Azərbaycanlı xanəndə beynəlxalq müsabiqədə birinci oldu

  • 31 avq 2019, 23:40

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" XII Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Oxu.Az xəbər verir ki, nüfuzlu musiqi festivalında dünyanın 75 ölkəsindən 340 sənətçi iştirak edib.

UNESCO-nun Baş direktoru, xanım Odri Azule festivalın təntənəli bağlanış mərasimində laureatları təbrik edib, musiqiçilərə isə müvəfəqiyyətlər arzulayıb.

Azərbaycandan gələn gənc, istedadlı xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının "Komuzçular" dueti birinci mükafata layiq görülüb. İfaçını festival səhnəsində Əməkdar artist Malik Mansurov (tar), Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

"Şərq təranələri" XII Beynəlxalq Musiqi festivalının münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də olub.

Xanəndə Pərviz Qasımov festivaldan qazandığı mükafatlarla birgə foto paylaşaraq sevinc hisslərini belə ifadə edib:

"Bu Azərbaycanın qələbəsidir. Yaşasın bizim milli sərvətimiz olan muğam".

Oxşar xəbərlər