Kliçko İlham Əliyevə kitab hədiyyə edib
- 13 apr 2017, 19:38
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.
Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko ilə bu
yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlətimizin başçısı onun Azərbaycana
səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin
möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Əməkdaşlıq
və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlətimizin
başçısı İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək,
paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri
ilə yaxından tanış olmaq üçün imkan yaratdığını dedi.
Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər
Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını
və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, bu
səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın
genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü dedi.
Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində
Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini
hədiyyə olaraq Prezident İlham Əliyevə təqdim etdi. Qeyd edək ki, dövlətimizin
başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.
Demokratik.Az