Ermənistanın 5 rayonluq “güzəşti”

  • 20 sen 2017, 09:19

İşğalçı ölkənin XİN başçısı Nyu-York görüşü öncəsi özünü "mələk” libasında göstərmək istədi; ekspertlərin bu bəyanata münasibəti fərqlidir...

Ermənistan XİN başçısı Edvard Nalbəndyan 18 sentyabrda İrəvanda keçirilən ümumerməni "Ermənistan-Dispora” forumunda ölkəsinin güzəştə gedə biləcəyini deməklə erməniləri şaşırdıb. Erməni nazir "Ermənistan təhlükəsizlik baxımından Dağlıq Qarabağı təhdid etməyən 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparır” - deyə, bildirib.

Nalbəndyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - erməni nazir qeyd edib.

Burdaca vurğulayaq ki, elə həmin tədbirdə prezident Serj Sərkisyan diasporanı Qarabağ uğrunda daha da səfərbər olmağa çağırmış və Dağlıq Qarabağın "müstəqilliyi” ilə bağlı iddianın vazkeçilməz olduğunu demişdi. XİN rəhbərinin dedikləri əslində Sərkisyanı təkzib demək deyil. Erməni tərəfi Dağlıq Qarabağın qoparılmasının müqabilində "təhlükəsiz” ərazilərin qaytarılmasını vaxtaşırı mümkün hesab ediblər. Lakin 2016-cı ilin aprelində biz S.Sərkisyanın Lələtəpə uğrunda "mübarizəsi”nin də şahidi olmuşuq. Bu mənada ola bilsin ki, erməni hakimiyyəti yenə də vaxt qazanmaq istəyinə düşüb. Xüsusilə də BMT-də gözlənilən müzakirələr fonunda bu bəyanatın səsləndirilməsi təsadüfə oxşamır.

Digər məlumata görə, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub. Ermənistan mediası "Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır. O sırada  erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, danışıqların nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır.

Mövzunu "Yeni Müsavat”a şərh edən politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Nalbəndyanın fikirlərində ən maraqlı məqam onun rəsmi İrəvanın indiyədək irəli sürdüyü iddiaları dolayısıyla təkzib etməsidir: "Belə ki, Ermənistan indiyədək Dağlıq Qarabağ ətrafındakı 7 rayonun separatçı bölgənin təhlükəsizliyi üçün işğal altında saxlanıldığını iddia edirdi. Göründüyü kimi, Ermənistan əvvəlki mövqeyindən ”5 addım" geri çəkilib. Ermənistan Lavrov planından imtina etdiyini heç zaman dilə gətirməyib. Çünki biz Lavrov planının da, Duqinin və Nalbəndyanın açıqlamalarının da yalnız görünən və eşidə bildiyimiz tərəfləri ilə tanışıq. Digər detallar isə açıqlanmır. Ermənistanın xarici işlər naziri də iddia edir ki, digər məqamlar açıqlansa, danışıqlar prosesi pozula bilər. Bu baxımdan, bizə yalnız ehtimal etmək qalır. Bu ehtimalları dəyərləndirmək üçün isə bir suala cavab tapmaq lazımdır: Ermənistan və Rusiya 5 rayonun Azərbaycana qaytarılmasının müqabilində nə istəyirlər? Sərkisyan Dağlıq Qarabağın "müstəqilliyindən” danışır. Hesab edirəm ki, nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının "Dağlıq Qarabağın müstəqilliyini” qəbul etməsi mümkün deyil. Dövlət başçısı bunu dəfələrlə bəyan edib və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasının qırmızı xətt olduğunu bildirib. Bu baxımdan, Sərkisyanın iddialarının üzərindən də qırmızı xətt çəkmək lazımdır. Çox güman ki, işğalçı ölkənin başçısı diaspor təmsilçilərini ümidləndirmək və onları davamlı olaraq "sağmaq” üçün belə danışıb". E.Mirzəbəylinin fikrincə, indiki məqamda önəmli olan Ermənistandan daha çox, Rusiyanın nə istəməsidir: "Nə istəyə bilər Rusiya? 5 rayonun müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünümü? Laçın və Kəlbəcər ərazilərinə, o cümlədən Dağlıq Qarabağ ərazisinə ”sülhməramlı qüvvələr" adı altında rus qoşunlarının yerləşdirilməsinimi? Sərhədlərin birgə qorunmasınımı? Biz Rusiyanın arzu və istəklərini yalnız ehtimal edə bilirik".

Qeyd edək ki, ötən həftə Rusiyada Azərbaycan nümayəndə heyəti ilə birgə keçirilən konfransda Putin hakimiyyətinin ideoloqlarından biri Aleksandr Duqin 5 rayonun qaytarılması zərurətindən bəhs etmişdi. Bunun ardınca Ermənistan XİN başçısının dedikləri təsadüfə oxşamır. E.Mirzəbəyli bildirdi ki, Duqinin çıxışlarında 5 rayonun qaytarılması ilə yanaşı, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə qoşulması da paralel olaraq yer alır: "Mən Duqinin danışıqlar prosesinin məxfi detalları ilə tanış olduğunu düşünmürəm. Hətta bəzi məqamlar haqqında məlumatlı olsa da Kremlin razılığı olmadan onları dilə gətirməz. Bu baxımdan çox güman ki, Duqin də ehtimallarını dilə gətirir. Bütün bunlardan başqa önəmli olan digər məqamlar da var: digər 2 rayonun taleyi, Dağlıq Qarabağın aralıq və yekun statuslarının necə olacağı və s. Bütün bu məsələlər necə və hansı öhdəliklər əsasında həyata keçiriləcək? Müddət nə qədər olacaq? Rusiyanın öhdəliklərinə necə ”sadiq qaldığını" yaxşı bilirik. Ukraynanın nüvə silahından imtinası müqabilində onun ərazi bütövlüyünə verilən təminata Moskvanın necə əməl etdiyini gördük. Bu baxımdan, hesab edirəm ki, indiki mərhələdə Rusiyanın zəmanətlərinə bel bağlamaq olmaz. Rusiya mərhələli həll planını da çox güman ki, öz maraqlarına adaptasiya etməyə çalışır. Belə olduğu təqdirdə problemin tam həllinə nail olmadan Rusiyanın ehtimal edilən arzu və istəklərinə pozitiv cavab verilməsinin mümkünsüzlüyünü düşünürəm. Beş rayonun qaytarılması yalnız danışıqlar prosesinin davam etdirilməsi üçün təhlükəsiz fundament yarada bilər və bu, belə də qəbul edilməlidir".

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat”a bildirdi ki, Nalbəndyanın fikirləri "Lavrov planı”nın tərkib hissəsidir: "Yalnız 5 rayonun azad olunmasını nəzərdə tutan həll planı bizim xeyrimizə deyil. Çünki 5 rayonun əvəzində statusun müəyyənləşdirilməsini istəyirlər. Bu mənada Lavrovun hazırladığı plan maraqlarımıza cavab vermir. 5 rayon qeyd-şərtsiz azad olunmalıdır, uzaqbaşı separatçılara təhlükəsizlik təminatı verilə bilər. Ancaq biz bilməliyik ki, separatçılar Şuşa, Laçın və Kəlbəcəri nə zaman boşaldacaqlar. Bunlar olmadan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması bizə baha başa gələ bilər”.

Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları əks-hücum təlimləri keçiriblər (azVision.az). Təlimin gedişatını korpus komandiri general-mayor Karen Abrahamyan izləyib. Təlimə alayın idarə heyəti, minaatan batareya, artilleriya və təminat bölmələri, kəşfiyyat və mühəndis-istehkam taqımları, həmçinin 2 ədəd "SU-25" qırıcı təyyarəsi, 2 ədəd ”Mİ-24" və 1 ədəd "Mİ-8" helikopterləri, tanklar, artilleriya bölmələri cəlb edilib. Bəlkə də bu, Azərbaycan-Türkiyə birgə təlimlərinə və ordumuzun 15 minlik şəxsi heyətinin iştirakı ilə baş tutan təlimlərinə ”cavab" cəhdidir. Ümumən ermənilər narahatdır.

Azərbaycan prezidentinin BMT-nin ali toplantısında iştirak məqsədilə Nyu-Yorka getməsindən sonra S.Sərkisyanın da Baş Assambleyada iştirak qərarı verməsi ermənilərin narahatlığının göstəricisidir.

Oxşar xəbərlər