PLAGİARİZM, YOXSA KOMPİLYASİYA - Mənbələrə sitat verməyən kompilyator tipik plagiatordur

  • 11 iyun 2019, 17:00

İdris Abbasov

Plagiat ədəbi fəaliyyətin çirkli, rəzil, təhlükəli və dağıdıcı formasıdır. Plagiatla məşğul olan şəxs mətn istinadlarının istifadəsinə aid əsas qaydaları pozur. Bu ədəbi oğrular başqasının sözlərini, yaxud fikirlərini özlərinki kimi mənimsəməyə cəhd edərək faydasız oğurluq fəaliyyəti ilə məşğul olurlarlar. Bill Marş Elmi məqalə müəllifləri üçün sorğu kitabına istinadən plagiarizmin mənasını izah edir. Plagiatlıq latınca plagiarius sözündən olub başqasının intellektual mülkiyyətinin qanunsuz qəsbini ehtiva edən "dələduzluq forması” kimi xarakterizə olunur. Aleksandr Lindey plagium sözünün Roma hüququnda "kölə oğurluğu”, yaxud "saxlamaq və ya satmaq məqsədilə adam oğurluğu” (insan alveri) mənasını verdiyini deyir. Bir çox mənbələr təsbit edir ki, latınca plagiarius sözünü "ədəbi oğurluq” mənasında ilk dəfə eramızın 1-ci əsrində Roma şairi Markus Valerius Martialis (Mark Valeri Marsial) işlədib. Deməli, plagiatçı aldatma yolu ilə başqasına məxsus ədəbi kontenti (möhtəvanı) oğurlayana deyilir. Zorakılıq yolu ilə başqasının intellektual mülkiyyətini talayan kəslər "öz allahsız həyat tərzinə görə” cəzalandırılmalıdırlar.

Latın dilindəki plagium (lat.plagium – qul halına salma, baş¬qasının qulunu oğurlama, hətta uşaq oğurluğu və s.) sözündən olan plagiat termini ingilis dilində plagiarism, italyan dilində plagio, fransız, alman və azərbaycan dillərində plagiat kimi ifadə olunur. Bəzi ölkə qanunvericiliyində müəllif hüquqlarının pozulması (plagiatlıq) oğurluq cinayəti ilə eyniləşdirilir. Bu baxımdan cə¬zanın müəyyənləşdirilməsi və hər iki cinayət halının bərabərləş¬diril¬mə¬si ətrafında müzakirələr gedir.

Plagiarizm, daha çox, müəllifə qarşı törədilmiş cinayət, müəllif hüququna qəsd kimi qiymətləndirilir.

Plagiarizm çox vaxt fərqli adlarla göstərilir, məsələn: əmanətə xəyanət, qüsurlu sitat, müəllif hüququna qəsd, ədəbi oğurluq, imitasiya, dələduzluq, intihal və s.

Ənənəvi müəlliflik dəyərlərinə və müəllifə bağlı iqtisadi dəyərlərə təhdid kimi təsvir olunan plagiarizm bəziləri üçün əbədi problem yaradır. Çünki o, plagiatçının oğurlamasına baxmayaraq, mülkiyyət, sahiblik, konvensiya, qanun, təhsil, texnologiya, daha geniş mənada, sosial və etik kodekslər haqqında məsələləri gündəmə gətirir. Ədəbi sui-stifadənin bu konkret növünü müəyyənləşdirmək, aşkara çıxarmaq, qarşısını almaq və müvafiq cəza tətbiq etmək üçün bir sıra üsullara (hüquqi, etik, estetik və s.) müraciət etmək lazımdır.

Əski yazarlar plagiarizmin bir çox nümunələrini göstərməklə onun etik və əxlaqi tərəfləri ilə də maraqlanırdılar. Eramızdan əvvəl 1-ci əsrdə qədim Roma arxitektoru M.Vitruvi (Marcus Vitruvis Pollio) ədəbi oğruları mühakimə edirdi. O, vaxtilə plagiarizmlə məşğul olduqları üçün ölüm cəzasına məhkum edilmiş keçmiş müəllifləri xatırladırdı. Belə ki, başqalarının əsərlərinin üzünü köçürüb öz adlarına nəşr etdirən şəxslərin mühakiməsi qaçılmazdır.

Müasir leqal sistemlərdə plagiarizm və intellektual mülkiyyət məfhumları çox vaxt üst-üstə düşsələr də, tamamilə sinonim kateqoriyalar deyildirlər.

Paris Sorbon Universitetinin professoru, doktor Berna Löqra (Bernard Legras) plagiarizm haqqında apardığı tədqiqatlarında "plagiator”un "oğru” (yun.κλέπης – klepis), "plagiat”ın isə oğurluq (yun.κλοπή – klopi) ” olduğunu təsbit edir.

Rolan dö Şodönenin "Lüğəti”ndə kompilyasiyaya paradoksal yanaşmanın müasir nümunəsini görürük: Kompilyator az tanınan, yaxud unudulmuş mənbələrdən fikirləri, anlayışları və faktları tapır, onları bir-birilə qarşılaşdırır, seçir və həmin biliklərin daha geniş oxucu kütləsinə çatmasını təmin edir. Əlbəttə, kompilyator bu prosesdə mənbələrə sitat vermirsə, artıq kompilyator olmaqdan çıxıb tipik plagiatçıya çevrilir.

Dünyada elmi etika deyilən bir şey vardır. Hətta 1997-ci ildə Böyük Britaniyada təsis olunmuş Elmi nəşrlərin Etikası üzrə Komitə (COPE — Committee on Publication Ethics) fəaliyyət göstərir.

Ölkəmizdə isə intellektual mülkiyyətin qorunması ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi məşğul olur.

Belə qənaətə gəlinir ki, el¬mi işin imitasiyası olan plagiarizmin nəinki elmə zərrə qədər faydası yoxdur, hətta o, sağlam elmi rəqabət mühitini öldürür, dövlətin elm potensialını zədələyir, ümumiyyətlə, insan cəmiyyətinin inkişafına mane olur. Ona görə də, plagiatlığa qarşı mübarizə elmin özünün mövcudluğu və bəşəriyyətin gələcəyi naminə mübarizədir. Bu sinsimiş "virus”a qarşı mübarizə aparmaq hər kəsin insanlıq borcudur.

Oxşar xəbərlər