Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
Əziz həmvətənlər.
2016-cı il tarixdə qalır. 2016-cı il ölkə
iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı
dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə
davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə
aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir
vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa
bilərdik və buna nail olduq.
Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya
bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli
iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər
açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin
qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır.
Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir.
Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm
siyasi müstəqilliyimizi müəyyən edir.
2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə
icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində
yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq
ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz
artmışdır.
Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan
2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul
etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində
atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi
istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi
nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı
ilə bu boşluğu bərpa edə bilərik.
2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da
möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə
qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan
beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə
bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir.
Qondarma "Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa
yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir.
Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət
göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər
qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.
2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə
qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal
edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni
silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr
vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad
edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.
Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət
eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir.
Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad
edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan
bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti
öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir.
Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir.
Bu qələbə münaqişənin həllini yaxınlaşdırır.
2016-cı ildə bizim böyük idman qələbəmiz də
olmuşdur. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışdır. 18
medal qazanaraq Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir
və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan
dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan
Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində 2-ci, müsəlman aləmində
isə 1-ci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə
xalqımızın, dövlətimizin gücünü göstərir.
Bu il biz müstəqilliyimizin 25 illiyini qeyd
edirdik. Hərbçilərimiz, idmançılarımız bu bayram ilində bizə qələbə sevinci bəxş
etmişlər.
2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli
addımlar atılmışdır. "Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində
ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət
Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar
qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha
vurğulamışlar. "Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi
ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir.
Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət
görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə
aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir.
Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də
müəyyən edilmişdir və beləliklə, "Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr
arasında təkcə "Şahdəniz” layihəsi deyil, eyni zamanda, "Abşeron” qaz yatağı da
olacaqdır.
Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi
istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb
nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin
istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək
olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə
düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün
işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq
ki, bu iki önəmli magistral tezliklə işə düşsün.
2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir.
Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit-pollar referendumun rəsmi
nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki,
referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu
olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini
tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən
böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz
minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm,
bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın
maraqları layiqincə qorunsun.
2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan
edilmişdir. Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir.
Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin,
etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə
yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində
müstəsna rol oynayan bir ölkədir.
Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik
Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara
ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların
arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır.
Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı
və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm,
sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun!
Demokratik.Az