Gəncədə baş verənlər bunun nəticəsidir - Şərh

  • 11 iyul 2018, 10:23

Hələ mən bir neçə gün öncə bildirmişdim ki, bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Təəssüf ki, bu gün bu baş verdi. İki polis zabitimiz şəhid oldu. Fürsətdən istifadə edib onların ailələrinə başsağlığı verirəm. Düşünürəm ki, indiki məqamda Azərbaycan hökuməti daha sərt qərarlar qəbul etməlidir".

Bunu Teleqraf.com-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Gəncədə iki polis zabitinin qətlə yetirilməsilə nəticələnən iğtişaş cəhdinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Gəncədə baş verənlər bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir: "Azərbaycan xalqı, gəncəlilər sabitliyin pozulmasına, iğtişaşa qarşıdırlar. Biz daha ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, bir neçə gün öncə Gəncədə baş vermiş terror hadisəsini törədən şəxsin sosial şəbəkələrdə qəhrəman kimi xalqa təqdim olunması özünün acı nəticəsini göstərdi. Bu gecə polisi qətlə yetirənlər məhz sosial şəbəkələrdəki paylaşımlardan ruhlanıblar. Hesab edirəm ki, terrorçunu qəhrəman kimi təqdim edənlər barəsində də ölçü götürülməlidir".

Ə.Nuriyev qeyd etdi ki, Gəncədə baş verənlər birmənalı şəkildə xaricdən idarə olunur: "İnsanların müqəddəslərə olan münasibətlərindən istifadə edən həmin qüvvələr təəssüf ki, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər, amma bu alınmayacaq. Çünki Azərbaycan xalqı, gəncəlilər dinc şəraitdə, xöşbəxt yaşamağın tərəfdarıdırlar. Biz yaxın keçmişimizdən ibrət götürmüşük. Bir daha o illərə qayıtmaq istəmirik".

Oxşar xəbərlər