“Azərbaycan-Türkiyə təlimləri müharibə hazırlığıdır”

  • 02 may 2017, 09:04

Azərbaycan-Türkiyə ortaq hərbi manevrləri ermənilərdə təlaşlı reaksiya doğurdu; düşmən ölkə analitikləri Bakı və Ankaranın mümkün hərbi planlarını hesablamağa çalışır; erməni politoloq: "Hərbi təlimlər adı ilə sərhədə qoşunlar yığıla və istənilən an "hücum” əmri verilə bilər...” 

Mayın 1-də başlayan Azərbaycan-Türkiyə ortaq təlimləri sübhə yox ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Bunun özü də regionda hərbi balansın düşmən qüvvələrin, işğalçı Ermənistanın xeyrinə pozulmaması üçün mühüm əhəmiyyət kəsb edir.

Təlimlər, artıq bəyan edildiyi kimi, iki qardaş ölkə Silahlı Qüvvələri arasında koordinasiya və uzlaşdırmanı, gələcək əməliyyat planlarını daha effektli şəkildə hazırlamağı nəzərdə tutur ki, bu da öncəliklə Azərbaycan ordusunun döyüş qabiliyyəti və bacarığının daha da artmasına öz qiymətli töhfəsini verəcək.

Şəksiz ki, ortaq təlimlərdən dolayı nəticələri, bu və digər məqamları, gözləntiləri hamıdan çox işğalçı Ermənistan narahatlıqla izləyir. Onu da nəzərə alsaq ki, budəfəki hərbi manevrlər Türkiyədə deyil, Azərbaycanda keçirilir, təcavüzkar tərəfin təlaşı ikiqat anlaşılar. Doğrudur, Azərbaycan-Türkiyə təlimlərinin konkret harda keçirildiyi bildirilmir. Ancaq erməni üçün nə fərqi - bu təlimlər Naxçıvanda da olsa, o, payını götürəcək, Qarabağda da.

***

[thumb=left]http://demokratik.az/uploads/posts/2017-05/1493701417_485.jpg[/thumb

Artıq düşmən tərəfdən Azərbaycan-Türkiyə birgə təlimləri ilə bağlı şərhlər gəlməyə başlayıb. Məsələn, Musavat.com-un məlumatına görə, 1in.am nəşrinin təhlilçisi Aram Sərksiyan bu xüsusda yazıb: "Məntiq deyir ki, birgə təlimlər Naxçıvanda keçiriləcək. Hansı bölgə ki, hazırda Azərbaycanın tərkibində olsa da, ora faktiki surətdə həmsərhəd Türkiyənin hərbi-siyasi təsiri böyükdür. Naxçıvanda Türkiyənin rəsmi şəkildə hərbi bazası yoxdur. Amma hamı bilir ki, bu ərazi hərbi planda çoxdan Türkiyə tərəfindən nəzarət edilir. Bu mənada təzəcə başlayan birgə təlimlər və bütövlükdə Naxçıvan istiqaməti Ermənistanın təhlükəsizliyi baxımından qulaqardı edilə bilməz - ələlxüsus da Ermənistan-Azərbaycan kontekstində”.

Diqqətçəkicidir ki, bir sıra erməni və rusiyalı ekspertlər o fikirdədir ki, Azərbaycanın başlatdığı və intensivləşdirdiyi son hərbi təlimlər (16-21 aprel, 1-5 may) Bakının Qarabağ istiqamətində yeni hücuma hazırlıq xarakteri daşıyır. Musavat.com-un məlumatına görə, politoloq Aleksandr Kananyan da bunu istisna eləmir.

"İstisna deyil ki, Azərbaycan tərəfi təlim bəhanəsi ilə öz qoşunlarını Qarabağla sərhədə çəkir ki, hücuma başlasın. Təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin iştirakı Ermənistan üçün daha həyəcanlı məqamdır. Hərçənd Türkiyə tərəfi təlimlərdə müstəsna olaraq təlimatçı qismində iştirak edir, yoxsa döyüş vahidləri və hərbi heyətlə - bizdən ötrü elə də yenilik deyil. Hər necə olmasa, qlobal planda Türkiyə və Azərbaycan - birgə regional siyasət aparan subyektlərdir”, - deyə Kananyan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi son təlimlərə xüsusi diqqət ayırmalıdır: "Və bu günlər erməni ordusunun döyüş hazırlığı çox yüksək olmalıdır. Ona görə ki, çox vaxt təlimlər müharibənin xəbərçisi, ön hazırlığı olur. Nəzəri cəhətcə də mümkündür ki, hərbi təlimlər adı ilə qoşunlar sərhədə yığılacaq. Ona görə ki, istənilən halda rəqib üçün (Azərbaycan üçün - red.) hərbi təlimlər - qorxu, panika səpmək üçün bir vasitədir. Təlim bəhanəsi ilə sərhədə atılmış qoşunlar qəfildən birbaşa hərbi əməliyyatlara başlamaq əmri ala və ya başqa varianta keçə bilər. Unutmaq lazım deyil ki, hərbi təlimlər keçirilən günlərdə təmas xəttində diversiya sızmaları və təxribatlar xüsusilə çoxalır. Hərçənd bu da yeni bir şey deyil. Biz öz ordu quruculuğumuzla məşğul olmalı və aydın şəkildə dərk etməliyik ki, bizim Türkiyə və Azərbaycan timsalında dövlətimizin mövcudluğuna dözməyən qonşularımız var”.


***


Göründüyü kimi, iki qardaş ölkənin təzəcə başladığı birgə təlimlər işğalçı tərəfdə az qala panik ovqat yaradıb. Bu vəziyyətin, daha dəqiqi, bölgənin sürətlə hərbiləşdirilməsinin əsas baiskarı isə əlbəttə ki, işğalçı Ermənistandır, az qala bütün qonşularına qarşı ərazi iddiaları ilə yaşayan erməni siyasiləri və onlara dəstək verən erməni toplumudur. Belədə gərək ermənilər də düşmən dövlətlərlə əhatələnməyə təəccüblənməməliidr.


O ki qaldı Azərbaycan və Türkiyənin guya Ermənistan dövlətini gözü götürməməyinə, əvvəla, Ermənistan adında müstəqil, suveren bir dövlət varmı ki, hələ üstəlik, onu kimsə gözü götürməyə? Məgər bu "dövlət” müqavilə ilə 2047-ci ilə kimi Rusiyaya özünü könüllü icarəyə verməyib ki? Ermənistan Rusiyanın vassalı, marioneti, ucqar quberniyası deyil ki?


İkincisi, Ermənistan gerçəkdən də dövlət olaraq özünə etibarlı təhlükəsizlik zəmanəti istəyirsə, bunu Rusiyadan yox, məhz Türkiyə və Azərbaycandan almalıdır. Yolu bəlli. Bu zəmanəti Moskva heç vaxt İrəvana verməyəcək. Necə ki, 27 ildir vermir. Odur ki, seçimi erməni xalqı eləməlidir: ya o, Rusiyadan əbədi vassal asılılığında, dövlətsiz-filansız, miskin mövcudluğu davam etdirmək, ya da əsas qonşularla - Azərbaycan və Türkiyə ilə nəhayət, sivil əlaqələr qurub normal, çiçəklənən dövlətə çevrilmək və Rusiyanın girovluğundan qurtulmaq şansı bulacaq.


Siyasət şöbəsi

Oxşar xəbərlər