"...Ölkə təhlükəsizliyinə daha etibarlı təminat yaratmalıyıq"

  • 10 iyul 2016, 14:45
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

 

DTX-nin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, qurumun rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir: 

"Ölkənin təhlükəsizliyinə cavabdeh şəxslərin yüksək keyfiyyətlərə malik olması, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi  mərhum prezident Heydər Əliyevin  əsas tövsiyəsi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı tarixi sərəncama əsasən ölkəmizin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə bu təhsil müəssisəsi yaradılıb. Ümummilli liderin adını şərəflə daşıyan Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bu baxımdan, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmaları, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələri ümummilli lider Heydər Əliyevin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisidir".
 
M. Quliyev qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir, bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə bizi ölkəmizin təhlükəsizliyinə daha etibarlı təminat yaratmağa səfərbər edir. 

"Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Ümid edirəm ki, ümummilli liderin  adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər".

DTX rəisi təntənəli mərasim iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevi əmin edib ki, bu gün sıralara qoşulan gənc zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.

M. Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibəti ilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Təntənəli mərasimin sonunda M. Quliyev məzunların valideynləri ilə görüşüb.

 

Demokratik.Az

Oxşar xəbərlər