Putinin azərbaycanlı dostu “Beynəlxalq Mahmud Kaşqari” mükafatı aldı

  • 22 sen 2017, 16:22

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan klubu”nda Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən verilən "Beynəlxalq Mahmud Kaşqari” müşakafatının növbəti təqdimetmə mərasimi keçirilib.

Musavat.com-un məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Beynəlxalq Mahmud Kaşqari Fondunun baş katibi Elxan Zal bildirib ki, Türk dünyasına xidmətə görə verilən bu mükafat 2007-ci ildə təsis edilib və Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən verilir: "Bu mükafatın verilməsində əsas məqsəd Türk birliyinin, Türk mədəniyyətinin inkişafı ideyasına dəstək verməkdir. "Beynəlxalq Mahmud Kaşqari” mükafatı artıq 10 ildir ki, verilir və Türk dünyasının fikir adamları, ziyalıları tərəfindən yüksək qiymətləndirilir. Bu vaxta qədər mükafatçılar sırasında Süleyman Dəmirəl (Türkiyə), Oljas Suleymenov ( Qazaxıstan) Sabit Dosanov (Qazaxıstan), Omar Sultanov (Qırğısıztan), Ramiz Əskər, Abel Məhərrəmov, Sabir Rüstəmxanlı, Hikmət Babaoğlu kimi tanınmış şəxslər var. "Beynəlxalq Mahmud Kaşqari” mükafatının növbəti laureatları yalnız Türk dünyasında deyil, ondan çox-çox  uzaqlarda tanınan iki böyük şəxsiyyət, Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Məmmədhəsən oğlu Rəhimov və Xəzər  Regionu Ölkələri  Beynəlxalq Fondunun prezidenti, xalq yazıçısı Çingiz Abdullayevdir”.

Daha sonra mükafatların təqdimat mərasimi başlayıb. E.Zal ilk olaraq mükafatı professor İlham Rəhimova təqdim edib. O, bildirib ki, Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsində göstərdiyi xidmətlərə görə İlham Rəhimov "Beynəlxalq Mahmud Kaşqari” mükafatına layiq görülüb.

İlham Rəhimov çıxış edərək mükafat üçün öz təşəkkürünü bildirib. Bir çox ölkələrdə mükafatlara layiq görüldüyünü deyən İlham Rəhimov, "Beynəlxalq Mahmud Kaşqari” mükafatının Azərbaycanda aldığı ilk mükafat olduğunu vurğulayıb: "Azərbaycanda birinci dəfədir ki, mükafata layiq görülürəm. Kaşqari mükafatı mənim üçün ən dəyərli mükafatdır. Çünki bu, mənə vətənimdə verilib”.

Daha sonra isə mükafat Çingiz Abdullayevə təqdim olunub. Yazıçı çıxış edərək, mükafat üçün öz təşəkkürünü bildirib:"İnandırım sizi ki, 3 gündür xahiş edirdim ki, bu mükafatı mənə verməyin. Çünki hesab edirəm ki, bu, böyük mükafatdır və düşünürdüm ki, başqa yazıçılara versinlər. Çünki mənim aldığım mükafatlar çoxdur. Doğrudan da mən də hesab edirəm ki, Azərbaycanda, öz vətənində sənə qiymət veriləndə bu, hər şeydən üstün olur. Fəxr edirəm ki, bu mükafatı alanlar siyahısındayam”.

Onun ardınca çıxış edən xalq şairi Sabir Rüstəmxanlı mükafat alanları təbrik edərək, onların Azərbaycanla bağlı xidmətlərindən danışıb: "Görkəmli yazıçımız Çingiz Abdullayevi, Azərbaycanda, Rusiyada hüquqla bağlı çox dəyərli əsərləri ilə tanınan, hüquq ədəbiyyatı sahəsində bir hadisəyə dönən İlham Rəhimovu da təbrik edirəm. Yazıçılar Birliyinin verdiyi mükafat çox ciddi bir hadisədir. İndi mükafatı az qala qəzet, jurnal buraxmağa döndəriblər. Ancaq bu, sıradan bir mükafat deyil. Məncə indiyə qədər bu mükafat layiqli adamlara verilib. Bu gün də son dərəcədə dəyərli iki şəxsə verilir. Çingiz Abdullayevin gözəl tərəfi odur ki, rusca yazsa da bütün düşüncəsi Azərbaycanladır. O, getdikcə daha çox Azərbaycana bağlanır və bizim mədəniyyətimizin daşıcısına çevrilir. Bu gün bizim dünya ilə bağlı münasibətlərimiz şəxslərdən asılıdır. Millətin özü də şəxslərdən formalaşıb. Güclü şəxsiyyət varsa, güclü millət də var. Ona görə də millətlərin də münasibətlərini ayrı-ayrı adamlar müəyyənləşdirirlər. Ümumi Rusiya-Azərbaycan dostluğu deyilən bir şey yoxdur. Bu mənada İlham qardaşımız Rusiya ilə qurulan körpülərimizdən biridir. Bəzi şəxslər var ki, onlar Rusiyaya tənzim edib, onları yenidən bu vətəndə görmək istəyirlər. 20-ci illəri unudan, bütün son 200 ili unudan nəslin qabağında İlham Rəhimov son dərəcə parlaq bir şəxsiyyətdir. Çünki Rusiya-Azərbaycan münasibətlərini bərabər səviyyədə görür. Öz şəxsiyyəti ilə bildirir ki, biri əzib, digəri əziləndə dostluq olmaz. Qardaşlıq bərabər olmalıdır. Bütün bunların hamısı haqqında hüquq dili ilə danışır. Rusiya bizim böyük qonşumuzdur və onlarla münasibətləri korlamaq qətiyyən olmaz. Əksinə, getdikcə münasibətlərimizi genişləndirməliyik. Bütün bunları ləyaqətlə, dövlət maraqlarını qoruyaraq etmək lazımdır. İlham bəy də məhz bu yolu tutub. Ona görə də İlham Rəhimova öz təşəkkürümü bildirirəm”.

Daha sonra çıxış üçün söz şair, tərcüməçi Çingiz Əlioğluna verilib. Ç.Əlioğlu da mükafatçıları təbrik edərək, onların gördükləri işlərin miqyası və faydaları barəsində danışıb.

Çingiz Abdullayev də çıxış edərək, professor İlham Rəhimov barəsində fikirlərini səsləndirib: "İlham müəllim böyük insan, alimdir. Onu xeyli sayda ölkədə tanıyırlar. Şəxsən bilirəm ki, İlham Rəhimova neçə ölkədə fəxri ad verilib və kitabları çıxıb. Bilirəm ki, onun dərsliklərini bir çox ölkələrdə tələbələr oxuyurlar. Bununla mən də fəxr edirəm ki, bizim belə böyük hüquqşünasımız var. Belə azərbaycanlılarımızla fəxr edirəm”.

Ardınca çıxış edən həkim Seyfəddin Əsəd çıxış edərək, öz ürək sözlərini bildirib.

Əli Rais,









 


 

Oxşar xəbərlər