Müxalifət fəalları “Gürcüstan cənnəti”ni itirə bilər

  • 11 may 2017, 09:11

Natiq Cəfərli: "Ola bilər ki, Gürcüstan tərəfi Azərbaycan tərəfinə bir jest kimi müəyyən addımlar atsın”

Tiflis Apelyasiya Məhkəməsi şəhər məhkəməsinin azərbaycanlı müxalifətçi Daşqın Ağalarova yaşayış hüququnun verilməsi barədə qərarını ləğv edib. O, bir ay ərzində Gürcüstanı tərk etməlidir. Bu barədə "Turan” informasiya agentliyinə NİDA hərəkatının fəalı Əfqan Muxtarlı bildirib. Məlumatda deyilir ki, məhkəmənin müvafiq qərarı artıq D.Ağalarova təqdim olunub. BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı da Ağalarovun üçüncü ölkələrdən birinə göndərilməsi barədə xahişinə imtina ilə cavab verib.

Qeyd edək ki, Daşqın Ağalarov 2014-cü ilin mart ayında Batumi vasitəsilə Türkiyəyə getmək istəyərkən saxlanılmışdı. Onu 6 ay təcridxanada saxlamış və Azərbaycana qaytarmaq istəmişdilər, lakin Tiflis Ağalarovu azad etmişdi. Azərbaycanda Daşqın Ağalarov vergi ödənişlərindən yayındığı üçün axtarışa verilib.

Bildirək ki, ötən həftə virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayevin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan gizli qüvvələri barədə araşdırma yazısı dərc edilmişdi. Məqalədə bildirilirdi ki, Gürcüstanın ərazisi Azərbaycana siyasi-ideoloji ekspansiya üçün özünəməxsus platsdarma çevrilib. Rəsmi Tiflisin buna nə üçün şərait yaratdığı da sual olaraq qoyulub. 
Onu da qeyd edək ki, son 4-5 ildə Gürcüstana xeyli sayda Azərbaycan vətəndaşı sığınıb. Onların sırasında QHT təmsilçiləri, bəzi jurnalistlər, ictimai-siyasi fəallar var. Gürcüstanda həmin şəxslərin müxtəlif beynəlxalq təşkilatlarla əlaqəli fəaliyyət göstərmələrinə indiyə qədər heç bir problem yaradılmayıb. Azərbaycan hökumətinin müxtəlif təmsilçilərinin dilindən isə ara-sıra həmin şəxslərin bəzilərinin Azərbaycana qarşı olan beynəlxalq təşkilatlarla işbirliyində olduqları barədə bəyanatlar səslənib. Hətta belə məlumatlar da yayılıb ki, sözügedən fəalların fəaliyyəti ilə bağlı Bakı Tiflisə narahatlığını, narazılığını da çatdırıb.

İndi Daşqın Ağalarov adlı şəxsin barəsində məhkəmənin çıxardığı qərar Gürcüstanda fəaliyyət göstərən Azərbaycan vətəndaşı olan siyasi, ictimai fəalların da bu ölkədən çıxarılmasına başlanacağının anonsu sayıla bilərmi? Proses genişlənə və hər kəsi əhatə edə bilərmi?

REAL Hərəkatının icraçı katibi, əslən Gürcüstandan olan tanınmış iqtisadçı Natiq Cəfərli öncə bildirdi ki, Daşqın Ağalarovu şəxsən tanımır və hansı fəaliyyətlə məşğul olduğu haqda məlumatı yoxdur: "Ola bilsin ki, sənədlərində problemlər olub. Problem olmasaydı, həmin şəxsə qarşı belə bir məhkəmə qərarının verilməsi mümkünsüz olardı”.

Daşqın Ağalarovla bağlı çıxarılan qərarın digər Azərbaycan vətəndaşları ilə bağlı çıxarılacaq qərarın və ya prosesin anonsu olub-olmadığına gəldikdə, Natiq Cəfərli dedi ki, kütləvi bir prosesin başlayacağı inandırıcı deyil. Gürcüstan qanunlarını pozan insanlar olacaqsa, Gürcüstan qanunlarına uyğun olaraq da həmin şəxslər haqda məhkəmə qərarları ola bilər.

Bu da normaldır, hər bir ölkə öz ölkəsində yaşayan qanuni və qeyri-qanuni miqrantlarla bağlı qərarlar qəbul etmək hüququna malikdir: "Sadəcə, son zamanlar bu məsələlərlə bağlı mediada səs-küylü məlumatlar yayılmasından sonra ola bilər ki, Gürcüstan tərəfi Azərbaycan tərəfinə bir jest kimi müəyyən addımlar atsın. Lakin bu cür addımların çoxsaylı davamlı olacağını, kütləvi hal alacağını söyləmək çətindir. Gürcüstan Avropa Birliyinə can atan, qanunun aliliyini təmin etməyə çalışan, müstəqil məhkəmə hakimiyyətini qurduğunu bəyan edən, imicini qoruyan ölkələrdən biridir. Odur ki, Gürcüstan ərazisində yaşayıb heç bir qanunları pozmursansa, inanmıram ki, Gürcüstan hökuməti öz imicinə zərbə vuraraq sənə qarşı hansısa qeyri-qanuni qərarlar qəbul etsin. Əgər ölkə ərazisində yaşayan hər hansı bir şəxs-istəyir ictimai-siyasi fəal olsun, istəyir adi miqrant olsun, ölkənin qanunlarını pozmayacaqsa, düşünmürəm ki, Gürcüstan həmin insanlara hər hansı bir problem yaratsın və deportasiya qərarları versin. Qanun və qaydaları pozanlarla bağlı isə təbii ki, deportasiya qərarları ola bilər. Həm də bu, rəsmi Bakıya da bir jest, Azərbaycan hökumətinin qayğılarının qarşılanması kimi də təqdim oluna bilər”. 

N.Cəfərlinin fikrincə, belə addımları Gürcüstan hökuməti qanunları pozmaqla atacaqsa, həmin o fəallar üçün Avropa yolu daha açıq olacaq. Yəni istənilən Avropa ölkəsi barəsində qərar çıxarılmış insanları qəbul etməyə rahatlıqla razılıq verəcək: "Gürcüstanda həmin azərbaycanlılara süni problemlər yaradılacaqsa və onlar barədə qanunu pozaraq qərarlar çıxarılacaqsa, həmin şəxslər rahatlıqla Avropa ölkələrinə köçüb gedə biləcəklər. Gürcüstan hökuməti yaxşı bilir ki, Gürcüstan məhkəmələrinin qanunsuz qərarlar verdiyi, sifarişlə qərar çıxardığı məlum olsa, bu, ölkənin Avropa Birliyinin gözündən düşməsinə, Avropaya inteqrasiyasına maneəyə səbəb ola bilər. Gürcüstan isə belə məsələlərə həssas yanaşır. Çünki Gürcüstan çox açıq şəkildə qarşısına Avropa Birliyinə, NATO-ya üzv olmaq hədəfini qoyub. Bu hədəfə əngəl yaradacaq addımlar atmamaq qərarındadırlar”.

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı fəalların sayının nə qədər olduğuna gəlincə, N.Cəfərli bildirdi ki, dəqiq sayını söyləmək çətindir, amma sosial şəbəkələrdə yayılan məlumat və şəkillərdən görünür ki, çoxlu saydadır: "2014-cü ildən Azərbaycanda və Ermənistanda sivil toplumun işləməsi ilə bağlı maneələr yarandı, qanunvericilik sərtləşdirildi və işləmək üçün şəraitin olmaması üzə çıxdı. Gürcüstan da bu vəziyyətdən istifadə etdi, xarici donorlarla çalışmağa üstünlük verdi və Gürcüstan iqtisadiyyatına, imicinə böyük xeyri oldu bunun. Keçən ilin məlumatlarına görə, yarım milyard dollara yaxın təkcə sivil toplumda xarici donorların iştirakı olub. Bu da təxminən 40 minə yaxın Gürcüstan vətəndaşının işlə təmin olunmasına səbəb olub. Gürcüstanda QHT qanunvericiliyi vətəndaş cəmiyyətinin çalışması üçün çox yaxşı şərait yaradıb. Bundan da ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gəlir. Qafqazla bağlı əksər platformalar, müzakirələr məhz Gürcüstan ərazisində keçirilir ki, bu da Gürcüstanın otel biznesindən tutmuş, xidmət sahələrinin inkişafına, iş yerlərinin yaradılmasına qədər çox pozitiv təsirə malikdir.

Azərbaycanın bir sıra vətəndaşı cəmiyyəti nümayəndələrinə də Gürcüstanda QHT qanunvericiliyi imkan yaradıb ki, oraya üz tutsunlar. Yaxşı olar ki, Azərbaycan hökuməti qanunları sadələşdirsin və QHT-lərin Azərbaycanda sərbəst fəaliyyətinə şərait yaransın, hər kəs burada fəaliyyətə üstünlük versin. Problemlər 2014-cü ildən başlandı və bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri bundan sonra Gürcüstanda fəaliyyətə başlamalı oldular. Səbəb ölkəmizdə qanunların sərtləşməsi idi. Ona görə də Azərbaycanda QHT qanunvericiliyinin dəyişdirilməsinə zərurət var. Bu baş verərsə, insanların Gürcüstana üz tutub orada fəaliyyət göstərməsinə də ehtiyac qalmayacaq. Gürcüstanda QHT-lərin dövlət qeydiyyatı o qədər sadələşdirilib ki, hətta Avropa ölkələrindəkindən də sadə və asandır. 15 dəqiqəyə QHT-ni qeydiyyata aldırmaq olar". Ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin də imkanları var ki, belə etsin və ölkəmizə dividentlər gəlsin.


Etibar SEYİDAĞA

Oxşar xəbərlər