynadığını sübut edib.

Eləcə də, Azərbaycan-İsrail arasındakı qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir: "Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. İsrail həm də Azərbaycan neftinin ən böyük alıcılarındandır. Bu baxımdan, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Bundan başqa, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan İsraildən ən müasir silahlar alır və bu silahlar ərazilərimizin işğaldan azad edilməsində, ölkə sərhədlərinin qorunmasında çox böyük rol oynayacaq. İsrailin istehsal etdiyi dronlar aprelin əvvəlində təmas xətində baş verən münaqişə zamanı özünü doğrultmuşdu. Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması, hər iki ölkənin daxili işi olmaqla yanaşı, ölkələrimizin inkişafına və təhlükəsizliyin təmin olunmasında böyük rola malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Məsələnin daha ciddi və real siyasətə söykənən tərəfləri vardır. Belə ki, İsrail Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsində çox mühüm rol oynayaraq, dostluq münasibətini və ölkəmizin təhlükəsizliyinin, milli maraqlarımızın qorunmasında maraqlı olduğunu ortaya qoymuş oldu”.

Ekspertin sözlərinə görə, İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir.

Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model hesab edilir.

"Yeni Müsavat”

Oxşar xəbərlər