“Qalib” Ermənistan məğlub günündə – Siyasi şərh

  • 05 avq 2017, 08:33

Status-kvonun uzanması ən çox işğalçı ölkənin ziyanına işləməkdədir, nəinki Azərbaycanın; sabiq XİN başçısı: "Uduzduğumuz müharibənin qalibi ermənilər deyil...”

İşğalçı Ermənistan indi də Rusiya ilə ABŞ arasında var-gəl eləməyə başlayıb. Belə görünür ki, həm Qarabağdakı separatçı-terrorçular, həm də Ermənistanın başında duran cinayətkar rejim erməni xalqını daha bir neçə il aldatmaq üçün yollar axtarırlar. Çünki ötən böyük zaman kəsiyində - az qala, 30 ildə onların Dağlıq Qarabağı Ermənistana de-yure birləşdirmək və ya de-yure müstəqil eləməklə bağlı verdikləri vədlər bütünlüklə fiasko olub.

Sadə ermənilər artıq anlamağa başlayıblar ki, bu kimi boş və əsassız vədlərə görə illərdir iztirab çəkməyə, sıxıntı keçirməyə lüzum yoxmuş - ona görə ki, heç kim Ermənistanın ərazisinin Dağlıq Qarabağ hesabına genişləndirilməsini real saymır. Diqqət edin, əgər Rusiya kimi bir dövlət, hərbi supergüc Krımın, Abxaziya və Cənubi Osetiyanın işğalını illərdir qanuniləşdirə bilmirsə, heç yerdə ciddi söz sahibi olmayan cırtdan Ermənistanın edəcəyi, ümumiyyətlə, mümkün deyil və absurddur.

İrəvanın bu günədək Dağlıq Qarabağdakı separatçı qurumun "müstəqilliyini” tanımağa cürət eləməməsi qənaətimizi bir daha təsdiqləyir. Lap tanısaydı belə, nə dəyişəcəkdi ki? Dünya, Qərb Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul edəcəkdimi? Xeyr. Rusiya Abxaziya və Cənubi Osetiyanı dövlət kimi tanıyıb, bununla onlar müstəqil dövlətmi olub? Olmayıb.

Odur ki, məntiqi sual ortaya çıxır: Ermənistan işğalçılıq siyasəti ilə nəyə nail olub? Dövlətçiliyi möhkəmlənibmi, erməni xalqı rifaha qovuşubmu? Dağlıq Qarabağa görə bunca canlı və maddi itkilərə, davam eləməkdə olan çətinliklərə və izolyasiya rejiminə, ödənilən bədələ, bitib tükənməyən əsgər ölümlərinə dəyərdimi?


Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Ağdamın işğalının ildönümü ilə bağlı özünün facebook səhifəsində yazdığı status ibrətamizdir. Ermənilər üçün təbii ki. "Demokratik.Az" Musavat.com-a istinadən həmin statusu olduğu kimi təqdim edir:

"İyulun 23-də Ağdamın işğalının ildönümü idi. İşğal nəticəsində 30 min sakin öz yurd yerlərindən didərgin salındı, onların evləri qarət edildi və dağıdıldı. 90-cı illərin əvvəllərində bizim müharibəni uduzmağımız aydındır, ancaq erməniləri qalib adlandırmaq olarmı? Ermənilərə heç vaxt yaşamadıqları və heç vaxt yaşamayacaqları torpaqlar nəylərinə lazım? Hansı məqsədin xətrinə onlar həlak oldular və əsgərləri həlak olmaqda davam edir? Niyə onların banda başçıları, - hansılar ki, özlərini ərəbcə ”fədai" adlandırırdı, - bu gün Qarabağdan başqa harda gəldi yaşayırlar? Niyə bu "qəhrəman-qurtluşçular” evlər tikmirlər - hansı evlərdə ki, indi onların uşaqları yaşamalı və "qələbə”nin meyvələrini dadmalı idilər? Siz təsəvvür edə bilərsinizmi ki, komandan Fidel Kastro qələbədən sonra yaşamaq üçün öz ailəsi ilə birgə hardasa xaricə, uzaqlara çəkilsin və Kubaya da yalnız məzuniyyət mövsümündəki kimi, arada bir, bağ evinə gələn kimi gəlsin? Bu, nə absurd teatrıdır önümüzdə oynanılır? Niyə vasitəçilər artıq 25 ildir erməniləri işğal elədikləri torpaqlardan çıxmağa məcbur edə bilmirlər? Başa düşmürəm və qəbul eləmirəm! Heç vaxt da razılaşmayacağam!"

*****

Əslində sabiq diplomatın qoyduğu sualların hamısı ritorikdir. Yəni onların cavabını özü də pis bilmir - uzun illər Qarabağ danışıqlarının içində olan vəzifəli şəxs kimi, XİN başçısı kimi. T.Zülfüqarov bilməmiş deyil ki, Azərbaycanın müvəqqəti uduzduğu müharibənin qalibi Ermənistan yox, Rusiyadır. Eks-nazir onu da bilməmiş deyil ki, ərazilərimizin işğalının bunca uzanmasının birinci səbəbi Ermənistan tox, Ermənistanla yumşaq davranan, daha dəqiqi, onu işğalçı kimi tanımaq istəməyən ATƏT-in Minsk Qrupu həmsərdləridir.

Halbuki buna onların nə hüquqi, nə də mənəvi haqları var. Ən azından ona görə ki, BMT Nizamnaməsini, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini, nəhayət, ölkələrin ərazi bütövlüyünü zor gücünə dəyişməyi yasaqlayan beynəlxalq hüququ heç kim ləğv eləməyib.

Necə olur, Gürcüstan, Ukrayna, Moldovaya münasibətdə Qərbin aparıcı gücləri bunu dərhal gözə soxur, Rusiyanı işğalçı adlandırır, ona qarşı sanksiyalar tətbiq edir, amma eyni işğalçı hərəkəti eləmiş Ermənistana qarşı tam fərqli bir davranış sərgiləyir, onun başı sığallanır, sanksiyalar bir yana, hətta ərazisi işğal edilmiş Azərbaycandan güzəşt tələb edirlər?

Azərbaycandan hansı güzəşti gözləyirlər, ərazi güzəştimi? Nə Azərbaycan xalqı, nə də Azərbaycandakı heç bir siyasi qüvvə buna heç vaxt getməyəcək. Azərbaycanda onun ərazi bütövlüyünün ikinci erməni "dövləti”nin qurulması hesabına dəyişdirilməsinə razı olacaq nəinki siyasi qüvvə, heç bircə adam belə yoxdur!

Bu xüsusda Azərbaycan prezidenti az öncə etdiyi çıxışların birində bizdən güzəşt gözləyən bədxahlara haqlı olaraq belə bir mesaj göndərmişdi ki, "bunu gözləyənlər boşuna gözləyir, belə bir şey heç vaxt olmayacaq!” Prezident yalançı qələbə eyforiyası içində olan düşmənə onu da ismarış kimi bəyan eləmişdi ki, müharibə hələ bitməyib, onun yalnız birinci hissəsi başa çatıb.

*****

Doğrudur, işğal rejiminin, status-kvonun uzanması Azərbaycan üçün də əlavə itkilər deməkdir. Amma izolyasiya rejimində olan və iqtisadiyyatı rüşeym halından çıxa bilməyən Ermənistan üçün qat-qat böyük itkilər, yeni-yeni məhrumiyyətlər deməkdir. Biz hələ silahlanma yarışının işğalçı ölkəni necə daha ağır vəziyyətə və Rusiyadan daha güclü asılılığa saldığını demirik.

Rusiya isə Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə də həllini istəmir. Bunu, deyəsən, ermənilər indi-indi anlamağa başlayıblar. Keşkə, onu da tezliklə anlayaydılar ki, Qarabağ məsələsinin həlli Rusiya və Qərbdən daha çox Ermənistanın Azərbaycanla dil tapmasından keçir.

Yolu bəlli. Nə qədər ki, erməni xalqı və onun başbilənləri bu sadə gerçəyi anlamayıb, nə qədər ki, erməni toplumu Xocalı hərbi canisi Serj Sərkisyan və bandasının Qarabağ və xoşbəxtlik nağıllarına inanmaqda davam edəcək, o vaxtadək də onların iztirabları bitməyəcək, Qarabağ xülyası, "miatsum” dərdi erməni xalqının başına hələ çox müsibətlər gətirəcək.

Oxşar xəbərlər